Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3523/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-döngə, ev 7B ünvanda yerləşən evdən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-döngə, ev 7B ünvanında yerləşən yaşayış evi AR Texniki İnventarlaşdırma bürosunun qeydiyyat vərəqəsinə əsasən ona məxsusdur. Cavabdeh onun gəlini olmuşdur, iddiaçının oğlu ilə 21.07.2005-ci il tarixdə nikaha girərək ailə qurmuşlar. Birgə nikahlarından iki övladları anadan olmuşdur. Onların aralarında olan nikah Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(044)-2425/2018 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar oğlunun himayəsində saxlanılmışdır. Cavabdeh Türkiyə Respublikasında yaşayır, lakin onun evində qeydiyyatda qalmışdır. Bu hal onun mülkiyyət üzərində hüququnun məhdudlaşdırılmasına səbəb olur. Odur ki, məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: AR Qeydiyyat vəsiqəsinin 15.05.1987-cı il tarixli 130094 nömrəli çıxarışından görünür ki, ünvan 2 mənzil xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur; Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-döngə, ev 7B ünvanında yerləşən evdə qeydiyyatdadır; Gəncə şəhəri Nizami rayon qeydyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli, AZ-İ 345999 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Cavabdeh qız arasında bağlanmış nikah 29.07.2020-ci il tarixdə pozulmuşdur; İş materiallarında olan cavabdehin sərhədkeçmə məlumatlarından görünür ki, o 01 avqust 2020-ci ildə sərhədi keçərək Türkiyə Respublikasına getmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun mənzilində pasport qeydiyyatındadır. Onun orada formal olaraq qeydiyyatda qalmaqdadır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Göründüyü kimi iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğu üçün onun öz mülkiyyəti üzərində sahiblik, istifadə və ona dair sərəncam vermək hüquqları mövcuddur və həmin mənzildə istifadə hüququna malik olan şəxslərin istifadə hüquqlarına xittam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli evlə bağlı hər hansı istifadə hüquqlarının olması müəyyən edilməmişdir. Mövcud olmayan bir hüquq isə itirilə bilməz. Cavabdeh mübahisə predmeti olan evdə heç bir hüquqa, yaşayış hüququna və istifadə hüququna malik deyildirlər. Belə ki, yaşayış sahəsinə istifadə hüququ iki əsasla yarana bilər. 1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə notarial qaydada bağlanmış müqavilə əsasında(istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla) 2. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması əsası ilə. Bununla bağlı məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehlə iddiaçı arasında notarial qaydada bağlanmış hər hansı müqavilənin olması müəyyən edilməməklə, cavabdehin iddiaçının ailə üzvləri olmaması da işin mübahisəsiz halını təşkil etmişdir. Yaşayış sahəsinə istifadə hüququ verən sonuncu əsasla bağlı məhkəmə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edir. Belə ki, Mənzil Məcəlləsinin sözügedən maddəsinə əsasən, həmçinin Konstitusiya Məhkəməsinin Plenum Qərarından göründüyü kimi, yaşayış sahəsinə istifadə hüququna yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri: əri (arvadı); valideynləri və övladları; bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsilinin müvafiq müddəalarına uyğun olaraq, yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər (nənə(baba)-nəvə; bacı-qardaş və s.) malikdirlər. Görünüdüyü kimi cavabdeh mülkiyyətçiyə münasibətdə yuxarıda təsbit edilmiş ailə üzvləri sırasına daxil deyildirlər və qarşılıqlı olaraq onların saxlanılmasını tələb etmək hüquqları da yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdə qeydiyyatda olması, onların həmin evə yaşayış və istifadə hüququna malik olması anlamına gələ bilməz. Belə ki, pasport qeydiyyatında olmaq həmin yaşayış evinə yaşayış və istifadə hüququnun yaranmasına əsas vermir. Bu mənada iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, cavabdehin mübahisə predmeti olan evdə istifadə hüquqlarının olması ümumiyyətlə öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməsini cavabdehin qeydiyyatdan çıxarılması ilə əsaslandırmışdır. Bununla bağlı iddiaçıya izah edilir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli, 244 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanlar sırasına aid edilmişlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən evə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3523/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3523/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver