Məhkəmə qərarları › İş №2(044)-2971/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2971/2021

30.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2971/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı «istifadə hüququnun tanınmasına və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək məhrum babaları X11 mülkiyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərimbəy Mehmandarov küçəsi, ev 12, mənzil 8 ünvanında yerləşən mənzilə o, İddiaçı1 və İddiaçı2, anaları X18 ilə birlikdə istifadə hüquqlarının tanınmasına və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən təkcə iddiaçıların Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərimbəy Mehmandarov küçəsi, ev 12, mənzil 8 ünvanında yerləşən mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən mənzili Kirovabad şəhər Kəpəz rayon XDS-nin İK-nin 21.06.1989-cu il tarixli 13 nömrəli protokolu ilə 794 nömrəli orderi ilə babaları X12 verilmişdir. Həmin mənzil Gəncə şəhər X6 və Mülkiyyət Hüquqlarınıın Qeydiyyatı İdarəsinin 06.01.2003-cü il tarixli 01 saylı qərarı əsasında X5nun adına özəlləşdirilmiş və bu barədə babasının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 yanvar 2003-cü il tarixli 15894 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. X5 05.04.2017 tarixdə vəfat etmişdir. Cavabdeh X1 oğlu, yəni digər cavabdeh ataları Cavabdeh2 ilə anaları X15 nikahı 18 mart 2000-ci il tarixdə Ukrayna Respublikasının, Luqansk vilayətinin Ədliyyə İdarəsi, Milovskiy rayonunun, Musiivskoy kənd radasında rəsmiləşdirilərək Dövlət reyestrində 1 saylı Aktla qeyd edilmişdir. Onların birgə nikahlarından xx.xx.2001 il tarixdə X19 və İddiaçı2 adlı əkiz uşaqları olmuşdur. Onlar 17 avqust 2008-ci tarixdən yuxarıda qeyd olunan ünvanda yaşamışlar. Həmin ünvandan 2019-cu il tarixdə həqiqi hərbi xidmətə yollanmışlar. Onların hər ikisi Azərbaycan Respublikasının vətəndaşları olaraq 2-ci Qarabağ döyüşlərində Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə vuruşmuşlar. Hər biri Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə fəal iştiraklarına görə və cəsur döyüşçü kimi 5 medalla təltif olunmuşlar. Valideynlərinin nikahları Gəncə şəhər Nizami rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli 2(044)-468/2020 saylı qətnaməsi ilə pozulmuşdur və onlar anasının himayəsindədirlər. Ataları Cavabdeh2 ilə anaları X18 nikaha daxil olduqdan sonra, babaları X11, nənələri X1 və ataları Cavabdeh2 razılığı ilə ünvan 1 ünvanda yerləşən evə gəlin köçüb və əşyaları həmin ünvana getmişdir. Onlar hazırda kirayədə yaşayırlar, bu səbəbdən də, məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.06.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X25 küçəsi, ev 12, mənzil 8 ünvanında yerləşən mənzil X1 adına qeydə alınmışdır; İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, iddiaçılar ünvan 4 ünvanında qeydiyyatdadırlar. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehlər izahatlarında göstərdilər ki, onlar iddiaçıların həmin evdə yaşamalarına etiraz etmirlər. Analarının isə həmin evə köçürülməsinə etiraz edirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçıların nümayəndəsinin, cavabdehlərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Kirovabad şəhər Kəpəz rayon X14 İcraiyyə Komitəsinin 21.06.1989-cu il tarixli 13 nömrəli protokolu ilə verilmiş 794 nömrəli order, Gəncə şəhər Mənzillərin Paylanması, Uçotu, İstismar Təmiri İdarəsinin 4 nömrəli İstismar Sahəsinin 21.06.2002-ci il tarixli 931 saylı arayışı, Gəncə şəhər 6 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh2 05.08.2002-ci il tarixli 7E-5-1675 saylı, X1 05.08.2002-ci il tarixli 7E-5-1674 saylı, X9 09.08.2002-ci il tarixli 7E-5-1727 saylı, X8 09.08.2002-ci il tarixli 7E-5-1726 saylı razılıq ərizələri, Gəncə şəhəri X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 06.01.2003-cü il tarixli 01 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Nizami rayonu, Qərb (hal-hazırda Əbdülkərim Mehmandarov) küçəsi, bina 12, 8 saylı mənzil (66.1 kvm dörd yaşayış otaqları, 31.2 kvm köməkçi sahə) X11 adına özəlləşmişdir və ona 09.01.2003-cü il tarixli 15894 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X16 iddiaçıların babası, cavabdehlərdən X4 iddiaçıların nənəsi, Cavabdeh2 isə iddiaçıların atasıdır.İddiaçılar 2008-ci ildəndir mübahisəli evə köçüb yaşamış, onların həmin evdə yaşamalarına evin mülkiyyətçisi olmuş Rzayev Nəriman tərəfindən hər hansı etiraz edilməmiş, Rzayeva Olqa ilıə Cavabdeh2 arasında bağlanılmış nikah 2020-ci ildə pozulmuş və iddiaçılar o vaxtadək həmin evdə yaşamışdır. Evin yeni mülkiyyətçisi olmuş iddiaçıların nənəsi də iddiaçıların həmin evdə yamamasına həmin dövrdə etiraz etməmiş və hazırda da iddiaçıların həmin evə köçərək yaşamalarına hər hansı etirazları yoxdur. Göründüyü kimi iddiaçılar 2008-ci ildə həmin evə köçərək yaşamışlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, yaşayış sahəsinə istifadə hüququna yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri: əri (arvadı); valideynləri və övladları; bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsilinin müvafiq müddəalarına uyğun olaraq, yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər (nənə(baba)-nəvə; bacı-qardaş və s.) malikdirlər. Göründüyü kimi iddiaçılar istər 2008-ci ildə həmin evə köçüb yaşayarkən X11, istərsə də hazırki mülkiyyətçi X1 yuxarıda təsbit edilmiş ailə üzvləri sırasına daxil olmuşlar və qarşılıqlı olaraq iddiaçıların onların saxlanılmasını tələb etmək hüquqları da mövcuddur. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə hesab edir ki, iddiaçıların həmin evə istifadə hüquqları tanınmaqla onlar həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədikləri evdə yaşayıblar, onların valideynləri arasında nikah pozulduqdan sonra onlar həmin evdə yaşamaqdan məhrum ediliblər. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İdidaçıların evdən istifadə hüquqlarının mövcudluğu yuxarıda göstərilmiş qaydada yaranmış, cavabdehlər də bu halı mübahisələndirmirlər. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar məhrum edildiyi evə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərimbəy Mehmandarov küçəsi, ev 12, mənzil 8 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmaqla həmin evə köçürülsünlər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar