Məhkəmə qərarları › İş №2(044)-683/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-683/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-683/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilmə faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxxxx 1971-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmağına dair doğum akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək onun xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda Təpəkənd kəndində doğulmağına, atası X5, anası X2 olmasına dair doğumun qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, o, xx xxxxxxxx 1971-ci il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuşdur. Daha sonra ünvan 1 ünvanında arvadı X1 ilə birgə yaşamışdır. O, Ermənistandan gələndə doğum şəhadətnaməsinin əsli orda qalmış, kserosurətini gətirmişdir. Onlar Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinə müraciət etsə də, oradan ona doğum akt qeydinin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu bildirilmişdir. Ona görə də o, məcbur olub ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda ərizəçi ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Şəlalə Cəfərova məktubla məhkəməyə müraciət edərək mülki işin onların iştirak olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Ərizəçi onun həmkəndlisidir, eyni zamanda onların qohumluq münasibətləri də var. Nadir onun mərhum qızı ilə bir sinifdə oxumuşdur. Ərizəçi həqiqətən 1971-ci il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonu, Təpəkənd kəndində doğulmuş, atası Əli, anası Qotaz olmuşdur. Nadirin iki qardaşı var, böyük qardaşı vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Nadir onun qızı ilə sinif yoldaşı və yaşıd olmuşlar. Nadirin atası ilə anasını tanıyır, atası Əli, anasının adı isə Qotaz olmuşdur. Mülki iş materiallarında olan: - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. - 23.09.1971-ci il tarixli, İ-ЗЖ № 107191 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuş, ata qrafasında X5 ana qrafasında X2 qeyd edilmişdir. - Evlər üçlüyünün verdiyi arayışdan görünür ki, Ərizəçi həqiqətən ünvan 2 ünvanında yaşayır. - Maraqlı şəxs tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, vətəndaş Ərizəçi doğumu haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. Doğum bərpa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları” ilə müəyyən edilir. Belə ki, həmin qərara əsasən doğum bərpa həqiqətən bu cür qeydlərin olduğunu təsdiq edən sənədlər əsasında və qanunvericiliyin tələblərinə uyğun olaraq aparılır. Lakin qanunvericiliyə əsasən bu cür və digər sənədlər təqdim edə bilmədiklərindən doğumun bərpası mümkün olmamışdır. Doğum faktının müəyyən edilməsi məqsədilə məhkəmə orqanına müraciət etməyi bildirilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(044)- 683/2021 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin 29 mart 2021-ci il tarixli № 291 (87)/3 saylı məktubundan görünür ki, vətəndaş Ərizəçi xx.xx.1971ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olması barədə qeyrirespublikaların arxiv sənədləri X11 Filialında mühafizə olunmadığı üçün sorğuya müsbət cavab verilməmiş, həmçinin bildirilmişdir ki, Gəncə şəhər Nikah Evi arxiv fondunun 1971-ci il üzrə sənədləri X11 Filialına təhvil verilməmişdir. - Məhkəmənin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanladığı 03 mart 2021-ci il tarixli, 2(044)-683/2021 № (daxilolma 30.03.2021-ci il, № 937) Ərizəçi barəsində olan sorğusuna cavab olaraq bildirilmişdir ki, Ermənistan Respublikasında anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların iş stajı və başqa sosial-hüquq xarakterli hər hansı bir sənədi, o cümlədən doğum, ölüm və nikah haqqında VVAQ sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivində yoxdur. - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş vətəndaş Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmin illər üzrə akt qeydləri şöbənin arxivində saxlanılmır. - Gəncə şəhər Nizami rayon şeydiyyat şöbəsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, xx.xx.1971-ci il tarixdə Ermənistan Amasiya rayonunda anadan olmuş vətəndaş Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda Təpəkənd kəndində doğulmasına, atasının X5, atasının milliyətinin azərbaycanlı, anasının X2, anasının milliyətinin azərbaycanlı olmasına dair doğum akt qeydi aparılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmənin sorğusuna verilmiş cavablardan müəyyən olunmuşdur ki, məlum səbəblərdən Ermənistandan qaçqın gəlmiş Ərizəçi doğum akt qeydi dövlət arxivində və qeydiyyat orqanlarında olmadığından, onun bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4 və 4.1-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, doğum akt qeydini təsdiq edən sənədi ərizəçinin başqa qaydada ala bilməməsini, müvafiq qeydin əvvəllər mövcud olduğunu, lakin bərpasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda Təpəkənd kəndində doğulmasına, atasının X5, atasının milliyətinin azərbaycanlı, anasının X2, anasının milliyətinin azərbaycanlı olmasına dair doğumun qeyd edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda Təpəkənd kəndində doğulmasına, atasının X5, atasının milliyətinin azərbaycanlı, anasının X2, anasının milliyətinin azərbaycanlı olmasına dair doğumun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar