Məhkəmə qərarları › İş №2(044)-2889/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2889/2021

08.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2889/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik və məcburi pay almaq hüququndan məhrum edilmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vərəsə olması və məcburi pay almaq hüququnun ləğv edilməsi üçün barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun oğludur. Onlar bir valideyn kimi oğlanlarının savadlı, tərbiyəli biri olması üçün çalışsalar da, Şirin dərslərini yaxşı oxumamış, onların ümudini doğrultmamış və ali məktəbə daxil olmamışdır. Daha sonra onlar Şirinin qiyabi ali təhsil almasına nail olmuşlar. O, hərbi ximətini Moskva şəhərində tikinti batalyonunda keçməsinə və hərbi xidmətdə olarkən asan (ağır olmayan) hissədə iş icrası kimi işləməsinə nail olmuşlar. Hərbi xidməti başa vurduqdan sonra Şirin Azərbaycanda yox, Rusiya Federasiyasında işləmək istəmiş və ora gedib orada qızla tanış olub həmin qızı Azərbaycana gətirmiş, onlar həmin qızla el adət yolu ilə onu evləndirmişlər. Ailəsi uşağı olmasına baxmayaraq Şirin öz tüfeyli həyatından əl çəkməmiş, hara işə girmişsə, oradan evə bir manat gətirməmişdir. Onun ailəsinə, ata, anasına vurduğu maddi və mənəvi zərər nəticəsində onun anası şəkər xəstəliyinə tutulub vəfat etmişdir. Şirinin pul qazanması üçün bir at akimi ona Gəncə şəhərində çörək sexi daha sonra heyvandarlıqla məşğul olmaq üçün təsərrüfat yaratmış, o, bunların heçbirində işləməmiş, dəfələrlə Rusiya Federasiyasına getmiş, orada da qardaşının hesabına yaşayıb sonra kor peşman qayıtmışdır. Şirin onu, öz bacısı və onu kimi bir neçə ailə üzvlərini müxtəlif vaxtlarda döyüb söymüşdür. Sonuncu onu döydüyü üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 3(044)-684/2019 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. X4 Mərkəzinə sədr , daha sonra ovçuluq malların satışı üçün Gəncə şəhərində H.Əliyev prospektində iki otaqlı obyekt alıb, onu əsaslı təmir elətdirmiş, mağazada lazım olan malları satmaq üçün qohumu Zahid Həsənovdan 7000 ABŞ dolları borc almışdır. Şirinin işləri evi üçün ümumilikdə ondan 124800 ABŞ dolları pul almış geri qaytarmamışdır. Hazırda ona aid olan evə də göz dikmişdir. Onun 3 övladı iki əmlakı vardır. Hesab edir ki, Şirinə yetərincə pul xərcləyib, ona evdən pay vermədiyi üçün onu ölümlə hədələyir. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclas zalında iddia tələbini qəbul etmədiyini bildirmişdir ki, o, bir övlad kimi ata və anasına həmişə yaxı münasibətdə olmuşdur. Atası hamıya qarşı qəddar münasibətdə olmuş, onun qəddarlığından qohumları həmişə şikayətçi olmuşdur. Atasının yaşadığı evi anasının və qaynansının köməkliyi ilə o, almışdır. O, heç vaxt atasını ölümlə hədələməmişdir. O, heç vaxt valideynlərinə qarşı hörmətsizlik etməmiş, təhqir etməmiş, onlara qarşı hər hansı əxlaqsız hərəkətləri olmamışdır. Atası ona valideyn olaraq daim dəstək olmuş, lakin sonradan yaşlandığı üçün ona qarşı münasibəti dəyişmişdir. Sonda o, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 3(044)- 684/2019 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 manat məbləğində inzibati cərimə edilmişdir. - X1 18.05.221-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, bildirmişdir ki, 2005-ci ildə Bakı şəhərində toy məclisində olarkən professor İddiaçı ondan xahiş etmişdir ki, Cavabdeh pul lazımdır, ona pul vermək üçün kömək lazımdır. Qurban müəllim etibarlı, hörmətli, tanıdığı insan olduğu üçün onun xahişinə görə tanış yoldaşlardan da boc alaraq Cavabdeh 7000 ABŞ dolları vermiş və düşünmüşdür ki, qısa müddətdə Şirin borcunu qaytara. Lakin təxminən 4 ay keçməsinə baxmayaraq Şirn aldığı borcu qaytarmamışdır. Təxminən bir neçə müddətdən sonra ona pul lazım olduğuna görə Qurban müəllimlə görüşmüş və bu barədə ona məlumat vermişdir ki, mümkündürsə Şirinə verdiyi pulu verin. Bundan sonra Qurban müəllim az-az verərək oğluna verdiyi 7000 ABŞ dollarını ona qaytarmışdır. O, koronaviris xəstəliyi ilə əlaqədar ağır xəstə olduğu üçün Bakı şəhərindəki xəstəxanada uzun müddət müalicə aldıqdan sonra Gəncə şəhərinə qayıtmış və hazırda ev şəraitində müalicə alır. Odur ki, məhkəmə iclasında iştirak etmək imkanı olmadığına görə üzrlü hesab etməyini və ərizəsində göstərilənləri nəzərə almağı xahiş edirəm. - X2 verilmiş X3 Mərkəzinin 26 aprel 2021-ci il tarixli 240 nömrəli arayışından görünür ki, xəstə 03 mart 2018-ci il tarixdən 13 mart 2018-ci il tarixinədək müalicə olunmuş və həmin müddətdə müayinə və müalicə üçün 7176 manat ödəniş etmişdir. - 19.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2018-ci il tarixdə arvadı vəfat edərkən, Təbriz marketdən 5000 manat dəyərində ərzaq və şirniyyat məhsulları almışdır. Məhkəmə tərəflərin izahatnı dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Çünki iddiaçı cavabdehlə münasibətlərinin qeyri-səmimi olduğunu, cavabdehin onu daim incidiyini, onu ölümlə hədələdiyini, əxlaqsız hərəkətlər etdiyini bildirsə də, bu faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin bu hallar məhkəmə tərəfindən təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyə əsasən vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda miras qoyan öz sağlığında vərəsəni məhkəməyə müraciət etməklə məcburi pay almaq hüququndan məhrum edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. - 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. - 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. ...... Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. ...... Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.” . Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı oğlunun ona qarşı yol verdiyini iddia etdiyi əməllər məhkəmə tərəfindən təsdiq olunmamışdır - bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı vərəsəlik və məcburi pay almaq hüququndan məhrum edilməsini tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik və məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar