Məhkəmə qərarları › İş №2(044)-504/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-504/2022

12.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-504/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ona məxsus ünvan 2 ünvanında yerləşən mülkdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur, bu barədə iddiaçıya 02.05.2002-ci il tarixli, 14947 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının gəlinidir, iddiaçının oğlu X3 ilə Cavabdeh 2001-ci ildə el adəti ilə toy edərək iddiaçıya məxsus evə köçüb yaşamışlar. Cavabdeh 2005-ci ildə iddiaçının mənzilinə qeydiyyata düşmüş, lakin iddiaçı buna notarial qaydada razılıq ərizəsi verməmişdir. İddiaçının oğlu X3 10 il əvvəl vəfat etmişdir. Hazırda cavabdehin iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda olmağı sonuncuya mülkiyyət hüquqlarından istifadə etməyə məhdudiyyət yaradır, iddiaçı cavabdehə görə əlavə kommunal ödənişlər ödəməyə məcbur olur. Cavabdehin iddiaçının evindən istifadə hüququ yoxdur, buna görə də iddiaçı sonuncunun evdən çıxarılması barədə iddia qaldırmışdır. Sonda o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçının oğlu X3 ilə 2001-ci ilin iyun ayında ailə qurmuş, 11.10.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. O, ailə qurduğu vaxtdan iddiaçıya məxsus evə gəlin köçmüş və bu günə qədər də həmin evdə yaşayır və orada qeydiyyatdadır. 03.07.2011-ci il tarixdə onun əri X3 vəfat etmişdir. Hazırda iddiaçı ilə onun arasında mübahisələr yarandığı üçün iddiaçı onu evdən çıxarmaq istəyir. Hətta iddiaçının xarici ölkədə yaşayan qızı da onun evdən çıxmasına razı deyildir. Sonda o, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanındakı yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında 03.05.2002-ci il tarixdə qeydə alınmışdır. - nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 11.10.2001ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - ölüm haqqında şəhadətnamədən görünür ki, X3 03.07.2011-ci il tarixdə Ağ ciyər vərəmi səbəbindən ölmüşdür. - Gəncə Şəhər Baş Polis İdarəsinin 25.03.2022-ci il tarixli məktubundan və Elektron Məhkəmə Sistemindəki şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında 07.12.2005-ci il tarixdən qeydiyyatdadır. - Gəncə Şəhər Baş Polis İdarəsinin 30.10.2020-ci il tarixli 120-20482 K-3220 saylı məktubunda qeyd edilmişdir ki, cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxması üçün “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı, Cavabdeh və X2 şəhəri, Nizami rayonu, Ə.Rəfibəyli küçəsi, 2-ci dalan, ev 6-da qeydiyyatdadılar. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2001-ci ildə yaranmışdır və buna görə də mövcud mübahisə üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı nəzərə alınmalıdır. Həmin qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh 11.10.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq iddiaçıya məxsus mənzilə gəlin köçdüyü üçün tərəflər arasında hüquq münasibətləri 01.10.2009-cu il tarixdən əvvəl yarandığından məhkəmə hesab edir ki, həmin dövrdə mülkiyyətçi ilə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Şərh olunan hüquq normaları mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış notarial müqavilə ilə şərtləndirir. Cavabdeh İddiaçı ailə üzvü olmadığından və tərəflər arasında fərdi yaşayış evindən istifadə ilə bağlı notarial müqavilə bağlanması və cavabdehin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iş materiallarında heç bir sübut olmadığından məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə ümumiyyətlə istifadə hüquqü yaranmamışdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 25.12.2009-cu il tarixli qərarında şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Cavabdehin həmin evdə qeydiyyatda olması ilə bağlı məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir və cavabdehin mübahisəli mənzilə olan yaşayış yeri üzrə qeydiyyatı mənzildən istifadə hüququ əldə etməsi kimi qəbul edilə bilməz. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinin birinci hissəsində yaşayış yeri üzrə qeydiyyatın konkret məqsədləri müəyyən edilmişdir: - ölkədə yaşayan şəxsləri qeydiyyata almaq, - onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq, - insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyində isə yalnız qeydiyyat amilinin yaşayış sahəsindən istifadə hüququ yaratması müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Ə.Rəfibəyli küçəsi, 2-ci dalan, 6 saylı evdən istifadə hüququ olmadığından o, həmin evdən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Rəfibəyli küçəsi, 2-ci dalan, 6 saylı evdən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar