Məhkəmə qərarları › İş №2(044)-3015/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-3015/2021

16.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3015/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qzının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Cavabdeh1, qızı Cavabdeh2, nəvələri Cavabdeh3 və Cavabdeh4 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ünvan 1 ünvanıda qeydiyyatda olmaqla yaşayır və həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzəridəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqularını tam həyata keçir bilmir. Belə ki, cavabdehlər göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatdadırlar. Qızı Tünzalə 20 ilə yaxındır ailə quraraq həmin evdən çıxmış, sonuncunun qızları Aytac və Ayşən heç vaxt həmin evdə yaşamamış, oğlu Rəvan isə 2017-ci ildən ailəsini onun yanına ataraq həmin evdən çıxmışdır. O, hazırda Rəvanın arvadı Şahid və nəvələri ilə birlikdə həmin evdə yaşayır. Cavabdehlərin həmin ünvanda formal olaraq pasport qeydiyyatında olmaqları onun əlavə kommunal xərcləri ödəməsinə və ona mülkiyyət hüquqlarından istifadə etməyə məhdudiyyət yaratdığından iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Şahid bildirmişdir ki, iddiaçı onun keçmiş qaynatasıdır. Halhazırda o, ərindən boşanmışdır və 2017-ci ilə kimi o, əri Rəvan, uşaqları və qayınatası Xəqani ilə birlikdə həmin evdə yaşamışlar. 2003-cü ildə o, həmin evə gəlin köçəndə Cavabdeh2 həmin evdə olmamış, ondan əvvəl həmin evdən çıxmış, sonuncunun qızları isə heç vaxt orda yaşamamışlar. Mülki iş materiallarında olan: - Gəncə Şəhər Baş Polis İdarəsinin 30.07.2021-ci il tarixli 120-22701İ-3221 saylı məktubunda qeyd edilmişdir ki, cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ondan ötəri ki, o, həqiqətən ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin ünvanda Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 adlı şəxslər qeydiyyatda olsa da, həmin evdə yaşamırlar. - Gəncə şəhəri, bina 32 mənzil 12, Yeni Gəncə, İnşaatçı kooperativi, Nizami rayonu, sahəsi 34.5 kv.m 31 yaşayış otağı, fərdi yaşayış fondu İddiaçı adına 15 may 1987-ci il tarixdə 77 saylı qeydiyyat kitabının 9296 sayı ilə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçını və şahidi dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehin mübahisəli evdən istifadə hüququ 2000-ci ildən əvvəl yarandığı üçün məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdehlər mübahisəli mənzildən uzun müddətdir çıxıb gedərək həmin mənzilə qayıdıb yaşamamışlar. Bu isə onların həmin mənzildən istifadə etməyə ehtiyacları olmadığını göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Məhkəmə hesab edir ki, cavabdehlərin uzun müddətdir çıxıb gedərək yaşamadıqları mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalmaqları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu Yeni Gəncə qəsəbəsi, ev 32, 12 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Sərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 32, 12 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar