Məhkəmə qərarları › İş №2(044)-684/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-684/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-684/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X2, cavabdehlərin vəkili və cavabdeh X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə və mənzildən istifadə hüququnun verilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqları xx.xx.2013-cü ildə təvəllüdlü X7 və xx.xx.2016-cı ildə təvəllüdlü X8 ilə birlikdə gəlin getdiyi Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyadxanov küçəsi 197, bina 38 mənzil 18-ə köçürülməklə mənzildən istifadə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh3 ilə xx xxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onlar ailə qurduqdan sonra o, keçmiş ərinin atası Cavabdeh1 adına olan Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyadxanov küçəsi 197, bina 38, mənzil 18 saylı evə cehiz əşyalarını aparmaqla gəlin köçmüşdür. Həmin evdə Cavabdeh3 ilə birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı iki uşaqları doğulmuşdur. O, Cavabdeh3 ilə ailə qurduqdan sonra əri onunla maraqlanmamış, uşaqlarına baxmamış, ata-anası nə də özü maddi cəhətdən ailəsinə köməklik etməmiş, günləri dava-dalaşla keçmişdir. Odur ki, o, məcbur olub uşaqlarını da götürüb atası evinə getmişdir. Hazırda cavabdehlər onun cehiz əşyalarından istifadə edirlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ilə aralarında olan nikah pozulmuş və iki uşağın saxlanması üçün aliment qət edilmişdir. Onun atasının evində altı nəfər yaşayır, o, iki uşağı ilə ata evində yaşamaqda çətinlik çəkir. Odur ki, uşaqları ilə birgə qeydiyyatda olduğu keçmiş qaynatasına məxsus Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyadxanov küçəsi 197, bina 38 mənzil 18-ə köçmək istəyir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, oğlu və keçmiş gəlini ilə birgə nikahdan olan onun nəvələri xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyadxanov küçəsi 197, bina 38 mənzil 18-də istədikləri vaxt gəlib qalmaqlarına etiraz etmir, lakin İddiaçı ona məxsus evə köçməyinə razı deyildir. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin vəkili və Cavabdeh3 nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı və Cavabdeh3 arasında olan nikah məhkəmə qaydasında pozulduğu üçün və Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyadxanov küçəsi 197, bina 38 mənzil 18 Cavabdeh1 mülkiyyətində olduğu üçün iddiaçının həmin evdə istifadə hüququ qalmamışdır. Sonda o, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək nümayəndəsinin izahatındakı xüsusatları təstiq etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh3 birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2951/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında x xxxx 2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 341 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi anaları İddiaçı himayəsində saxlanması və xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh3 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Kirovabad şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 4 nömrəli qərarı ilə verilmiş 190 nömrəli order, Azərbaycan Dəmir Yolu İdarəsi Mülki Tikinti Xidmətləri 3 nömrəli mülki tikinti distansiyanın 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli 2755 saylı arayışı, 7 saylı notariat kontorunda xx.xx.2004-cü ildə təstiq edilmiş Cavabdeh3 7E/12-5785 saylı və Cavabdeh2 7E/12-5786 saylı razılıq ərizələri, Gəncə şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli 34 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Nizami rayonu, Adilxan Zyadxanov küçəsi, 197, ev 38, 18 saylı mənzil (30.6 kvm iki yaşayış otaqları, 22.9 kvm köməkçi sahə) Cavabdeh1 adına özəlləşmişdir və ona xx.xx.2004-cü il tarixli 20084 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının mübahisəli mənzilə gəlin köçdüyü 2012-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinə əsasən iddiaçının həmin mənzildən istifadə hüququ yaranmamışdır. Çünki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin işin hallarından göründüyü kimi yaşayış sahəsinin faktiki sahibi iddiaçının keçmiş qayınatasıdır və buna görə də iddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş “digər qohumlar” siyahısına daxil olmadığından onun mübahisə predmeti olan evdən istifadə hüququ yaranmamışdır. İddiaçının həmin evdə qeydiyyatda olması ilə bağlı məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir və iddiaçının mübahisəli mənzilə olan yaşayış yeri üzrə qeydiyyatı mənzildən istifadə hüququ əldə etməsi kimi qəbul edilə bilməz. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsində yaşayış yeri üzrə qeydiyyatın konkret məqsədləri müəyyən edilmişdir: - ölkədə yaşayan şəxsləri qeydiyyata almaq, - onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq, - insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyində isə yalnız qeydiyyat amilinin yaşayış sahəsindən istifadə hüququ yaratması müəyyən edilməmişdir. Bundan başqa həmin Qanunun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2951/2020 saylı qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi anaları İddiaçı himayəsində saxlanması qərara alındığından məhkəmə hesab edir ki, İddiaçı yaşayış yeri uşaqlarının da yaşayış yeri sayılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə və mənzildən istifadə hüququnun verilməsi tələbi barədə iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar