Məhkəmə qərarları › İş №2(044)-584/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-584/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-584/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızının və onun nümayəndəsi, vəkil X4, Cavabdeh və onun vəkili X7 iştirakı ilə, İddiaçı Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızının Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, azyaşlı uşaqları X2 və X5, həmçinin yuxarıda adları sadalanan cehiz əşyları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızı məhkəmə iclasında bildirdi ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir, Cavabdeh onun keçmiş gəlinidir və cavabdeh ilə onun oğlu X9 ailə qurmuş, cavabdeh ünvan 2 ünvana gəlin köçmüş, təxminən 2 il yaşadıqdan sonra onun ikinci oğlu ailə qurduğuna görə, cavabdeh ailəsi ilə birlikdə ona məxsus ünvan 1-də yaşamağa başlamış və cavabdeh onun oğlunun xəbəri olmadan məhkəməyə müraciət etmiş, aralarında olan nikah pozulmuşdur. Lakin bu gün o, özü evə köçmək istəmiş və cavabdehdən evdən çıxmasını tələb etmiş, lakin cavabdeh evdən çıxmamış və ona görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh onun keçmiş gəlini olmuş, onun ailə üzvü deyil və cavabdehin onun evində hər hansı bir istifadə hüququ yoxdur. Cavabdeh onun evinə köçərkən onunla hər-hansı müqavilə bağlamamışdır. Cavabdehə məxsus olan - 1 yataq mebeli, 1 ədəd servant, 3 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd dəmir çarpayı, 2 ədədə kreslo, 1 ədəd soyuducu, qabqacaqla və geyim əşyalarından ibarət əşyaları da ona məxsus evdə qalmaqdadır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil X10 məhkəmə iclasında iddiaçının izahatı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, 2002-ci ildə iddiaçının oğlu X9 ilə ailə qurmuş, az müddətdən sonra Rusiyada yaşamışlar, onların birgə nikahlarından iki övladı var, onlar qayıdıb bir müddət Gəncə şəhərində yaşadıqdan sonra uşaqların müalicəsi üçün qayıdıb Rusiyaya getmişlər, orada 10 ilə yaxın yaşamışlar, 2016-cı ildə Gəncə şəhərinə qayıtmışlar və həmin vaxtdan iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Dadaş Bünyatzdə küçəsi, ev 63-də yaşamağa başlamışlar. O, həmin evdə yaşadığı müddətdə təmir işləri görmüş, qapı və pəncərələri dəyişmişdir. Hazırda o, həmin evdə pasport qeydiyyatındadır və o, əri ilə birgə həmin evin təmirinə xeyli xərc çəkmişdir. Hazırda onun uşaqları vərəm xəstəsidir, qalmağa yeri yoxdur və onların evdən çıxarılması uşaqların mənafeyinə zidd olardı. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.1996-cı il tarixdə X1 tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, D.Bünyatzadə küçəsi, 63 saylı ev X3 adına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh keçmiş əri X11 tərəfindən döyülməsinə dair şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, D.Bünyatzadə (indiki Turan) küçəsi, 63 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun xx.xx.1996-cı il tarixli, 3M-4-526 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 xx.xx.1996-cı il tarixli 11333 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Gəncə şəhəri, D.Bünyatzadə küçəsi, 63 saylı ev Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızının mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu X9 ilə nikahları pozulmuşdur. Cavabdeh məxsus – 1 yataq mebeli, 1 ədəd servant, 3 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd dəmir çarpayı, 2 ədəd kreslo, 1 ədəd soyuducu, qab-qacaqla və geyim əşyalarından ibarət əşyaları iddiaçı X6 məxsus Gəncə şəhəri, D.Bünyatzadə küçəsi, 63 saylı ünvanda yerləşən evdədir. Beləliklə, məhkəmə iclasında iddiaçının və onun nümayəndəsinin, cavabdehin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Gəncə şəhəri, D.Bünyatzadə küçəsi, 63 saylı ünvanda yerləşən ev iddiaçı Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızının mülkiyyətindədir. Hazırda Cavabdeh mübahisəli mülkdə yaşayır, iddiaçıcavabdehdən evdən çıxmasini tələb etsə də, cavabdeh evdən könüllü olaraq çıxmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göründüyü kimi iddia üzrə cavabdehlərin mübahisə predmeti olan evə istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olması həmin şəxsin evə istifadə hüququnun olması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Beləliklə qanunvericiliyin mənasına görə qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa qanuni hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Bu mənada hazırkı işin mübahisələndirilməyən hallarına görə üçüncü şəxslərin mübahisəli yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətlərindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, Cavabdeh, azyaşlı uşaqları X8 və X12 və Cavabdeh ilə birlikdə və Cavabdeh məxsus - 1 yataq mebeli, 1 ədəd servant, 3 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd dəmir çarpayı, 2 ədədə kreslo, 1 ədəd soyuducu, qab-qacaqlarından ibarət cehiz və geyim əşyaları ilə birlikdə ünvan 6 saylı ünvanda yerləşən evdən çıxarılmalıdırlar. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, azyaşlı uşaqları X8 və X12 və Cavabdeh ilə birlikdə və Cavabdeh məxsus- 1 yataq mebeli, 1 ədəd servant, 3 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd dəmir çarpayı, 2 ədədə kreslo, 1 ədəd soyuducu, qab-qacaqlarından ibarət cehiz və geyim əşyaları ilə birlikdə ünvan 6 saylı ünvanda yerləşən evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar