Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-697/2021 12.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «övladlıqdan və vərəsəlikdən məhrumetmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «övladlıqdan və vərəsəlikdən məhrumetmə» tələbinə dair iddia ərizəsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehin övladlıqdan və vərəsəlikdən məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur və 1968-ci ildə Yevlax şəhərində doğulmuşdur. Hazırda ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Onun 83 yaşı vardır. Cavabdeh ona nə maddi, nə də mənəvi yardım göstərmir. Təxminən 3 ya 4 ay öncə cavabdehin Gəncə şəhərinə gəlməsini və cavabdehin onun yanına gəlməsi üçün gözü yollarda qalmışdır. Lakin cavabdeh onu görməyə gəlməmişdir. Cavad Xan küçəsində cavabdehlə rastlaşmış, cavabdeh onu görmüş, buna baxmayaraq ona salam belə verməmişdir. Bu əhvalatı cavabdeh özü qayınanasına danışmış, sonuncu isə özlüyündə bu hadisəni ona “təbrik” kimi söyləmişdir. Bir halda ki, övladı onun əhvalı ilə maraqlanmır, ona mənəvi dəstək göstərmir, əksinə gördüyü mənfi işləri özü üçün qoçaqlıq sayır bu zaman ovladlıqdan məhrum edilməlidir. İddiaçı məhkəmə iclası ilə bağlı iddiaçı ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Evlənmə haqqında 350381 saylı şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, bundan sonr aravada “Şirinova” soyadı verilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir Məhkəmə göstərir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə ailə və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməlidir. İddia tələbindən görünür ki, tələb iki hissədən ibarətdir: Övladıqdan məhrum etmə; Vərəsəlikdən məhrum etmə; Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi üzrə mübahisələrə baxan zaman iddia tələbindən kənara çıxılmamalı və dispozitivlik baxımından iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Göstərilməlidir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Hazırda isə iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etməklə cavabdeh olan oğlunun övladlıqdan məhrum edilməsinə nail olmaq istəyir. Bu cür iddia qaldırmaq iddiaçının öz iradəsi daxildinə qanunla ona verilmiş hüququdur. Lakin nzərə almaq lazımdır ki, iddia tələbi iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq kimi başa düşülən predmetdən və iddiaçının əldə etməyə çalışdığı maddi nemət kimi ehtivanı nəzərdə tutan obyektdən ibarət olur. Həmçinin iddia tələbi əsas və hüquqi əsaslar kimi elementlərdə ibarət olur. Yəni iddianın əsası dedikdə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar başa düşülür. Misal kimi əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. göstərmək olar. Hazırki iddia tələbinin birinci hissəsi üzrə iddia tələbinin 3 elementi – predmet, obyekt və əsas vardır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı iddianın faktiki əsasını göstərməklə yanaşı, vc qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına da istinad etməlidir. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. “Övladlıqdan məhrumetmə” barədə iddia tələbi maddi hüquqi əsaslara söykənmir. Çünki tənzimlənən məsələ ailə qanunvericiliyinin sferasına daxildir ki, bu barədə də hər hansı müddəa mövcud deyildir. Qanunverici “valideynlik hüquqlarından” məhrum etmə barədə özündə maddi normalar müəyyən etsə də, “övladlıqdan məhrumetmə” ilə bağlı hər hansı göstəriş müəyyən etməmişdir. Yəni hazırda məhkəməyə verilən iddia tələbinin birici hissəsi olan “övladlıqdan məhrumetmə” hər hansı maddi hüquqi əsasa söykənmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. İddia tələbinin “vərəsəlikdən məhrum etmə” bağlı hissəsi ilə məhkəmə göstərir ki, iddia tələbinin bu hissəsi hüquqi müəyyənlik prinsipinə cavab vermir. Bununla yanaşı tələbin məzmunundan görünür ki, iddiaçı cavabdeh olan oğlunu vərəsəlikdən məhrum etməklə onun mirasından pay almamasına nail olmağa çalışır. Bü cür tənzimləmə qanunvericilikdə aşağıdakı formalarda təzahür edir. Mülki Məcəllənin 1176-cı maddəsində təsbit edilmişdir ki, Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Göründüyü kimi vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Məhkəmə göstərir ki,qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə göstərir ki, iddiaçının “vərəsəlikdən məhrum etmə” tələbi həm Mülki Məcəllənin 1137-ci, həm də Mülki Məcəllənin 1203-cü maddəsinin tələbləri baxımından sistemli şəkildə təhlil edilməlidir. Məhkəmə göstərir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Yəni məhkəmə göstərir ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Bu baxımdan iddiaçının tələbi cavabdehin ləyaqətisz vərəsə kimi tanınması kimi qiymətləndirlə onun iddiası subyektiv hüquq baxımından uğursuz olacaqdır. Belə ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30.07.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Əgər iddiaçının “vərəsəlikdən məhrum etmə” tələbi Mülki Məcəllənin 1203-cü maddəsinin tələbləri baxımından qiymətləndirilsə yenə də onun iddiası təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 1203.1-ci maddəsində göstərilmişdir ki, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Mülki Məcəllənin 1203.3-cü maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Məhkəmə göstərir ki, hazırki durumda cavabdehin vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçı tərəfindən bu barədə məhkəməyə sübutlar təqdim edilmədiyindən cavabdehin vərəsəlik hüququndan məhrum edilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara ailə və mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «övladlıqdan və vərəsəlikdən məhrumetməyə» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «övladlıqdan və vərəsəlikdən məhrumetməyə» dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-697/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-697/2021
12.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver