Məhkəmə qərarları › İş №2(044)-542/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-542/2021

30.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-542/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən evdən “istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun evinin keçmiş sakini olub. Həmin şəxs uzun illərdir ki, həmin evdə yaşamır, formal olaraq onun evində qeydiyyatdadır. Cavabdehin formal olaraq onun evində qeydiyyatda qalması onun mülkiyyət üzərində hüququnun məhdudlaşdırılmasına səbəb olur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 27.08.2014-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanı mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05.11.2020ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialarında olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin 29.04.2021-ci il tarixli 1422 nömrəli arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, mübahisəli yaşayış evinin iddiaçının mülkiyyətində olması, cavabdehin isə həmin evdə qeydiyyatda olmasına baxmayaraq, həmin evdə yaşamaması məhkəmə araşdırılması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan, cavabdehin uzun bir zaman ərzində mübahisəli evdən çıxıb daimi başqa yerdə yaşamaq üçün getməsi həmin yaşayış sahəsinə olan ehtiyacın artıq aradan qaldırılması deməkdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus olan evdə qeydiyyatda olması formal xarakter daşıdığından iddia əsaslıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətindəki yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanından istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar