Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-435/2021 23.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X26 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X17, Cavabdeh1 və onun vəkili X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsinə, çıxarışın ləğv olunmasına və vərəsəlik hüququnun tanınmasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.06.2020-ci il tarixli, 2V-104 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında 16.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini, qanun üzrə vərəsə olaraq payının müəyyən olunmasını, payına münasib olaraq mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 05.06.2020-ci il tarixli, 2V-104 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında 16.06.2020-ci il tarixli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini, qanun üzrə vərəsə olaraq iddiaçının payının müəyyən olunmasını, payına münasib olaraq mülkiyyət hüququnun tanınmasını, həmçinin Cavabdeh1 ilə X22 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək onun bütün hüququ nəticələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 Gəncə şəhəri 1 saylı notariat kontorunun verdiyi 05.06.2020-ci il tarixli 2V-104 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 2 öz adına dövlət qeydiyyata alınmışdır. Qeyd olunan yaşayış evi mərhum atası X7 məxsus olmuşdur. Atası öldükdən sonra saxta vərəsəlik arayışı təqdim edərək, digər vərəsələri gizlətməklə öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Atalarının vərəsəsi olaraq, iddiaçı həmin əmlakı idarə etməklə, mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, atasının dəfn xərcləri iddiaçı tərəfindən ödənilmiş, atasının dəfnindən sonra 1 həftə iddiaçı Gəncə şəhərində qalmış, qırx mərasimində və ölümünün il dönümündə iddiaçı iştirak etmişdir. Bundan başqa iddiaçı 2013-2015-ci illərdə həmin evi əsaslı olaraq təmin etmişdir. Ona görə də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Həmçinin ünvan 2 Gəncə şəhəri 1 saylı notariat kontorunda bağlanmış 24 avqust 2020-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Həmin alqı-satqı müqaviləsi əsasında X18 01.09.2020-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. X22 isə öz növbəsində həmin əmlakı öz oğluna bağışlamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, atası X11 vəfat etdikdən sonra mirası faktiki olaraq o, qəbul etmişdir. İddiaçı olan qardaşı İddiaçı o, hissə-hissə olmaqla 4500 ABŞ dolları borc vermişdir. 2003-cü ildə atası vəfat edən zaman iddiaçı yas mərasimini ona qaytarmalı olan borcun hesabına etmişdir. Bu o, deməkdir ki, yas mərasimi tamamilə onun şəxsi pulu ilə edilmişdir. Çünki atasının ölümünün il dönümündə o, qardaşından ona olan borcunu qaytarmasını tələb etdikdə, qardaşı həmin pulun 2000 ABŞ dollarını atasının yas mərəsiminə xərclədiyini, qalan pulu isə sonra qaytaracağını bildirmişdir. Atasının yas mərasimində qardaşı onun borcunu qaytarmaq istədikdə o, qəbul etməmiş, böyük qardaş olaraq yas mərasiminin sonuncunun keçirməsini bildirmişdir. O, qardaşı Əmiri evi satan ərəfədə tapa bilsə idi, evin aralarında bölünməsinə razı olardı, lakin hazırda qardaşına 50000 manat pul verməyə imkanı yoxdur. O, həmişə qardaşı Əmirə maddi və mənəvi dəstək olmuşdur, hazıda da onun maddi imkanı olsa idi, bir qardaş kimi Əmirə evin pulunun yarısını verərdi, amma bu o demək deyildir ki, qardaşının evdə payı var, o, miras əmlakdan qardaşına pay verilməsinə razı deyildir. X31 şəhərinə gəldikdə heç vaxt həmin evdə yaşamamışdır. Sonda cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Ramin adlı dəllal vasitəsi ilə taparaq almışdır. O, evi almamışdan əvvəl Gəncə Asan Xidmət Mərkəzində evi yoxlatdırmış, hər hansı problem olmadığı üçün almışdır. Bundan sonra həmin evi kirayə verməkdə ona kömək etmək üçün etibarnamə ilə evi Gülnar muradovaya vermişdir. Hazırda o, evi oğlu Sabutay Zeynalova bağışlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun qardaşı uşaqlarıdır. Onun qardaşı X11 1961-ci ildə Bağbanlar qəsəbəsində Kirov kolxozunda işlədiyi üçün 8 sot torpaq sahəsi almış və hazırki mübahisəli evi tikdirmişdir. 2003-cü ildə qardaşı Sabir vəfat etmiş, həmin vaxt yas mərasiminin bütün xərclərini İddiaçı çəkmişdir. Sabir vəfat etməmişdən əvvəl kiməsə borcu olması və evi hansı oğluna verəcəyi barədə ona məlumat verməmişdir. O, hesab edir ki, ev Əmirə verilməlidir, çünki Əmir atasının yas mərasiminin bütün xərclərini çəkmiş və həmin evi əsaslı təmir etdirmişdir. Atası vəfat etdikdən sonra Əmir Rusiya Federasiyasına getmiş, həmin evdə yaşamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun qardaşı uşaqlarıdır. Mərhum qardaşı Sabir Hüseynəliyev vəfat etdikdən sonra, yas mərasiminin xərcini oğlu Əmir çəkmişdir. Atasının yas mərasimindən sonra Əmir Rusiya Federasiyasına getmiş, Gəncə şəhərinə gec-gec gəlmişdir. O, Gəncə şəhərinə gələndə mübahisəli evdə və ya dayısıgildə qalmışdır. Rusiya Federasiyasında olduğu müddətdə Əmir evi əsaslı təmir etdirmişdir. Mübahisə olunan evdə Sabirin oğlu Müsfiqin arvadı və uşaqları yaşamış, Müşfiq isə Rusiya Federasiyasında işlədiyi üçün, ara-sıra gəlmişdir. Qardaşı Sabir ölməmişdən əvvəl hazıki miras mülkün övladları arasında bölünməsi barədə heç bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun bibisi oğlanlarıdır. Onun sonunculara qarşı heç bir düşmənçilik və ədavəti yoxdur. Sabir Hüseynəliyev 6 may 2003-cü il tarixdə vəfat etmişdir. Sabir Hüseynəliyev vəfat etdikdən sonra Əmir özünə məxsus Bakı şəhərində yerləşən mənzili 88000 ABŞ dollarına satmış, həmin pulun 3000 ABŞ dollarını Əmir özü ilə götürmüş, 85000 ABŞ dollarını isə ona vermiş, Daha sonra X32 Limanından Rusiya Federasiyasına yola salmışdır. 85000 ABŞ dolları təxmini 1-2 ay qaldıqdan sonra Əmir ona atalarından qalmış evi təmir etdirməyini bildirmişdir. 09.09.2013-cü ildə həmin evi təmir etdirməyə başlamışdır. Evin təmiri ilə bağlı nə qədər xərc çəkilməsinə dair sübutlar vardır. Həmin evə ümumilikdə 78000 manat xərc çəkilmişdir. Belə ki, Əmir evin təmiri ilə əlaqədar ona verdiyi 85000 ABŞ dollarından əlavə 15000 ABŞ dolları pul göndərmişdir. Evin təmirindən sonra Müşfiqin qızına elçi gəlmişdir. Daha sonra Əmir Müşfiqin qızının toy mərasimində də xərc çəkmişdir. Belə ki, toy mərasimi ilə bağlı 3600 manat pul lazım olmuş, həmin pulun 2400 manatını toy mərasimində yığılmış pulla, qalan hissəsini isə Əmirin göndərdiyi pulla ödəmişdir, hətta cehiz əşyalarını da Əmir almışdır. Əmir hər ay Müşfiqə pul göndərmiş, həmin pula avtomobil almışdır. Əmir atasının yas mərasimində 7 gün iştirak etmiş, daha sonra isə il dönümündə iştirak etmişdir. Əmir il dönümünə kimi bir neçə dəfə gəlib getmişdir. Əmir Gəncə şəhərinə gələndə ev təmir olunmamışdan əvvəl, evin şəraiti pis olduğu üçün orada qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun bacısının uşaqlarıdır. Sabir Hüseynəliyev təxmini 2001-2002-ci illər ərəfəsində, bacısı X8 isə 2000-ci ildə vəfat etmişdir. Bacısının dəfn mərasiminin xərcini sonuncu özü çəkmişdir. Mərhum Gülçöhrənin dəfn mərasimində iddiaçı və cavabdeh iştirak etməmişdir. Sabir Hüseynəliyev vəfat edəndə, iddiaçı və cavabdeh iştirak etmişlər. Sabir Hüseynəliyev vəfat edən zaman onun mirası övladlarına qalmışdır. Cavabdeh Müşfiq həmin miras mülkdə daimi yaşamışdır. Belə ki, Müşfiq çox vaxt Rusiya Federasiyasında olmuşdur. Həmin ev 1984-cü ildə iddiaçı vı cavabdehin anası Gülçöhrənin hesabına tikilmişdir. Gülçöhrə vəfat etdikdən sonra həmin evdə Müşfiqin arvadı yaşamışdır. İddiaçı 2008-2010-cu ildə evi təmir elətdirmiş və evə 80-90 min manat pul xərcləmişdir. Sabirin yas mərasimində o, iştirak etməmişdir. Sabirin çox borcu olmuş, həmin borcun bir hissəsini Əmir ödəmişdir. Əmir anasının yas mərasiminə xərclədiyi pulun müqabilində sonuncuya 17 min manata Niva markalı avtomobil almışdır. Sabir vəfat etdikdən sonra mübahisəli evlə maraqlanan olmamışdır.Müşfiq çox vaxt Rusiya Federasiyasında olmuş, Azərbaycana qayıdan zaman həmin evdə yaşamamışdır. Sabir vəfat etdikdən sonra onun yas mərasiminin xərcini Əmir çəkmişdir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 19.08.2020-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Faiq Bayramov (keçmiş Azərbaycan qadını) küçəsi, 76 saylı fərdi yaşayış evinin kimin adına olması barədə arayışın və arxiv sənədlərinin surətlərinin verilməsinə dair 13 avqust 2020ci tarixli, 107/2020 saylı məktuba Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, məktuba cavab olaraq bildirilmişdir ki, Bağmanlar qəsəbəsi Kirov adına kolxozun 01.04.1960-cı il tarixli 2 nömrəli iclas protokolundan çıxarışına əsasən X7 fərdi yaşayış evinin tikintisi üçün 800.0 kvm tirpaq sahəsi ayrılmışdır. Kirovabad şəhər Gəncə rayon X21 İcraiyyə Komitəsinin 27.06.1988-ci il tarixli qərarının 6 nömrəli protokoluna əsasən ünvanı Azərbaycan qadını küçəsi, 76 olan fərdi yaşayış evində müvafiq icazə sənədlərin olmadan inşa edilmiş tikili “A”-da 38.0 kvm yaşayış otağı, 20.8 kvm örtülü eyvan, tikili “B”-də 36.9 kvm, 24.6 kvm, 21.6 kvm yaşayış otaqları, 41.9 kvm dəhliz, 8.3 kvm mətbəx, 35.6 kvm zirzəmi, 10.0 kvm, 30.0 kvm, 33.0 kvm əl damları, 5.8 kvm, 10.0 kvm hamamlar, 7.5 kvm mətbəxin qanunlaşması haqqında rəy təsdiq edilmişdir.144.8 kvm yaşayış sahəsindən, 20.8 kvm köməkçi sahədən, 10.0 kvm, 30.0 kvm əl damlarından, 5.8 kvm, 10.0 kvm hamamlardan ibarət olan tikililərin və 600.0 kvm tirpaq sahəsinin hüquqverici sənədlərlə təmin edilərək X5 mülkiyyətində saxlanılması, 330.0 kvm torpaq sahəsinin yerli sovetin torpaq fondunda saxlanılması barədə qərar verilmişdir. 1 saylı notariat kontorunun 15.09.1988-ci il tarixli 2-3-410 saylı bağışlama müqaviləsinə əsasən X11 mülkünün tikili “A”–da yaşayış evində olan 61.7 kvm iki yaşayış otağı, 29.8 kvm örtülü eyvanı, 34.5 kvm keçidi, həmçinin 13.0 kvm hamam, 9.0 kvm mətbəx, 55.0 kvm əl damından ibarət hissəsini X3 bağışlamışdır, tikili “B”-də 83.1 kvm üç yaşayış otağı, 41.9 kvm küçid, 8.3 kvm mətbəx, 33.0 kvm əl damı, 35.6 kvm zirzəmi, 10.0 kvm hamam tikililərini öz istifadəsində saxlamışdır.Bundan sonra əmlak iki hissəyə bölünmüşdür, ünvanı Faiq Bayramov küçəsi, 76 olan fərdi yaşayış evi X4 adına, Faiq Bayramov küçəsi, 76 A olan fərdi yaşayış evi X2 adına qeydiyyatda alınmışdır. X2 hal-hazırda ünvanı Faiq Bayramov küçəsi, 76 olan fərdi yaşayış evinə (0.03 ha torpaq sahəsində yerləşən tikili “A”da 22.2 kvm, 24.6 kvm, 36.1 kvm üç yaşayış otağı, 11.3 kvm mətbəx, 41.0 kvm örtülü eyvan, 35.6 kvm zirzəmi, tikili “B”-də 33.5 kvm əl damı, tikili “C”-də 12.3 kvm hamam, tikili “İ” – də 31.2 kvm talvar) 27.04.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 1 saylı notariat kontorunun 05.06.2020-ci il tarixli 2V-104 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak Cavabdeh1 adına keçmişdir və ona 16.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - 24 avqust 2020-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 135.2 kv/m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə X18 100000 manata satmışdır. - 25 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsinin surətindən görünür ki, X9 şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsi, ev 76 ünvanında yerləşən, mülkiyyətdə olan 0.03 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilimiş ümumi sahəsi 135.2 kv/m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə X19 bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X13 adına 01.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X14 adına 08.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - 05.06.2020-ci il tarixli, 2V-1-104 saylı notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh1 X5 vərəsəsi kimi tanınmışdır və miras əmlak Gəncə şəhəri, F.Bayramov küçəsi, ev 76 saylı evdən ibarətdir. 5 iyun 2020-ci il tarixdə Cavabdeh1 tərəfindən X5 vərəsəsi olması barədə notariat kontoruna müraciət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X5 adına 27.04.2020-ci il tarixdə qeydiyyata alınmışdır. 20 may 2020-ci il tarixli arayışda X11 06.05.2003-cü il tarixdə ölmüşdür və ölən günədək ünvan 1 ünvanında yaşamışdır. Mərhumun aşağda adları qeyd olunan ailə üzvləri olmuşdur: arvadı X6 28.06.1999-cu ildə ölmüşdür, oğlu X15 1971-ci il təvəllüldü, mərhumun valideynlərindən sağ qalanı yoxdur. Ölümündən sonra heç bir azyaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvü qalmamışdır. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 07.05.2003cü il tarixdə, X6 isə 29.06.1999-cu il tarixdə vəfat etmişdir. Arayışdan görünür ki, X11 ilə X6 arasında olan nikah Daşkəsən rayon İH başçısının Çıraqlı İƏDÜN-sində 01 noyabr 1968-ci il tarixdə qeyd edilmişdir. Məhkəmə tərəflərə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Şərh olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməklə faktiki surətdə mirası idarə etməyə və ya mirasa sahiblik etməyə başlamaq, həmçinin, notariat orqanına mirası qəbul etmək barədə ərizə vermək və bu hərəkətlərin miras açıldığı vaxtdan 6 ay müddətində edilməsi. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh miras açıldıqdan, yəni 06.05.2003-cü il tarixdən sonra mirasa faktiki surətdə sahiblik və idarə etməklə ailəsi ilə birlikdə orada yaşamış, sonradan isə notariat kontoruna müraciət etmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin iddiaçının miras əmlakda qardaşının ailə üzvləri ilə birlikdə yaşayaraq qəbul olunmasından xəbəri olmasına baxmayaraq, qeyd olunan hərəkətlərin heç biri iddiaçı tərəfindən edilməmiş, yəni iddiaçı mirasın açıldığı 06.05.2003-cü il tarixdən 6 ay ərzində nə həmin evdə yaşayaraq mirası idarə edib sahiblik etməyə başlamış, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmiş, bununla da mirası qəbul etməmişdir. İddiaçı miras əmlakı qəbul etməsini atasının dəfn və yas mərasimi xərclərini ödəməsi və 2013-2015-ci illərdə miras əmlakı təmir etməyi ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, bu hal mirası qəbul etmək kimi qəbul edilə bilməz, çünki iddiaçı övlad olaraq atasının dəfn xərclərini və yas mərasiminin xərclərini ödəmiş, miras əmlakı isə miras açıldığı gündən təxminən 10 il sonra təmir etdirmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, çıxarışın ləğv olunmasına və vərəsəlik hüququnun tanınmasına dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) aykeçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-435/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-435/2021
23.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver