Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-534/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X5 miras olaraq onunla birlikdə üzvü olduğu “Davam” kooperativinin nizamnaməsi ilə müəyyən edilmiş bir manat üzvlük haqqı üzrə miras qalmış kooperativdə olan əmlakının varis olaraq onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi və həmin pay üzərində vərəsəlik hüququnun tanınması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək mərhum qardaşı X5 miras olaraq onunla birlikdə üzvü olduğu “Davam” kooperativinin nizamnaməsi ilə müəyyən edilmiş bir manat üzvülük haqqı üzrə miras qalmış koperativdə olan əmlakının varis olaraq onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 6 may 1994-cü il tarixdə mərhum qardaşı X12, onun oğlu X19 ilə birgə “Davam” kooperativi adlı müəssisə təsis etmişlər. Kooperativin kapitalı 1994-cü il tarixli Nizamnaməyə əsasən 1 manat məbləğində təşkil edilmişdir. Onunla və oğlu ilə birlikdə təsis edilmiş kooperativ öz fəaliyyətini dayandırmışdır. Onunla birlikdə bu kooperativi təsis etmiş mərhum qardaşı X12 10.02.1999-cu il tarixdə, onun arvadı X15 19.05.2009-cu il tarixdə vəfat etmişdir. Mərhum qardaşının vəfatından sonra “Davam” kooperativini idarə etməklə, hüquqi şəxsin nizamnamə fondunda olan payı miras olaraq faktiki qəbul etmişdir. Hal-hazırda sözügedən müəssisəni yenidən qeydiyyatdan keçirərək istifadə etmək istəsə də, mərhum qardaşının ölümü ilə bağlı müəssisənin fəaliyyətinin və müvafiq rəsmiləşdirmə işlərini apara bilmir. Hazırda müəssisəyə dair möhür və Nizamnamə olması mirası faktiki olaraq qəbul etməyini nümayiş etdirir. Kooperativ müəssisə üzvülüyə əsaslanmaqla onun üzvülük haqqı olaraq müəssisənin hesabına ödənilməsi və həmin müəssisənin idarəçiliyini həyata keçirilməsi mirasın onun yeganə şəxs olaraq qəbul etməyini göstərir. 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd etdiyi kimi qardaşının ölümündən sonra həmin müəssisəni idarə edərək müəssisəyə dair möhürün, sənədlərin, Nizamnamənin onda olması və üzvülük haqqı olaraq həmin haqqın heç kim tərəfindən götürülməməsi mirasın açıldığı müddətdən onun tərəfindən qəbul edildiyini göstərir. Həmin kooperativ 1990-1996-cı illərdə fəaliyyət göstərmiş, ondan sonra heç bir fəaliyyət göstərməmiş, 2007-ci ilədək kooerativin obyekti sahibsiz və baxımsız qalmış, həmin illərdə kooperativlə bağlı hər hansı hərəkət edilməmiş, 2007-2020-ci illərdə isə kooperativə məxsus obyekt icarədə olmuşdur. Sonda ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəçinin izahatındakı xüsusatları təsdiq edib, ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X12 ilə X16 10 mart 1955-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir. -X7 Qeydiyyat Haqqında şəhadətnaməsindən görünür ki, Gəncə şəhəri, R.Qasımov küçəsi, İİ dalan, ev 18 yerləşən “Davam” kooperativi 5 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, əsas fəaliyyət növləri və yönümü- xalq istehlakı mallarının, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının istehsalı və satışı, pərakəndə, topdan satış, komisyon ticarət sahəsində işlər və xidmətləri həyata keçirilməsidir. - 6 may 1994-cü il tarixli “Davam” kooperativinin nizamnaməsindən görünür ki, təsisçiləri X14, X12 və X19 olmuşdur. - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X12 10.02.199-cu il tarixdə vəfat etmiş. Ölüm səbəbi xərçəngin intoksinasiyası. - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 18.05.2009-cu il tarixdə vəfat etmişdir. Ölüm səbəbi ağ ciyər ödəmi. Məhkəmənin sorğusuna cavab olaraq: - 04 mart 2021-ci il tarixli Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məktubundan görünür ki, Maraqlı şəxs fakitiki yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. - 12.03.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin məktubundan görünür ki, X8 adına qeydiyyatda olan heç bir nəqliyyat vasitəsi aşkar olunmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin 17.03.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 24.08.1992-ci il tarixli 1402 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X8 mülkiyyətinə verilmişdir. Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun 30.07.1993-cü il tarixli 2-3-577 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi X1, ona 6793 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 24.08.1992-ci il tarixli 1402 nömrəli sərəncamına əsasən 10.07.1995-ci il tarixli 1694 nömrəli əlavə tikililər X4 mülkiyyətinə verilmişdir. Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun 23.09.2004-cü il tarixli 4Ə-4-816 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi X2, ona 27.09.2004-cü il tarixli 6793 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun 06.10.2010-cu il tarixli 4Ə-2-271 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X9 16.10.2010-cu il tarixli **********14-103001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda bu əmlak 12.08.2013-cü il tarixli, 12.08.2013-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qasımova (Sultanova) Leyla Nəsir qızının mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 29 mart 2021-ci il tarixli məktubundan görünür ki, elektron-uçot məlumat bazasına əsasən aparılan araşdırmalar zamanı “Davam” Kooperativinin vergi ödəyicisi kimi Vergi orqanında qeydiyyatda olması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin 06.04.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş 10.02.1999-cu il tarixdə vəfat etmiş X8 və 18.05.2009cu il tarixdə vəfat etmiş X11 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 06.04.2021-ci ilədək yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12.04.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində “Davam” kooperativinin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd nəzarətinin 23.04.2021-ci il tarxli məktubundan görünür ki, Maraqlı şəxs sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında 15.04.2013-cü il tarixdə çıxış, 18.04.2013cü il tarixdə giriş barədə məlumat qeydə alınmışdır. - Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 06.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən “Davam” kooperativi və onun fəaliyyəti barədə məlumat aşkar olunmamışdır. - 22 may 1995-ci il, 31 may 1995-ci il, 20 noyabr 1995-ci il tarixli sərəncamlardan görünür ki, “Davam” kooperativi həmin vaxtlarda fəaliyət göstərmişdir. Məhkəmə ərizəçini və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X3 10.02.1999-cu il tarixdə vəfat etdiyi üçün hüquq münasibətləri 01.09.2000-ci ildən əvvəl yarandığından məhkəmə hesab edir ki, həmin dövrdə münasibətləri tənzimləyən Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il) müddəaları tətbiq olunmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Şərh olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməklə faktiki surətdə mirası idarə etməyə və ya mirasa sahiblik etməyə başlamaq, həmçinin, notariat orqanına mirası qəbul etmək barədə ərizə vermək və bu hərəkətlərin miras açıldığı vaxtdan 6 ay müddətində edilməsi. Ərizəçi Rafiq Məlikov mirasın açıldığı, yəni qardaşı Rüstəm Məlikovun vəfat etdyi 10.02.1999-cu il tarixdən 6 ay ərzində nə həmin kooperativi idarə edərək sahiblik etməyə başlamış, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmiş, bununla da mirası qəbul etməmişdir. Ərizəçi miras əmlakı qəbul etməsini kooperativə məxsus obyekti 2007-ci ildən 2020-ci ilədək icarəyə verməsi, kooperativin möhür və nizamnaməsinin özündə olması ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, bu hal mirası qəbul etmək kimi qəbul edilə bilməz. Çünki kooperativə məxsus obyektin icarəyə verilməsi miras açıldıqdan 8 il sonra olmuş, möhür və nizamnamə isə təsisçilərdən biri kimi ərizəçidə qalmış, lakin miras açıldığı gündən 6 ay ərzində kooperativ heç bir fəaliyyət göstərməmiş, ərizəçi də kooperativin sahibi kimi hər hansı fəaliyyətlə məşğul olmamışdır. Hətta məhkəmə tərəfindən müvafiq dövlət orqanlarına verilmiş sorğularla da müəyyən olmuşdur ki, Davam kooperativi dövlət reyestrində qeydiyyatdan keçməmiş, fəaliyyəti barədə hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ərizəni əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-534/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-534/2021
21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver