Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-295/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun Gəncə şəhəri, Nizami rayonu, X10 prospekti, bina 6, 19 saylı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 03 mart 2009-cu il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Həmin nikahdan 12.06.2009-cu il təvəllüdlü X3, 12.01.2012-ci il təvəllüdlü X1 və 04.10.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. O, cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X10 prospekti, bina 6, mənzil 19 ünvanına rəsmi nikah bağlanmamışdan əvvəl, yəni el adəti ilə ailə qurduqları vaxt-25 dekabr 2006-cı il tarixdən gəlin köçmüşdür. Həmin tarixdən 21 mart 2021-ci il tarixədək cavabdeh və uşaqları ilə həmin mənzildə yaşamaqla birgə təsərrüfatı idarə etmişdir. Bütün cehiz, mebel və digər əşyaları, özünün və övladlarının paltarları həmin mənzildədir. Eləcə də 27 aprel 2009-cu il tarixindən orada pasport qeydiyyatındadır. Bundan əlavə, övladları ataları ilə birlikdə faktiki olaraq həmin mənzildə yaşayırlar. Həyat yoldaşı ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonralar münasibətləri pozulduğundan və birgə nikahlarının davam etdirilməsi mümkünsüz olduğundan ayrılmaq qərarına gəlmişdir. Nikahlarının pozulması ilə bağlı məhkəmə işi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Bundan sonra, yəni 21 mart 2021-ci il tarixindən cavabdeh onu sözügedən mənzildən zorla çıxararaq orada yaşamağına icazə verməmişdir. Uşaqlarını isə öz yanında saxlamışdır və hazırda cavabdeh ilə birlikdə həmin mənzildə yaşayırlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1392/2021 saylı 23 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilmiş onun uşaqlarla ünsiyyət hüququnun belə həmin mənzildə reallaşmasına imkan vermir. Belə olduğu təqdirdə yeganə əlacı məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə hazırkı iddianı qalmırmaqdır. Göstərilənləri əsas gətirib, onun Gəncə şəhəri, Nizami rayonu, X10 prospekti, bina 6, 19 saylı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, İddiaçı uşaqları ilə kobud rəftar etdiyindən və uşaqların analarını istəmədiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 16.03.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 06.11.2013-cü il tarixdə X4 anadan olmuşdur. 16.03.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 12.06.2009-cu il tarixdə X3 anadan olmuşdur. 16.03.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 12.01.2012-ci il tarixdə X1 anadan olmuşdur. 16.03.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh ilə X2 03.03.2009-cu il tarixdə nikahlarını bağlamışlar.Nikahdan sonra arvada Hacıbəyova soyadı verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1392/2021 saylı 23 avqust 2021ci il tarixli qərardadına əsasən İddiaçı ana kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün hər həftənin bazar günü 12.06.2009-cu il təvəllüdlü X3, 12.01.2012-ci il təvəllüdlü X1 və 04.10.2013-cü il təvəllüdlü X4 ilə saat 11:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olması üçün görüş günü müəyyən edilmişdir. 11.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X10 prospekti, bina 6, mənzil 19 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurub cavabdehin evinə gəlin köçmüş, onların birgə nikahlarından 12.06.2009-cu il təvəllüdlü X3, 12.01.2012-ci il təvəllüdlü X1 və 04.10.2013cü il təvəllüdlü X4 adlı üç uşaqları anadan olmuş və həmin ünvanda yaşamışlar. Hazırda iddiaçıya məxsus cehiz əşyaları mübahisəli mənzildə yerləşir və iddiaçı yaşadığı evə cavabdehin törətdiyi maneələrə görə köçüb yaşaya bilmir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evdə yaşamaq hüququna malikdir və o, həmin hüquqdan mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beləliklə məhkəmə tətbiq olunmalı olan hüquq normalarına əsaslanaraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 2006-cı il tarixdən Gəncə şəhəri, Nizami rayonu, X10 prospekti, bina 6, mənzil 19 ünvanında uşaqları ilə yaşamış və həmin evdə cavabdehlə birgə təsərrüfat idarə etmişdir. İddiaçıya məxsus olan cehiz əşyaları hazırda həmin mübahisəli evdə qalmaqda davam edir. İddiaçının həmin tarixdən daim həmin evdə yaşamaqla təsərrüfat aparması, ona məxsus olan əşyaların da hazırda həmin ünvanda yerləşməsi evdə yaşayan bütün şəxslərə məlum olmuş və həmin vaxtlar cavabdeh tərəf buna qarşı hər hansı etirazını bildirməmişdir. İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X10 prospekti, bina 6, mənzil 19 ünvanda yerləşən evdə pasport qeydiyyatındadır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X10 prospekti, bina 6, 19 saylı mənzilə köçürülməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X10 prospekti, bina 6, 19 saylı mənzilə köçürülsün. Qətnamə təqdim olunan (alınan) gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-295/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-295/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver