Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3798/2021 14.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi- X5, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami adına 18 nömrəli tam orta məktəbin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami adına 18 nömrəli tam orta məktəbinə qarşı “əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami adına 18 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, intizam tənbehinin verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 10 fevral 2021-ci il tarixli 14 nömrəli və 23 iyun 2021-ci il tarixli 87 nömrəli əmrinin, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 08 sentyabr 2021-ci il tarixli 14 nömrəli əmrinin ləğv edilməsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin “tərbiyyə işləri üzrə drektor müavini” vəzifəsinə bərpa olunmağına və məcburi iş buraxma dövrü üçün “tərbiyyə işləri üzrə drektor müavini” vəzifə maaşının hesablanaraq əmək haqqına əlavə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə müəllimə işləyir. 15 sentyabr 2013-cü il tarixdən isə həmin məktəbdə “tərbiyyə işləri üzrə drektor müavini” vəzifəsinə təyin edilmiş, işdə nizam intizam qaydalarına əməl edilməklə iş rejiminə əməl etmiş və əmək müqaviləsində göstərilən norma və qaydalara uyğun işləmişdir. İşlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və sairə tənbeh tədbirinə məruz qalmamışdır. Lakin son dövrdə heç bir əsas olmadan Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 10 fevral 2021-ci il tarixli 14 nömrəli əmri ilə barəsində töhmət verilmiş və həmin drektorun 23 iyun 2021-ci il tarixli 87 nömrəli əmri ilə ona şiddətli töhmət verilməklə xəbardarlıq edilmişdir. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 10 fevral 2021-ci il tarixli 14 nömrəli və 23 iyun 2021-ci il tarixli 87 nömrəli əmrinin sürəti ona verilməmiş və həmin əmrlər barəsində şiafahi olaraq məlumatı olduqdan sonra X3 barədə təkliflə cavabdeh orqana müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi həmin əmrlərin ksero sürətlərini isə çox saylı şikayətlərdən sonra bu yaxınlarda əldə etmişdir. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 08 sentyabr 2021-ci il tarixli 14 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və həmin məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən tutduğu “tərbiyyə işləri üzrə drektor müavini” vəzifəsindən azad edilməyi, 15 sentyabr 2013-cü il tarixli əmək müqaviləsiniə xitam verilməsi və məktəbdə ixtisasım üzrə müəllimə işləməyi əmr edilmişdir. Lakin iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Təhsil İşçiləri Azad X14 şəhər Komitəsinin sədri B.İ.Hacıyevin 09 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 15 sentyabr 2013-cü il tarixli “tərbiyyə işləri üzrə drektor müavini” vəzifəsinin icrası ilə bağlı bağlanmış əmək müqaviləsinlə xitam verilməsi barədə məktəbin Həmkarlar İttifaqı komitəsinə əsaslandırılmış yazılı təqdimat təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafıq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayeva tərəfindən 08 sentyabr 2021-cı il tarixli 14 nömrəli əmri verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsininin tələblərinə əməl edilməmiş, nəticədə qanunsuz və əsassız əmr verilmişdir. Həmçinin 08 sentyabr 2021-ci il tarixli 14 nömrəli əmrinin sürəti ona verilməmiş və həmin əmr barəsində şiafahi olaraq məlumatı olduqdan sonra X3 barədə təkliflə cavabdeh orqana müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş 03.12.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin elektron bildirişindən görünür ki, İddiaçı ilə 18 nömrəli tam orta məktəb arasında 15.09.2013-cü ildən informatika müəllimi vəzifəsinə keçirilməyi ilə bağlı müddətsiz əmək müqaviləsi bağlanılmışdır; İş materiallarına əlavə edilmiş 10.02.2021-ci il tarixli, 14 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin tərbiyə işləri üzrə direktor müavini operativ nəzarət üzrə məsul şəxs olmasına baxmayaraq üzürsüz səbəbdən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdə yol verdiyi nöqsana görə töhmət verilmişdir; İş materiallarına əlavə edilmiş 23.06.2021-ci il tarixli, 87 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı-məktəbin təşkilatı işlər üzrə direktor müavini məktəbdə pandemiya qaydalarını və məktəbdaxili nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən şiddətli töhmət verilməklə sonuncu xəbərdarlıq edilmişdir; İş materiallarına əlavə edilmiş 23.06.2021-ci il tarixli, 85 nömrəli əmrdən çıxarışdan görünür ki, X7-məktəbin uşaq birliyi təşkilatı rəhbəri məktəbdə pandemiya qaydalarını və məktəbdaxili nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir; İş materiallarına əlavə edilmiş 23.06.2021-ci il tarixli, 86 nömrəli əmrdən çıxarışdan görünür ki, X11-məktəbin psixoloqu pandemiya qaydalarını və məktəbdaxili nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir; İş materiallarına əlavə edilmiş 14.06.2021-ci il tarixli, 81 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir; 08.09.2021-ci il tarixli, 147 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışdan görünür ki, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozduğu üçün, həmçinin əmək funksiyasını pozduğuna görə əvvəllər məktəbin direktoru tərəfindən verilmiş intizam tənbehindən (23 iyun 2021-ci il tarixli 87 Noli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən tutduğu “tərbiyə işləri üzrə direktor müavini” vəzifəsindən 08 sentyabr 2021-ci il tarixindən azad edilmiş və onunla bağlanmış 15 sentyabr 2013-cü il tarixli əmək müqaviləsi ləğv edilmişdir. 08 sentyabr 2021-ci il tarixindən məktəbdə ixtisası üzrə müəllim işləməsi qeyd olunmuşdur; 08 sentyabr 2021-ci il tarixli Gəncə şəhəri Nizami Aydın adına 18 saylı tam orta məktəb tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktəbin tərbiyə işləri üzrə direktor müavini İddiaçı ona təqdim olunmuş sənədlə tanış olmağı barədə imza atmamışdır; 23 iyun 2021-ci il tarixli Gəncə şəhəri Nizami Aydın adına 18 saylı tam orta məktəb tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktəbin tərbiyə işləri üzrə direktor müavini İddiaçı ona verilmiş töhmət oxunduğu zaman dinləmiş, lakin imza atmadan çıxıb evə getmişdir; 10 fevral 2021-ci il tarixli Gəncə şəhəri Nizami Aydın adına 18 saylı tam orta məktəb tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktəbin tərbiyə işləri üzrə direktor müavini İddiaçı ona verilmiş töhmət oxunduğu zaman dinləmiş, lakin imza atmadan çıxıb evə getmişdir; 02.09.2021-ci il tarixli X3 Barədə təklifdən görünür ki, İddiaçı Gəncə şəhəri 18 saylı məktəbin direktoru X8 X3 barədə təklif yollamışdır; AR Təhsil Nazirliyi Gəncə şəhər Təhsil İdarəsi tərəfindən Gəncə şəhəri 18 saylı məktəbin direktoru X8 ünvanlanmış 23 iyun 2021-ci il tarixli, 32(01)-01-236/13 saylı məktubunun surətindən görünür ki, 16 iyun 2021-ci il tarixində Gəncə Şəhər Təhsil İdarəsinə Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə pandemiya qaydalarının və məktəbdaxili nizam intizam qaydalarının kobud şəkildə pozulması ilə bağlı foto təqdim olunmuşdur. Bununla bağlı 17 iyun 2021-ci il tarixində idarənin rəhbərliyi və məktəb məsləhətçisi məktəbdə olmuş və məktəbin işçi heyətiylə söhbət aparmış, izahatlar alınmışdır. Məlum olmuşdur ki, məktəbin psixoloqu Günay Hacıyevanın qohumu tərəfindən məktəbə ət gətirilmiş və məktəbin təşkilati işlər üzrə direktor müavini İddiaçı, məktəbin psixoloqu Günay Hacıyevanın, məktəbin uşaq birliyi təşkilati rəhbəri Alimə Atakişiyevanın iş otağında əti satmışdır. Məktəbdaxili intizam qaydalarına uyğun olmayan bu hadisənin daha dəqiq araşdırılması, öz vəzifə funksiyasına məsuliyyətsiz yanaşan şəxslərə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən intizam tənbehinin verilməsini təmin etmək və nəticəsi barədə 3 (üç) iş günü ərzində məktəb məsləhətçisinə məlumat verilməsi direktora tapşırılmış, gələcəkdə məktəbdaxili intizam qaydalarına ciddi nəzarət etmədiyi təqdirdə direktor barədə müvafiq intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərə çatdırılmışdır; AR Təhsil işçiləri Azad X14 şəhər Komitəsi tərəfindən Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin Təşkilati İşlər üzrə direktor müavini İddiaçı ünvanlanmış 09 sentyabr 2021-ci il tarixli, 86 nömrəli məktubun surətindən görünür ki, ATİAHİ Gəncə şəhər komitəsinin rəhbərliyi 08.09.2021-ci il tarixli teleqramınıza cavab olaraq bildirir ki, Gəncə şəhər Nizami Aydın adına 18 saylı tam orta məktəbin Həmkarlar İttifaqı komitəsinin sədri X9 şəhər komitəsinə təqdim etdiyi rəsmi məlumatında məlum olmuşdur ki, Gəncə şəhər Nizami Aydın adına 18 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən İddiaçı ilə 15 sentyabr 2013-cü il tarixli “Tərbiyə işləri üzrə direktor müavini” vəzifəsinin icrası ilə bağlı bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məktəbin Həmkarlar İttifaqı komitəsinə əsaslandırılmış yazılı təqdimat təqdim edilməmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin vəkili X12 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin və onlarln nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, onların izahatlarını iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin direktoru Mətanət Rzayevanın 23.06.2021-ci il tarixli, 87 nömrəli və 08 sentyabr 2021-ci il tarixli əmrləri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməli və həmin vəzifəyə görə məcburi iş buraxma dövrü üçün vəzifə maaşı hesablanaraq əmək haqqına əlavə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə bəyan edildiyi kimi hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın maddələrinin pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir («Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 fevral 2005-ci il tarixli qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqlara qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı). Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.Ə.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı). Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutlara, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, işçilərlə işəgötürüənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçiişə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə müəllimə işləyir. 15 sentyabr 2013-cü il tarixdən isə həmin məktəbdə “tərbiyə işləri üzrə drektor müavini” vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 10 fevral 2021-ci il tarixli 14 nömrəli əmri ilə barəsində töhmət verilmiş və həmin drektorun 23 iyun 2021-ci il tarixli 87 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 08 sentyabr 2021-ci il tarixli 14 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və həmin məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən tutduğu “tərbiyə işləri üzrə drektor müavini” vəzifəsindən azad edilməklə 15 sentyabr 2013-cü il tarixli əmək müqaviləsiniə xitam verilməsi və məktəbdə ixtisası üzrə müəllimə işləməyi əmr edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin direktoru Mətanət Rzayevanın 23.06.2021-ci il tarixli, 87 nömrəli töhmət verilməsi ilə bağlı əmrinə münasibətdə onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Mətanət Rzayevaya ona görə töhmət verilmişdir ki, məktəbin pxisoloqu Günay Hacıyevanın qohumu tərəfindən məktəbə ət gətirilmiş və həmin ət Günay Hacıyevanın, Alimə Atakişiyevanın və İddiaçı iş otağında satılmış və bu barədə məlumat da Gəncə Şəhər Təhsil İdarəsinə İddiaçı tərəfindən verilmişdir.Məhkəmə qeyd edir ki, İddiaçı Gəncə Şəhər Təhsil İdarəsinə baş vermiş intizam pozuntusu barədə məlumat verməsi ilə özünün intizam məsuliyyətinə cəlb edilməsi ədalətli deyildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin direktoru Mətanət Rzayevanın 23.06.2021-ci il tarixli, 87 nömrəli töhmət verilməsi ilə bağlı əmri ləğv edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə Həmkarlar Təşkilatının sədridir. İddiaçı direktor müavini vəzifəsindən azad edilməsi ilə bağlı təşkilata hər hansı müraciət edilməmişdir. İddiaçı müəllim kimi yaxşı müəllim olsa da, tərbiyə işləri üzrə drektor müavini vəzifəsini layiqincə icra edə bilmir. Belə ki, o özündən yaşlı müəllimlərə hörmət etməyərək, sanki şagirdlər kimi onunla rəftar edir. Bütün müəllimlərə yuxarıdan aşağı baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə işləmişdir. O 3 il həmin məktəbdə işləsə də, sonradan məktəbdən çıxmışdır. O işlədiyi müddətdə valideynlərdən Zülfiyə müəllim barədə hər hansı şikayət daxil olmamışdır. Zülfiyyə müəllim işdə tələbkar olduğundan müəllimlərin böyük əksəriyyəti onu xoşlamırlar. Məhkəmə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 08 sentyabr 2021-ci il tarixli 14 nömrəli əmri ilə bağlı onu qeyd edir ki, həmin əmrdə qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əmrdən göründüyü kimi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə əsasən tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Həmin Məcəllənin 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə qeyd edir ki, İddiaçı həmkarlar ittifaqının üzvü olan işçi olduğundan, həmin məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyindən həmin əmr İddiaçı tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsinə dair hissədə qanunsuz hesab edilərək ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, işəgötürənin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı- seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X4 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1ci hissəsinin 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə məhkəmə tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin direktoru Mətanət Rzayevanın 08 sentyabr 2021-ci il tarixli 14 nömrəli əmrinin ləğv edilməsi qənaətinə gəlindiyindən İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin “tərbiyə işləri üzrə direktor müavini” vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən əmrin ləğv hesab edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi qənaətinə gəlindiyindən işin faktik hallarını nəzərə alan məhkəmə belə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün 08 sentyabr 2021-ci ildən qətnamə icra olunan günədək “tərbiyə işləri üzrə direktor müavini” vəzifəsinə uyğun əmək haqqı hesablanmalıdır. Məhkəmə iddia tələbinin qalan hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbinin drektoru Mətanət Rzayevanın 10 fevral 2021-ci il tarixli 14 nömrəli əmrindən görünür ki, İddiaçı xüsusi karantin rejimi dövründə işə çıxmamışdır. İddiaçı bunu xəstəliyi ilə izah etmiş və sübut kimi Bakı şəhəri Təcili və Təxirə salınmaz X18 Sahə həkimi üçün xəbərdarlıq vərəqəsini təqdim etmişdir. Məhkəmə həmin vərəqəni sübut kimi qəbul etmir. Belə ki, həmin vərəqənin özündə həmin vərəqənin mövcudluğunun xəstəni işdən və dərsdən azad etmıəyə əsas verməməsi əks edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin direktoru Mətanət Rzayevanın 23 iyun 2021-ci il tarixli 87 nömrəli əmri ləğv edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin direktoru Mətanət Rzayevanın 08 sentyabr 2021-ci il tarixli 14 nömrəli əmri qismən, “İddiaçı tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsinə” dair hissədə ləğv edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün 08 sentyabr 2021-ci il tarixdən qətnamə icra olunan günədək əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri Təhsil İdarəsi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində əvvəlki “tərbiyə işləri üzrə direktor müavini” vəzifəsinə bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3798/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3798/2021
14.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver