Məhkəmə qərarları › İş №2(044)-4171/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-4171/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-4171/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi məhkəməyə müraciət edərək əmkir rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixdə 55 nömrəli qərarı ilə ailə üzvləri adına Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-319 saylı, Kod: 50414018 olan “torpağa mülkiyyət hüququna dair Dövlət aktında” qeyd edilən adın “Simurə”yə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərək Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25.09.1998-ci il 55 nömrəli qərarı ilə ümumi birgə mülkiyyətə verilmiş JN 319, KOD 50414018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Ərizəçi göstərilən şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti qurumuna müraciət etməli olduğu halda ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Ərizəçinin hüquqi marağı qeyd edilən inzibati orqanda təmin edilmədiyi halda ərizəçi ümumi məhkəməyə deyil, aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə olan halda hesab edirəm ki, ərizənin məhkəmənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə izah olunmalıdır ki, göstərilən tələblə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti qurumuna müraciət edərək, hüquqi marağı həmin inzibati orqan tərəfindən təmin edilmədiyi halda halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizənin icraat qəbul olunmasından imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçiyə hazırki tələblə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumuna müraciət etmək, həmin qurum tərəfindən hüquqi marağı təmin edilmədiyi halda isə ondan aidiyyəti inzibati məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar