Məhkəmə qərarları › İş №2(044)-3416/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3416/2021

28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3416/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi SOS Uşaq Kəndləri Azərbaycan Asossiasiyası Gəncə filialının maraqlı şəxs Gəncə şəhər Nizami rayonu Qeydiyyat şöbəsinə qarşı «doğum faktının» təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi SOS Uşaq Kəndləri Azərbaycan Asossiasiyası Gəncə filialının direktoru X4 ərizə ilə məhkəməyə müraciət edərək 21 iyun 2014-cü ildə Gəncə şəhərində vəfat edən X2 26 fevral 2004-cü ildə Gəncə şəhərində anadan olmuş X1 atası, 03 yanvar 2017-ci ildə vəfat etmiş X3 isə X1 anası olması faktının müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş sənədlər məhkəmə tərəfindən araşdırılarkən müəyyən edildi ki, ərizə ona səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, göründüyü kimi ərizəni imzalayan şəxs SOS Uşaq Kəndləri Azərbaycan Asossiasiyası Gəncə filialının direktorudur. Halbuki, Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Mülki Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Göründüyü kimi filialların mülki-prosessual fəaliyyət qabiliyyəti olmadığından onlar müstəqil şəkildə məhkəmədə iddia qaldırmaq səlahiyyətinə malik deyildirlər. MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə isə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Bundan başqa da ərizənin məzmunundan göründüyü kimi ərizəçi faktın müəyyən edilməsini məhkəmədən xahiş edir. Bununla bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir;

3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Hesab edirəm ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yəni filial direktoru tərəfindən imzalandığından ərizə icraata qəbul edilmədən geri qaytarılmalı və ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1., 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ım: Ərizə və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar