Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3670/2020 15.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizmai Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Dövlət Notariat Ofisinə qarşı “Soyad,ad və ata adında uyğunsuzluq faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun doğum haqqında şəhadətnamənin ata qrafasında göstərilən Möhsümov Ağalı Məmmədəli oğlu yazısının mərhum atası X1 məxsus olması faktının və xx.xx.1956-cı il tarixdə Kirovabad (indiki Gəncə) şəhər “inqilab” Kolxozunun 08 nömrəli qərarında X2 yazısının atası X1 məxsus olması faktının müəyyən edilməsini və atasından ünvan 1 saylı ünvanda miras qalan 0.06 ha torpaq sahəsinə və evə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia yolverilməz olduğuna görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Çünki iddia ərizəsinin məzmunundan görünür ki, tələb vərəsəliyin tanınması və sənədin həmin şəxsə məxsus olması faktının tanınmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Göründüyü kimi ərizəçi notariusa müraciət etmiş, notariat orqanı isə sənədlərdəki uyğunsuzluq səbəbindən məhkəməyə müraciəd edilməli olduğundan notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Buna baxmayaraq ərizəçi hər iki tələbi bir ərizədə birləşdirirək məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən Qərarda daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Odur ki, ərizəçiyə izah edilir ki, əvvəlcə sənədi verən orqana müraciət etməklə həmin sənəddəki uyğunsuzluq aradan qaldırılmalı, bu mümkün olmadığı təqdirdə isə məhkəməyə müraciət edilməli, hüquqi marağ təmin edildiyi halda isə notariat orqanına vərəsəliklə bağlı müraciətini etməlidir. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçıya vətəndaşlıq vəziyyətinin qeydiyyatını aparan orqanlara müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Dövlət Notariat Ofisinə qarşı “Soyad,ad və ata adında uyğunsuzluq faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsinin məhkəmənin icraata qəbul olunmasından imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi lazımi sənədlərdəki npsanların aradan qaldırılması ilə bağlı tələblə həmin sənədi vermiş orqana müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3670/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3670/2020
15.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver