Məhkəmə qərarları › İş №2(044)-3352/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3352/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3352/2021 15.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, oğlu Cavabdeh mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Gəncə şəhəri, M.Bağı, ev 12, mənzil 23 ünvanda qeydiyyatda olmaqla yaşayır və həmin mənzil onun xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehin günahı üzündən mənzilə sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququları tam həyata keçirə bilmir. Cavabdeh göstərilən mənzildə yaşamır, formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş 01.09.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh oğlunun Gəncə şəhəri, M.Bağı, ev 12, mənzil 23 ünvandan qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. 01.12.2017-ci il tarixli 305/4 saylı arxiv arayışından görünür ki, Kirovabad şəhər X2 İcrayə Komitəsi tərəfindən verilmiş İddiaçı adına 27.10.1976-cı il tarixdə 778 saylı order verilmiş və orderdə İddiaçı, Osmanov Osman, Osmanov İbrahim, Cavabdeh, Osmanov Tarif oğlunun adları qeyd olunmuşdur. 19.08.2021-ci il tarixdə ******* saylı arayışdan görünür ki, İddiaçı 13.11.2005-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X3, Cavabdeh, Osman-zadə Samir Osman oğlu, X1 ibarətdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Kirovabad şəhər X2 İcrayə Komitəsi tərəfindən verilmiş 27.10.1976-cı il tarixdə 778 saylı orderi ilə ünvan 3 ünvanda yerləşən dörd otaqlı, 59.85 kv.m mənzil iddiaçının və Osmanov Osmanın, Osmanov İbrahimin, Cavabdeh, Osmanov Tarifin sahiblik və istifadələrinə verilmişdir. Hazırda iddiaçı mübahisəli mənzildə yaşamaqla oradan istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Məhkəmə göstərir ki, cavabdehin mübahisəli mənzilə qanuni gözləntisi vardır. Çünki iddiaçının adına mübahisəli mənzilə dair verilmiş orderdə Cavabdeh adı ailə üzvü kimi qeyd edilmişdir. Bu amil onun mülkiyyətçi statusunun olmasında və hazırki iddianın təmin olunmamasına dəlalət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «istifadə hüququnun itirilməsinə» dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar