Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-387/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Gəncə şəhəri, Nizami küçəsi 37 saylı evdə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdehlər onun keçmiş ailə üzvləridir. O, Nəzakətlə 1997-ci ildə ayrıldıqdan sonra sonuncu uşaqları Emin və Nərminlə birlikdə ona məxsus evdən köçüb getmişlər. Cavabdehlər onun mənzilində yaşamasalar da, ona məxsus evdə pasport qeydiyyatındadılar. Cavabdehlərin həmin ünvanda formal olaraq pasport qeydiyyatında olmaqları onun əlavə kommunal xərcləri ödəməsinə və ona mülkiyyət hüquqlarından istifadə etməyə məhdudiyyət yaratdığından iddianın təmin olunması barədə qətnamə çıxarılmasını və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ona aid edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, iddiaçı onun qonşusudur. Cavabdehlər 1997-ci il tarixdən iddiaçının evində yaşamamışlar, ümumiyyətlə iddiaçı ilə əlaqə saxlamırlar. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, iddiaçı onun qonşusudur. Cavabdehlər iddiaçının evində yaşamamırlar, o, cavabdehləri həmin evə gəlib-getdiklərini, iddiaçı ilə əlaqə saxladıqlarını görməmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X1, X6, Cavabdeh1, X3, X2, X8, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadılar. - MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi, 37 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ondan ötəri ki, o, həqiqətən ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin ünvanda Cavabdeh1, X9, Cavabdeh2, Cavabdeh3 adlı şəxslər qeydiyyatda olsa da, həmin evdə yaşamırlar. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Cavabdeh3 ilə olan nikahı xx.xx.1997-ci il tarixdə ləvğ edilmişdir. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlər 1997-ci ildən həmin mənzildən çıxıb getdikləri üçün məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdehlər mübahisəli mənzildən 1997-ci ildən çıxıb gedərək 23 il ərzində həmin mənzilə qayıdıb yaşamamışlar. Bu isə onların həmin mənzildən istifadə etməyə ehtiyacları olmadığını göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Məhkəmə hesab edir ki, cavabdehlərin 23 ildir çıxıb gedərək yaşamadıqları mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalmaqları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Nizami küçəsi 37 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Sərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Nizami küçəsi 37 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-387/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-387/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver