Məhkəmə qərarları › İş №2(044)-792/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-792/2022

24.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-792/2022 24.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv olunması, işə bərpa, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya, işlədiyi dövr üçün ödənilməmiş əmək haqqı, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş maddi-mənəvi zərər tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin X1 Mərkəzinin 27 dekabr 2021-ci il tarixli 280 № li əmrinin ləğv olunması, işə bərpa, 215-216- 2017-2018-2019-2020-ci illərin hər il üçün 42 təqvim günü olmaqla istifadə olunmamış əmək məzuniyyətlərinə görə 2907, manat məhkəmədə iddia qaldırdığı günədək 44 gün gecikdirilməyə görə hər gecikdirilən gün üçün 2% olmaqla 2558 manat, cəmi 5465 manat kompensasiyanın ödənilməsi, işləmədiyi 15.11.2021-ci il tarixdən 10.02.2022-ci il tarixədək olan dövr üçün məcburi iş buraxmaya görə 850 manat əmək haqqının ödənilməsi, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş maddi-mənəvi zərərə görə cavabdeh tərəfindən ona 50000 manat zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasının və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçının tələbi aydın deyil, o, iddia ərzəsində 50000 manat dəymiş maddi və mənəvi zərər tələb etsə də, tələb etdiyi ziyanın nə qədər məbləğinin maddi, nə qədər məbləğinin mənəvi ziyan olduğunu göstərməmişdir. Həmçinin iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, yaşayış yeri, iddiaçının tələbini əsaslandırdıqları hallar, ərizəyə əlavə edilən sənədlərin siyahısı qeyd olunsa da, cavabdehin eyniləşdirmə məlumatları (VÖEN) göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.2, 149.2.3 və 149.2.5-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmələdir. Eyni zamanda iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinin tələblərinə uyğun verilməmişdir. Çünki İddiaçı iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddiaçının əmrin ləğv olunması, işə bərpa olunması və istifadə olunmamamış əmək məzuniyyətlərinə görə kompensasiya, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə bir icraatda baxıla bilsə də, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş maddi-məvəvi zərər tələbinə ayrıca icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv olunması, işə bərpa, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya, işlədiyi dövr üçün ödənilməmiş əmək haqqı, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş maddi-mənəvi zərər tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar