Məhkəmə qərarları › İş №2(044)-546/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-546/2021

07.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-546/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X5, Cavabdeh2 və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri, Nizami rayonu, Əkbər Babayev küçəsi, ev 7 ünvanında yerləşən evə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 10 iyun 2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 351 saylı akt qeydi ilə nikahlarını qeyd etdirməklə evlənmişlər. Evləndikdən bir müddət sonra xasiyyətləri uyğun gəlmədiyindən o, nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(044)-2243/2020 saylı qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması və övladı 05.04.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.08.2020-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. ünvan 1 ünvanda cavabdehlə o, uşaqları ilə birlikdə yaşamışlar. Hazırda cavabdehlər tərəfindən ona qarşı edilən qanunsuz müdaxilə əsasında o, birgə mülkiyyətləri olan evdən sərbəst şəkildə istifadə edə bilmir. Cavabdehlər ona və uşağına həmin evdə yaşamağa imkan vermir və hər dəfə onunla mübahisə yaratmaqla, təhqir etməklə çalışırlar ki, o, bezərək öz mülkiyyətindən qanunsuz olaraq məhrum olsun. Artıq xeyli müddətdir ki, o, bütün bunlara dözə bilməyərək övladı ilə birlikdə evdən ayrılmışdır və valideynlərinin yanında qalır. Həmçinin qeyd olunan ünvanda iddiaçıya məxsus olan əşyalar vardır ki, həmin əşyaların onun tərəfindən icazə verilmədən istifadə edilməsi onun əmlakına dəyəcək zərəri tam ehtiva edir. Göründüyü kimi, cavabdeh ona evlərindən istifadə etməyinə məhdudiyyət qoymaqla təkcə mənəvi deyil, həmçinin maddi zərər vururlar. Hesab edir ki, o, mübahisəli evə cavabdehlərin razılığı ilə köçdüyündən cavabdehlərlə birlikdə həmin evdə yaşamaq hüququna malikdir və o, həmin hüquqdan məhrum edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi X7 iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(044)- 2243/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 10.06.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 315 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 05 aprel 2015-ci il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra İddiaçı himayəsində saxlanılması, Cavabdeh1 05 aprel 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.08.2020-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı qızının xeyrinə tutulması qət edilmişdir. Belə ki, 16.04.2015-cı il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından 05 aprel 2015-ci il tarixdə X8 anadan olmuşdur. 21.10.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, X15 prospekti, ev 115A, mənzil 27 ünvanında qeydiyyatdadır. 29.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi X1 və X4 paylı mülkiyyətindədir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini həmin yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 10 iyun 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurub, Gəncə şəhəri Nizmai Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(044)- 2243/2020 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş olsa da, əvvəla Cavabdeh1 mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi deyil, digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirdiyindən və qanunvericiliklə müəyyən edilmiş qaydada belə bir razılaşma olmadığından iddia tələbi əsassız hesab edilməli və təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar