Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3509/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi- X5, İddiaçı,onun nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi X2rşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi X2rşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin mərkəzin 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmrinin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi onun müəllim vəzifəsinə bərpa edilərək, işləmədiyi günlər üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli mühasib olaraq, 2010-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olmuş, 2015-ci tarixdə həmin Universitetin maliyyə ixtisası üzrə tam kursunu bitirərək, mühasib ixtisası almışdır. Bundan əlavə olaraq kompyuter proqramları üzrə akademiya kurslarında təlim keçərək sertifikat almışdır. Bakı şəhərində xüsusi kurs keçərək 1C mühasibatlıq proqramının bütün versiyalarını mənimsəmiş, xaricdə və Azərbaycanda kurslar keçərək sertifikatlar almışdır. O 2020-ci il iyul ayının 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə mühasib kimi analıq məzuniyyəti vakant yerinə işə qəbul olmuşdur.01 sentyabr 2020-ci il tarixdə müddətsiz müqaviləyə qol çəkərək daimi işə keçmiş, işlədiyi dövrdə Gəncə şəhəri Mikayıl Müşviq adına 14 saylı tam orta məktəbin mühasibi kimi çalışmışdır. Məktəbin direktoru Gülşən Məmmədəliyeva işlədiyi dövrdə nöqsanlı işləsə də daim mühasiblərlə problemləri olsa da onun əmək müqaviləsi daim uzadılıb. İşlədiyi dövrlərdə bir neçə mühasiblə işləyib. Lakin mühasiblər onunla bacara bilmədiyindən həmin məktəbdə onunla birgə işləməkdən imtina ediblər. O isə məktəb drektoru ilə işləməkdən qorxmamış və işinin öhdəsindən layiqincə gəlmişdir. Çətinliklər və qanun pozuntularına rast gəldikdə rəisi Fəraid Qəhrəmanovun qəbulunda olaraq ona bu haqda dəfələrlə məruzə etmişdir. O isə sərt şəkildə ona fikir bildirərək direktora qarşı haqsızlıq etdiyini söyləmişdir. Gəncə şəhər 14 saylı tam orta məktəbinin direktoru Gülşən müəllimə ilə danışıq zamanı isə ona düzgün işləməyi, əks halda ondan şikayət edəcəyini söylədikdə o, F.Qəhrəmanovun onun himayədarı olduğunu söyləyərək ona heç bir şey edə bilməyəcəyini söyləmişdir. O çıxış yolu olaraq 2021-ci il iyun ayında Təhsil Nazirliyinin nümayəndələrinin başçısı Vüqar İsmayılov olmaqla Kəlbəcər rayonunun Təhsil Şöbəsinin mühasibatlığını yoxlamaq üçün göndərilən heyətə şikayət ərizəsi ilə müraciət etmişdi. Şikayətinə baxılmadığı üçün əlacsız qalıb ona müraciət etmək məcburiyyətində qalmışdır. Fəraid Qəhrəmanov bundan xəbər tutan kimi ona zəng edərək təhdid etmiş, müqaviləyə xitam verəcəyini söyləmişdir. Bunu yoxlamalar eşidərkən ona bildirdilər ki, qorxmayın, şikayətinizi sonunadək müdafiə edin. O baş verənlər barədə Gəncə Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qəbulunda üç dəfə olmuşdur. Anar müəllimə bildirmişdir ki, sistemə müdaxilə edilərək onun adından korrupsiya hallarına yol veriblər. Anar müəllim şikayyətinə dərhal reaksiya verərək araşdırmalara başlamışdır. Lakin, F.Qəhrəmanov bundan qorxuya düşərək çarəni onu işdən uzaqlaşdırmaqda görərək onu qanunsuz olaraq işdən azad etmişdir.Onunla bilrikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində müddətli müqavilə ilə işləyən onlarla mühasib vardır.Hal-hazırda onlar da işləyirlər. İşlədiyi müddətdə dəfələrlə rəhbərlik tərəfindən təşəkkür və pul mükafatları almışdır.Onun işdən çıxarılmasına dair əmr əsaslandırılmamışdır. Qanunsuz əmrin nəticəsində himayəsində bir uşağı olan ana maddi məhrumiyyətə məruz qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş 01.07.2020-ci il tarixli kağız daşıyıcı üzərində bağlanılmış əmək müqaviləsindən görünür ki, İddiaçı ilə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi arasında 01.07.2020-ci il tarixdə Elnarə Rüstəmovanın sosial məzuniyyət müddəti ilə məhdudlaşmaqla 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığına sosial məzuniyyət müddətinə mühasib təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 31.08.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, X10 ilə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi arasında 31 avqust 2020-ci ildən 31 avqust 2021-ci ilədək 01 sentyabr 2020-ci ildən işi davam etdirmək şərtilə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığına vakant yerə mühasib vəzifəsinə keçirilməyi ilə bağlı müddətli əmək müqaviləsi bağlanılmışdır; 0211454 nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, işçi İddiaçı 29.08.2021-ci ildən 13 sentyabr 2021-ci ilədək ambulator rejimdə olmuşdur; Əmək müqaviləsinin bağlanması ilə bağlı 01.07.2020-ci il tarixli,xxxxxxx000100 nömrəli elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə əsas iş yeri üzrə 05 fevral 2022-ci ilədək mühasib vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 5HKSWH000101 nömrəli, 16.09.2020-ci il tarixli əmək müqaviləsi bildirşindən görünür ki, son müddəti 05.02.2022-ci il kimi müəyyənləşdirilmiş əmək müqaviləsinin qüvvədə olma müddəti dəyişdirilərək 01.09.2021-ci ilədək müəyyən edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0001X0 nömrəli, 15.09.2021-ci il tarixli bildirişdən görünür ki, 01.07.2020-ci iul tarixli əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir; İddiaçı tərəfindən yazılmış 31.08.2020-ci il tarixli ərizədən görünür ki, o işə götürəndən sosial-məzuniyyət yerindən həmin mühasibatlığa 01.09.2020-ci ildən vakant olan mühasib vəzifəsinə keçirilməyi xahiş etmişdir; 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisinin 01.07.2020-ci il tarixli K-54 nömrəli əmrindən görünür ki, İddiaçı 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığının sosial məzuniyyətdə olan mühasibi Elnarə Rüstəmovanın məzuniyyət müddətinə 01 iyul 2020-ci ildən mühasib vəzifəsinə təyin edilmişdir; 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisinin 31.08.2020-ci il tarixli M-105 nömrəli əmrindən görünür ki, İddiaçı 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığının sosial məzuniyyət yerinə işləyən mühasibi 01.09.2020-ci il tarixdən həmin mühasibatlıqda vakant yaranmış mühasib vəzifəsinə keçirilmişdir; 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisinin 15.09.2021-ci il tarixli K-120 nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən 15 sentyabr 2021-ci ildən xitam verilməsi qərara alınmışdır; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və onun müdafiəçisi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq izahatında göstərdi ki, o əvvəlcə sosial məzuniyyətdə olan mühasib Elnarə Rüstəmovanın yerinə işə qəbul edilmişdir. Bir müddət sonra isə o müddətsiz olaraq vakant olan mühasib yerinə işə götürülməli idi. Onunla əmək müqaviləsinin dəyişdirilməsi barədə müqavilə bağlanarkən müqavilənin şərtləri, o cümlədən müqavilənin müqddəti müddəti onunla razılaşdırılmamışdır. Çünki , o elə bilirdi ki, sosial məzuniyyət yerinə onunla müddətli müqavilə bağlansa da, vakant yerə işə keçirilərkən isə həmin müqavilə müddətsiz bağlanmalı idi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə bəyan edildiyi kimi hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın maddələrinin pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir («Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 fevral 2005-ci il tarixli qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqlara qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı). Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.Ə.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı). Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutlara, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri, iddia tələbinin hüquqi əsası ilə əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsinin müvafiq maddələrinin dispozisiya şərtlərini əlaqəli şəkildə araşdıraraq müəyyən etdi ki, İddiaçı 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin mühasibi olmuş Elnarə Rüstəmovanın sosial məzuniyyət müddəti ilə məhdudlaşmaqla(elektron bildirişdə isə 05.02.2022-ci ilədək) 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığına sosial məzuniyyət müddətinə mühasib təyin edilmişdir. İddiaçı ilə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi arasında 31 avqust 2020-ci ildən 31 avqust 2021-ci ilədək 01 sentyabr 2020-ci ildən işi davam etdirmək şərtilə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığına vakant yerə mühasib vəzifəsinə keçirilməyi ilə bağlı müddətli əmək müqaviləsi bağlanılmış və o vakant yerdə əmək funksiyasını davam etdirmişdir. 16.09.2020-ci ildə işçi ilə bağlanılmış 31.08.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək son müddəti 05.02.2022-ci il kimi müəyyənləşdirilmiş əmək müqaviləsinin qüvvədə olma müddəti 01.09.2021-ci ilədək müəyyən edilmişdir. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisinin 15.09.2021-ci il tarixli K-120 nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən 15 sentyabr 2021-ci ildən xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilərək, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, işçilərlə işəgötürüənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçiişə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirən əsas sənəd olduğundan, işçi əmək hüquq münasibətlərində işə götürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəf olduğundan, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olduğundan əmək müqaviləsinin səlis şəkildə tərtib edilməsi, müqavilənin şərtlərinin işçi üçün aydın şəkildə tərtib edilməsi vacibdir ki, gələcəkdə işə götürənlər müqavilədə yaranmış boşluqlardan sui istifadə etmək imkanlarından məhrum olsunlar. İşçi ilə işə götürən arasında kağız daşıyıcıda bağlanılmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi müddətli bağlanılmış, müddət Elnarə Rüstəmovanın sosial məzuniyyət müddəti ilə məhdudlaşdırılmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində isə müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 05 fevral 2022-ci il kimi müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi işçi İddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin mühasibi Elnarə Rüstəmovanın sosial məzuniyyətdə olması zərurətindən irəli gəlmişdir. Bu halda müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin 47-ci maddəsinin a) bəndinə əsasən qanuni olmuşdur. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilənin müddətinin qurtardığı tarix 01 sentyabr 2021-ci il kimi göstərilmişdir. Halbu ki, artıq sosial məzuniyyətdə olan işçinin yerinə deyil, vakant mühasib vəzifəsinə qəbul edilən işçi ilə müddətli əmək müqaviləsinin bağlanılması Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasına əsasən mühasibin əmək funksiyası aşağdıkaı kimidir: Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir. Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır. Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir. Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir. Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir. Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi dövlət orqanı olmaqla orada mühasib işinin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş, buna baxmayaraq işçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə müddətli əmək müqaviləsi bağlanmışdır ki, işçi ilə işə götürən arasında işçinin vakant mühasib vəzifəsinə götürülməsi ilə bağlı əmək müqaviləsi bildirişində əvvəlki müqavilə ilə müəyyən edilmiş müqavilənin bitmə ili olan 2022-ci ilin hansı səbəbdən qısaldılaraq 2021-ci ildə bitməli olması göstərilməmişdir. İddiaçı müqavilənin əslində müddətsiz bağlanmalı olmasını mübahisələndirmişdir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasэ Nazirlər Kabinetinin Qərarэnэn 5.2-ci bəndinə əsasən əmək müqaviləsində göstərilən, lakin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir. Kağız daşıyıcıda tərəflər arasında imzalanmış 31.08.2021-ci il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, tərəflərin razılığı ilə edilmiş dəyişiklilər və əlavələr qeyd edilmiş sahə tərəflər arasında imzalanmamaqla, ediləcək dəyikikliklərin şərtləri razılaşdırılmamışdır. Buna baxmayaraq əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı müqavilə bir tərəfli qaydada bağlanılmışdır. Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. İşçi ilə kağız daşıyıcıda bağlanılmış ikinci əmək müqaviləsi(əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 31.08.2020-ci il tarixli müqavilə) işçinin vakant olan yerə mühasib keçirilməsi zərurətindən irəli gəlmişdir. Birinci əmək müqaviləsi 2022-ci ilədək bağlanıldığı halda, ikinci əmək müqaviləsi bir illik müddətə bağlanılmışdır. Halbu ki, ikinci müqavilənin bağlanmasında, yəni birinci müqavilənin dəyişdirilməsində məqsəd işçinin işdə saxlanılma müddətinin azaldılması olmayaraq onun vakant yerə keçirilməsi olmuş, işçi ilə həmin şərtlər razılaşdırılmayaraq istər kağız daşıyıcıda bağlanılmış, istərsə də əmək müqaviləsinə dayişiklik edilməsi barədə bildirişdə öz əksini tapmamışdır. Məhz işçi ilə işə götürən arasında bağlanılmış əmək müqaviləsinin şərtlərinin,o cümlədən hansı səbəbdən 2022-ci ilədək müəyyən ediliş müddətin dəyişdirilməsi razılaşdırılmayaraq, tərəflər arasında imzalanmaması sonda işçinin müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnmişdir. Məhkəmə əmək müqaviləsinə xitam veriməsi ilə bağlı əmrlə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, işəgötürənin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 15.09.2021-ci il tarixli, K-120 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmamışdır. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisinin 15.09.2021-ci il tarixli, K-120 nömrəli əmrindən görünür ki, işçi Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən işdən azad edilmişdir. Əmək Məcəlləsinin 76.1-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilməsi nəzərdə tutulsa da, maddənin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin ləğv edilməsinin şərtlərini məhdudlaşdıran norma hesab edilir. Əmək Məcəlləsinin 73.2-ci maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsi əsaslarını deyil, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyir. Müddətli əmək müqaviləsinə xitam verilməsinin əsasları isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilə bilər. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. İşəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi qaydası öz əksini tapmamışdır. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 73.2-ci maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını, Əmək Məcəlləsinin 68-ci maddəsi isə əmək müqaviləsinə xitam verilməsi əsasını tənzimləyir. İşə götürən isə eyni əsas və eyni qayda ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanovun 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmri etibarsız hesab edilməlidir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Buna mьüvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməklə xarakterizə olunur. Əmək insanın ləyaqətini alçatmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində ifadə olunmalıdır.(Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı) Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X4 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1ci hissəsinin 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə məhkəmə tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanovun 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmrinin etibarsız hesab edilməsi qənaətinə gəlindiyindən İddiaçı əvvəllər işlədiyi vakant mühasib vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən əmrin etibarsız hesab edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi qənaətinə gəlindiyindən işin faktik hallarını nəzərə alan məhkəmə belə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün 15 sentyabr 2021-ci ildən qətnamə icra olunan günədək əmək haqqı hesablanmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X3 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmri etibarsız hesab edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün 15 sentyabr 2021-ci il tarixdən qətnamə icra olunan günədək əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində əvvəlki vakant mühasib vəzifəsinə bərpa edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi va.sitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3509/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3509/2021
03.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver