Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-592/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Cavabdeh” X4 X5 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” X4 X5 İdarəsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” X4 X5 İdarəsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi»nə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, barəsində olan Gəncə X5 İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli əmrinin əsassız olduğu üçün ləğv edilməsi, onun işə bərpa edilməsi və ödənilməmiş əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, 2007-ci ildən əmək müqaviləsi əsasında Gəncə X6 İdarəsinin müxtəlif şöbələrində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2015-ci il tarixdən Gəncə X5 İdarəsinin Samux rayonu üzrə Təmir-bərpa xidmətində əl ilə qaynaqda elektrik qaynaqçısı işləmişdir. İşlədiyi müddətdə idarə tərəfindən ona qaynaqçı yox, fəhləlik etmək həvalə edildiyindən o, buna etiraz etmiş, lakin onun etirazına əhəmiyyət verməmişlər. O, da məcbur olub polisə müraciət etmiş, bundan sonra onu ancaq öz peşəsi üzrə işlətmişlər, lakin müdriyyət ona qarşı qərəzli olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə Samux rayonu Lək kəndində ərazidə qaynaq işləri aparmışlar. İşləri uzun çəkdiyindən nahara çıxmadan işlərini yekunlaşdırmağa çalışmışlar. Təxminən saat 16:15-də işlərini yekunlaşdırıb evə getmək istəmişlər. Həmin vaxt iş yoldaşları yemək yeməyi təklif etmişlər. Onlar yemək yeyərkən spirtli içki qəbul etmişlər. Bundan sonra Qaz idarəsinə getmişlər ki, işçi yoldaşı idarə etdiyi traktoru təhvil versin. Lakin idarənin hüquqşünası onu götürüb həkimə aparmış, sonra Gəncə şəhərinə həkimə gətirmiş və onda yüngül dərəcəli alkoqolluq müəyyən edilmişdir. Odur ki, buna görə onu işdən azad etmişlər. O, hesab edir ki, bu, ona qarşı qərəzli hərəkətdir. Onun əmək müqaviləsini ləğv edilərkən hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd etdiklərinə əsasən barəsində olan Gəncə X5 İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli əmrinin əsassız olduğu üçün ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxdığı müddətdə ödənilməmiş əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, göstərmişdir ki, İddiaçı cavabdeh təşkilatda Samux rayonu üzrə təmir bərpa xidmətində əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləmişdir. Lakin işlədiyi müddət ərzində işinin öhdəsindən gələ bilmədiyi və rəhbərlik tərəfinən ona həvalə edilmiş işin görülməsindən imtina etdiyinə görə ona 2 dəfə töhmət verilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Samux rayonunun Lək kəndi ərazisində təmir bərpa işləri görərkən iş vaxtı içki içmiş, sonra idarəyə gəlmişdir. Həmin vaxt iş vaxtı olmuş, onun üzünün qızarmış vəziyyətdə olması və sərxoş olması nəfəsindən hiss edildiyindən, o, əvvəl Samux rayonunda həkim müayinəsindən, sonra isə Gəncə şəhərində həkim müayinəsindən keçirilərkən onda sərxoşluq müəyyən edilmişdir. Odur ki, müdriyyətin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddənin “b” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmədən iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 364 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “Cavabdeh” X4 X5 İdarəsinin Samux rayonu üzrə Təmirbərpa xidmətinə 4-cü dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı kimi işə qəbul edilmişdir. İş materialllarına əlavə edilmiş Gəncə X6 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 20/Ü nömrəli əmrindən görünür ki, Gəncə X6 İdarəsinin Samux rayonu üzrə Təlim bərpa xidmətinin əl ilə qaynaqda elektrik qaynaqçası İddiaçı rəhbərlik tərəfindən ona verilmiş tapşırığın öhdəsindən layiqincə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materialllarına əlavə edilmiş Gəncə X6 İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli əmrindən görünür ki, Gəncə X6 İdarəsinin Samux rayonu üzrə Təlim bərpa xidmətinin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı rəhbərlik tərəfindən ona verilmiş tapşırığı yerinə yetirməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsinə xitam verilirsə, bu zaman həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. İş materiallarına əlavə edilmiş Gəncə X5 İdarəsinin Həmkarlar X2 Qaz İstismar İdarəsinin rəisinə ünvanladığı “İşçinin işdə qalıb-qalmaması məsələsinə Həmkarlar Təşkilatının münasibət bildirilməsi” haqqında məktubundan görünür ki, Gəncə X6 İdarəsinin Samux rayonu üzrə Təlim bərpa xidmətinin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı işdə nizam-intizam qaydalarını, əmək intizamını pozaraq öhdəsinə düşən öhdəlikləri yerinə yetirmədiyinə və spirtli içki içərək işə sərxoş gəlməsinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Samux rayon xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 442 nömrəli tibbi müayinəyə dair protokoldan görünür ki, İddiaçı tibbi müayinədən keçirilmiş və onda “yüngül dərəcəli sərxoşluq” müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə RQİİ-nin xəstəxanası tərəfindən tərtib edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə üzrə xx.xx.2020-ci il tarixli 1314/2020 nömrəli tibbi müayinəyə dair protokoldan görünür ki, İddiaçı tibbi müayinədən keçirilmiş və onda “yüngül dərəcəli sərxoşluq” müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı “Cavabdeh” X4 X5 İdarəsinin Samux rayonu üzrə Təmir-bərpa xidmətində əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “b” bəndinə əsasən (alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən işdən azad edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri həmin maddənin ç bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri də həmin maddənin b bəndinə əsasən işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmasıdır. Beləliklə də, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarının və yuxarıda göstərilmiş materiallarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, “Cavabdeh” X4 X6 İdarəsi İddiaçı əmək müqaviləsini ləğv edərkən müəyyən edilmiş əsaslar məhkəmə araşdırması zamanı təsdiq olunduğundan, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğundan və alkoqollu içki qəbulu nəticəsində işdə olarkən sərxoş vəziyyətdə olması müəyyən edildiyindən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Cavabdeh” X4 X5 İdarəsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-592/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-592/2021
10.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver