Məhkəmə qərarları › İş №2(044)-43/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-43/2020

10.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-43/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının müdafiəsi və torpaq sahəsinin sərhədlərinin və sahələrinin müəyyən edilməklə torpaq sahəsinin kimə aid olması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona ayrılmış ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını bərpa edərək müdafiə edilməsinə və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin və sərhədlərinin müəyyən edilərək ona aid olmaqla sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ona məxsus 400 kv.m olan torpaq sahəsi almıışdır. Həmin torpaq sahəsi ona Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin x xxxxx 2018-ci il tarixli, 133 nömrəli sərəncamı ilə ayrılmışdır. Torpaq sahəsi ona qeyd olunan ünvanda ayrılmaqla həmin sahədə fərdi yaşayış evinin tikintisində icazə verilməklə həmin torpaqda yerləşdirilməsində icazə verilmişdir. Cavabdeh da xx xxxxxx 2017-ci il tarixli, 873 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin lahiyələndirilərək tikinti üçün ünvan 3 ünvanında 400 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin cavabdeh hazırda onun sahibliyində və istifadəsində olan torpaq sahəsini zəbt edərək orada tikinti işləri aparmaq istəyir. O, cavabdehə iddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinin planı və ölçüsünə dair ayrılmış torpaq sahəsinin ona aid torpaq sahəsinə girməsini bildirsə də cavabdeh buna məhəl qoymayaraq onun torpaq sahəsinin üzərində sahiblik və istifadə hüquqlarını pozur. Bu baxımdan cavabdehə bu hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etməklə torpaq sahələrinin və sərhədlərinin müəyyən edilərək torpaq sahəsinin kimə aid olması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq məhkəməyə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, hər iki sərancamlar qüvvədə olmaqla etibarlıdır. Həmin torpaqların yerləşmə kordinatları ərizəyə əlavə edilmiş plana əsasən müəyyən edilməmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisə etdiyi torpaq sahəsinin cavabdehə məxsus olmasına dair cavabdehin ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı vardır. Cavabdeh ünvan 4ndə yerləşən 0.0517 ha torpaq sahəsini Gəncə şəhəri Nizami rayon bələdiyyəsindən almışdır. İddiaçı mübahisəli torpaq sahəsinin özünə məxsus olmasını bildirsə də, iddiaçıya ayrılmış Gəncə şəhəri Totanlı küçəsində yerləşən 400 kv.m. torpaq sahəsinin həmin küçənin hansı hissəsində yerləşməsi barədə müvafiq sənədləri mövcud deyildir. Həmçinin ekspert rəyində də iddiaçının torpağının yerini müəyyən etmək mümkün olmamış, lakin cavabdehin torpaq sahəsinin yerləşməsinin və yerquruluşunun eksiz layihəsinə uyğun olduğu müəyyən olmuşdur. Sonda iddiaçının nümayəndəsi iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının x xxxxx 2018-ci il tarixli sərəncamında ünvan 2ndə yerləşən 400 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi, vətəndaş İddiaçı yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsini Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırılmasının tapşırılması qərara alınmışdır. - Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli sərəncamında Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 400 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi, vətəndaş Cavabdeh yaşayış evinin evinin layihəsini memarlıq-planlaşdırma bölməsini Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aoaratının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmasının tapşırılması qərara alınmışdır. - vətəndaş Cavabdeh müraciəti əsasında Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 3052 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 400 kv.m torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsnə) icazə verilməsi məqsədə uyğun hesab edilmişdir. - AN-İ № ******* saylı, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0517 ha olan torpaq sahəsini alıcı Cavabdeh satıcı Gəncə şəhəri Nizami rayon bələdiyyəsindən 1300 manata almışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, A№ 485157 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, ünvan 4ndə 0.517 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(044)-43/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(044)-43/2020 saylı məktublarına Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş cavab məktublarında qeyd edilmişdir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi, eyni zamanda bu sahədə məsul şəxs nəzərdə tutulmadığına görə müraciət təmin edilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə qarşı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının müdafiəsi və torpaq sahəsinin sərhədlərinin və sahələrinin müəyyən edilməklə torpaq sahəsinin kimə aid olması barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçıya ayrılmış ünvan 1ndə yerləşən 400 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının x xxxxx 2018-ci il tarixli sərəncamı olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem, eskiz və s. olmadığından həmin torpaq sahəsinin sərhədlərini, harada yerləşməsini və cavabdeh tərəfindən zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinin zəruri texniki göstəricilərini əks etdirən sənədlərin təqdim edilməsi təklif edilsə də, iddiaçı bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin harada yerləşməsini və cavabdeh tərəfindən zəbt olunduğunu müəyyən etmək mümkün olmamışdır. Belə ki, mülki iş materiallarında olan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti – texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 25344 № saylı rəyindən görünür ki, İddiaçı ayrılmış ünvan 1ndə yerləşən 400 kv.m olan torpaq sahəsinin planda yerləşməsini, ölçülərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem (eskiz, cizgi və s.) mülki iş materiallarında olmadığından, həmin torpaq sahəsinin sxem uyğun olub-olmamasını, harada yerləşməsini, ölçüsünü və digər texniki göstəricilərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh ayrılmış ünvan 3ndə yerləşən 400 kv.m torpaq sahəsinin planda yerləşməsinin, yerqurluşunun eskiz layihəsinə uyğun olduğu, torpaq sahəsinin mövcud vəziyyətdə ölçüsünün 558,9 kv.m təşkil etməklə ayrılmış torpaq sahəsindən 158,9 kvadrat metr artıq olduöu müəyyən edilir. Qeyd olunmuşdur ki, torpaq sahəsinin eskiz layihəsinə ölçülər göstərilmədiyindən 158,9 kvadrat metr artıq torpaq sahəsinin, hansı hissədə yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə məhkəmə İddiaçı mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. AzərbaycanRespublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının müdafiəsi və torpaq sahəsinin sərhədlərinin və sahələrinin müəyyən edilməklə torpaq sahəsinin kimə aid olması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) aykeçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar