Məhkəmə qərarları › İş №2(044)-3028/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3028/2020

24.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3028/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu, yəni İddiaçı azyaşlı uşaqları X2, X3 və X4 ilə birlikdə onlara məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAUnun 6 saylı yataqxanasının ətrafında yerləşən 1 otaqlı yaşayış evinə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh onun keçmiş əridir. Onun cavabdehlə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı üç uşaqları doğulmuşdur. Onlar ailə qurduqdan sonra Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasının ətrafında yerləşən 1 otaqlı yaşayış evi tikmişlər və cavabdehlə həmin evdə təxminən 5 il birgə yaşamışlar. Onlar birgə yaşadıqları müddətdə həmin evi hissə-hissə təmir etmişlər. Evin cəmi 1 otağı hazırdır, digər 3 otağı isə hazır deyildir. Onun özünə və uşaqlarına aid bütün əşyalar hazırda həmin evdədir. Onun cavabdehlə arasında olan mübahisələr onların boşanmasına səbəb olmuşdur. Bundan istifadə edən cavabdeh xx.xx.2020-ci il tarixdə evə sərxoş vəziyyətdə gələrək, onu və üç azyaşlı uşaqlarını evdən qovmuşdur. Hazırda o, bir azyaşlı uşağı ilə kirayədə yaşayır. Digər uşağına isə onun anası baxır. O, qeyd etmişdir ki, mübahisəli evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh məcburi köçkün kimi ev alması üçün sözügüdən evin sayğacını başqa şəxsin adına qeydiyyata salmışdır. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasının ətrafında yerləşən 1 otaqlı yaşayış evi onun kirvəsinə məxsusdur. Həmin evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. O, iddiaçı ilə birlikdə 3-4 il müvəqqəti olaraq həmin evə köçmüşlər. İddiaçı hazırda başqa şəxslə yaşayır. Onların uşaqları Gülüzar və Fatimə onunla birgə yaşayır. Həmin evdə iddiaçıya məxsus 2 döşək qalmışdır. Evin sahibi hazırda onu da evdən çıxarır və o, əşyalarını götürərək həmin evdən çıxacaqdır. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflərin izahatları və işdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə ailə qurmuş və onların faktiki nikahlarından üç uşağı dünyaya gəlmişdir. Onların birgə nikahda olduqları dövrdə 3-4 il yaşadıqları Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasının ətrafında yerləşən 1 otaqlı yaşayış evi özbaşına tikili olmaqla heç bir hüquq müəyyənedici sənədi yoxdur. Cavabdeh bildirdiyinə görə, həmin ev onun kirvəsinə məxsusdur. Hal-hazırda iddiaçı ilə cavabdeh arasında münaqişə mövcuddur və onların birlikdə mübahisəli evdə yaşamaqla bağlı mübahisələri mövcuddur. Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasının ətrafında yerləşən 1 otaqlı yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin, həmçinin nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Sadalanan qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyi evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar