Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-434/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh, 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində Az.KTA-6 ərazisində cavabdehlə birgə yaşadıqları zaman tikdirdikləri evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və xx.xx.2019-cu il tarixdə rəsmi olaraq boşanmışlar. Onların birgə nikahlarından xx.xx.2005-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X14 adlı iki uşaqları var. Cavabdehlə birgə yaşadıqları dövrdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında ev tikmişlər və ev dövlət reyestrində qeydiyyata alınmamış, evdə işıq və qaz sayğacları vardır. Bununla bağlı işıq və qaz idarələri onun atası ilə qaz və işıq sərfiyatından istifadə etmək üçün müqavilə bağlanmışdır. Cavabdeh onu və uşaqlarını evdən çıxarıb evi satmaq istəyir, hər gün onunla dalaşaraq onu evdən çıxartmaq istəyir. Odur ki, o, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında əlavə olaraq bildirdi ki, Cavabdeh tez-tez evdə davadalaş salır, “bu ev mənimdir, evdə sənin heç bir haqqın yoxdur” deyərək onu evdən qovaraq çölə çıxararaq deyir ki, guya ev onun qardaşınındır. O, məcbur olub uzun müddət ata evində və xalası evində qalmış, yenidən evə qayıtdıqda isə müxtəlif bəhanələrlə davadalaş salaraq onu evdən qovmuşdur. Ona məxsus bütün cehiz əşyaları, özünə və uşaqlarına məxsus şəxsi əşyaları da həmin evdədir. Həmin evin tikintisində o və ailəsi də xərc çəkmiş, həmin evin işıq və qaz xətti belə onun qardaşının adınadır. O, hazırda cavabdehin hərəkətlərindən qorxduğu üçün ata evində yaşayır və o, iki övlad böyüdən anadır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X3, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında tikilmiş evi onun qardaşı öz oğlu üçün tikdirmiş və həmin evi ona ailəli olduğu üçün müvəqqəti yaşamağa vermişdir. Hazırda onun qardaşı, oğlunu evləndirmək istəyir və ondan evinin boşaldılmasını istəyir. Evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur, evə dair qaz sərfiyyatına görə müqavilə onun adına bağlanmış və qaz sərfiyatına görə ödənişlər onun adından ödənilir. İddiaçı ilə rəsmi olaraq ayrılmışlar, bundan sonra iddiaçı ilə bir evdə yaşamaları mümkün deyildir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs X5 məhkəmə iclasında bildirdi ki, mübahisəli Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında olan evinin tikinti işləri onun və atasının vəsaitləri hesabına aparılmışdır. O, Bakı şəhərində yaşadığı üçün evə dair çəkilən xərclər atası tərəfindən qarşılanmış və həmin evin tikintisində cavabdehin də vəsaiti olmuşdur, lakin xərcin böyük bir hissəsi onun və atası tərəfindən ödənilmişdir. Onlar birlikdə həmin evin tikintisinə köməklik etmişlər ki, bacısı rahat yaşasın. Məhkəmə tərəflərin və 3-cü şəxsin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıyev Hicran Məhərrəm oğlu ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 mn ətrafında olan evin yerləşdiyi torpaq sahəsini o, 4600 manata almış və həmin torpaq sahəsi üzərində o, oğluna ev tikdirmişdir. Evin tikintisi 15000 manata başa gəlmiş və qardaşı Üseynin evi olmadığından müvəqqəti olaraq yaşamağa vermişdir. Onun qardaşı ailəsi ilə birlikdə həmin evdə 12-13 il yaşamışlar. O, özü Göygöl rayonunun X24ində yaşayır. Onun qardaşı Üseyn əvvəl ailəsi ilə kirayədə yaşamışdır. Evin kommunal xərclərini iddiaçının atası köməklik kimi ödəmişdir. Evin hüquqmüəyyənedici sənədləri yoxdur. Onun uşağının hazırda evlənən vaxtıdır. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, iddiaçı onun qızıdır. Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında olan evi o, tikdirmişdir. Evin tikilməsində pulun hamısını o xərcləməsə də xeyli hissəsini o ödəmişdir. Onun qızı ailəsi ilə həmin vaxt kirayədə yaşamışlar. Evin işıq pulu onun oğlu İlqarın adınadır. Evə dair işıq sərfiyyatına görə ödənişləri oğlu İlqarın adına olsa da ödənişlər onun tərəfindən ödənilmişdir. Hazırda da həmin evin işıq və qaz kartları ondadır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2783/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Hacıyeva (İsmayılova) Aygün İbrahim qızı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Göygöl rayon X24 İcra nümayəndəliyində 05 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X14 nikahın pozulmasından sonra iddiaçı Hacıyeva (İsmayılova) Aygün İbrahim qızının himayəsində saxlanılmiş, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment iddiaçı Hacıyeva (İsmayılova) Aygün İbrahim qızının xeyrinə tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixli 16 saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ərazisində olan təzə məhəllələrdə 2005-ci il təvəllüdlü X12 və 2006cı il təvəllüdlü X14 ilə qeydiyyatsız yaşayır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X23 tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı X18 arxiv sənədlərinə əsasən, Cavabdeh (Hüseyin) Məhərrəm oğlunun adına X7 ilə birlikdə Göygöl rayonu, X24ində “Torpağa mülkiyyət hüququna dair” JN-156 saylı Dövlət Aktına əsasən 1.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alındığı müəyyən edilmişdir. xx.xx.2018-ci tarixdə Göygöl rayonu, X24 İcra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahlarından xx xxx 2005-ci il tarixdə X12 anadan olmuşdur. xx.xx.2006-cı il tarixdə Xanlar rayon Yeni Zod İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahlarından xx xxxxxxx 2006-cı il tarixdə X14 anadan olmuşdur. xx xxxxxxx 2011-ci il tarixdə Gəncə RET MMC-nin Gəncə ŞEŞ tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında olan yaşayış sahəsinə U00327206 Kart nömrəsi olan ********** saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ərazisində olan evə dair işıq sərfiyyatına görə ödəniş X10 tərəfindən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ərazisində olan evə dair qaz sərfiyyatına görə ödəniş X10 tərəfindən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. İş materiallarından göründüyü kimi mübahisəli evin qanuni tikinti olması barədə məlumat əldə edilməsi mümkün olmamışdır. İddiaçının bildirdiyinə görə həmin ev özbaşına tikilidir. Özbaşına tikintiyə köçürülmə və ondan istifadə ilə bağlı münasibətləri tənzimləyən hüquq norması olmadığı üçün məhkəmə analoji olaraq hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin normalarının tətbiq edilməsi qənaətinə gəlir. Məhkəmə işə baxarkən ilk növbədə iddiaçı tərəfin mübahisəli yaşayış sahəsinə köçürülməsinə dair məsələnin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, iddiaçının subyektiv hüququ olub-olmamasını, həmçinin cavabdehin mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququnun olub-olmaması məsələsini araşdırılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən, iddia ərizəsinin məzmunundan, tərəflərin və 3-cü şəxsin izahatlarından, şahid ifadələrindən məlum olur ki, tərəflər arasında hüquq münasibətləri 2003-cü ildə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki, mübahisəli hüquq münasibətinə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş (1982-ci il redaksiyalı) Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə tədqiqi zamanı tərəflərin və 3-cü şəxsin izahatlarından, şahid ifadələrindən və iş materiallarındakı sənədlərdən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx.xx.2003-cü il tarixdə ailə quraraq bir müddət kirayədə yaşamışlar, bundan sonra Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında yerləşən torpaq sahəsində tikilmiş evə 2010-cu ildən köçüb yaşamışlar, həmin evdə onların iki uşaqları anadan olmuş olmuş, onların birgə yaşamaları mümkün olmamış ayrılmışlar və tərəflər Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında yerləşən evdə birlikdə nikahları pozulanadək, yəni 2019-cu ilədək birgə təsərrüfat idarə etmişlər. Hazırda iddiaçıya məxsus əşyalar mübahisəli mənzildə yerləşir və iddiaçı yaşadığı evə cavabdehin törətdiyi maneələrə görə köçüb yaşaya bilmir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evdə yaşamaq hüququna malikdir və o, həmin hüquqdan mərhum edilə bilməz. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli, 2 nömrəli Qərarının 7ci bəndinin 7-ci abzasına əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin əri (arvadı) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin dövlət qeydiyyatından keçməməsi iddiaçının evə köçürülməsinə mane ola bilməz. Əslində Mülki Məcəllənin daşınmaz əmlakın dövlət qeydiyyatının zəruriliyindən bəhs edən 139-cu maddəsi də daşınmaz əmlakın dövlət qeydiyyatından keçirilməməsinin ondan istifadəni də qeyri-mümkün etdiyini təsdiq etmir. Belə ki, həmin maddədə artıq faktiki cəhətdən mövcud olan mülkiyyət hüququnun, yaxud onun ayrı-ayrı komponentlərinin dövlət qeydiyyatından keçməsinin zəruriliyindən danışılır. Odur ki, evə köçürülmə özlüyündə mövcud olan mənzildən istifadəni nəzərdə tutduğundan və mübahisəli mülklə bağlı iddiaçının bu hüququ evdə müəyyən müddət yaşamaqla həyata keçirildiyindən məhkəmə evə köçürülməni qanunazidd hesab etmir. Məhkəmə zamanı həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mübahisəli mənzil hal-hazırki vaxtadək sənədləşdirilməmiş və özbaşına tikinti hesab olunur. Belə olan halda məhkəmə tərəflər arasındakı münasibətlərlə bağlı müəyyən olunmuş işin faktiki hallarına qiymət verməklə qeyd edir ki, iddiaçı və onun azyaşlı uşaqları qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında yerləşən evə köçürülərək yaşamaq hüququna malik şəxslər kimi qəbul edilməlidirlər. Mənzil Məcəllənin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), həmin Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin və ya qəyyumlarının yaşayış yeri sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitə lilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə cavabdeh tərəfdən şahid Hacıyev Hicran Məhərrəm oğlunun məhkəmə iclasında verdiyi ifadəyə tənqidi yanaşaraq, həmin şahidin cavabdehin (qardaşı) qohumu olduğundan şahid Hacıyev Hicran Məhərrəm oğlunun ifadəsini kifayət qədər obyektiv və inandırıcı hesab etmir. Əksinə məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının atası İbrahim İsmayılov və qardaşı 3cü şəxs İlqar İsmayılov tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında yerləşən torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin inşa olunması öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı 2010-cu ildən rəsmi qaydada nikahları pozulanadək, yəni xx.xx.2019-cu il tarixədək Gəncə şəhəri, Gülüstan qəsəbəsində AzKTA-6 ətrafında yerləşən fərdi yaşayış evində yaşamış və həmin evdə cavabdehlə birgə təsərrüfat idarə etmiş, uşaqlar da həmin evdə doğulmuşlar. İddiaçı boşandıqdan sonra azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxmasına baxmayaraq, ona məxsus olan cehiz əşyaları hazırda həmin mübahisəli evdə qalmaqda davam edir. İddiaçının həmin tarixdən daim həmin evdə yaşamaqla təsərrüfat aparması, ona məxsus olan əşyaların da hazırda həmin ünvanda yerləşməsi evdə yaşayan şəxslərə məlum olmuş və həmin vaxtlar cavabdeh tərəf buna qarşı hər hansı etirazını bildirməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd olunan yaşayış sahəsi hazırda sənədləşdirilməmiş və özbaşına tikinti hesab olunur. Belə olan halda məhkəmə iddia tələbinin təmin olunaraq, iddiaçının azyaşlı uşaqları ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi Az.KTA-6 ərazisində yerləşən evə köçürülmələrini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETD İ : İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2005-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X14 adlı uşaqları ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi Az.KTA-6 ərazisində yerləşən evə köçürülsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-434/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-434/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver