Məhkəmə qərarları › İş №2(044)-83/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-83/2021

04.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-83/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi 28 may küçəsinin qərb tərəfində yerləşən 50,0 kv. m torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və 200 manat pulun alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi 28 may küçəsinin qərb tərəfində yerləşən 50,0 kv. m torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və 200 manat pulun alınaraq ona verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi 28 May küçəsinin qərb tərəfində yerləşən 50,0 kv.m torpaq sahəsini xidmət obyektin yerləşdirilməsi üçün Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 18 may 2016-cı il tarixli 187 nöməli sərəncamı ilə ona verilmişdir. O tikinti aparmaq üçün həmin torpaq sahəsinə bir maşın çay daşı və bir maşın qum gətirmişdi. Qeyd edir ki, bir maşın cay daşına 100 manat, bir maşın quma isə 100 manat vermişdi. Hazırda daş və qumu cavabdeh özünə aid torpaq sahəsinə aparıb. Xidməti işi ilə əlaqədar olaraq o həmin torpaq sahəsində heç bir tikiinti apara bilməmişdi. 25 oktyabr 2018-ci ildə ona məlumat verdilər ki, Cavabdeh ona məxsus olan torpaq sahəsini zəbt edib. O ondan torpaq sahəsinin boşaltılmasını tələb etsə də, heç bir məhəl qoymamışdır. Həmin torpaq sahəsini o Gəncə şəhər sakini X3 razılığı əsasında satmışdır. Səfər Kazımov torpaq sahəsinin zəbt olunması barədə aidiyyatı orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında göstərdi ki, mübahisəli 50 kv. metr torpaq sahəsinə dair hər hansı hüquq müəyyən edici sənədləri mövcud deyildir. İddiaçının tələb etdiyi torpaq sahəsi onların hasara aldıqları torpaq sahəsi olsa da iddiaçıya məxsus sərəncam qanuni deyildir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına əsaslanmaqla qiymətləndirərək və mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia edir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 18.05.2016-cı il tarixli sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi 28 May küçəsinin qərb tərəfində yerləşən 50,0 kv.m torpaq sahəsində xidmət obyektinin yerləşdirməsinə icazə verilmişdir. Cavabdeh isə həmin sərəncamda müəyyən edilmiş torpaq sahəsini zəbt etmişdir. Cavabdeh iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin həqiqətən də Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 18.05.2016-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş torpaq sahəsi olmasını etiraf etmişdir. Torpaq sahəsinin koordinatları tərəflər arasındakı mübahisənin predmetinə daxil deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşin hallarından göründüyü kimi iddiaçı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 18.05.2016-cı il tarixli sərəncamı ilə ona ayrılmış torpq sahəsinin mülkiyyətçisi olmasa da, o həmin torpaq sahəsinə qanuni sahiblik etmişdir. Cavabdeh isə həmin torpaq sahəsinə dair nəyinki hüquq müəyyən edici, həmin torpaq sahəsinə dair texniki sənəd belə təqdim edə bilməmişdir. Bu cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da məlumdur. Məhkəmə hesab edir ki, nə qədər ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 18.05.2016-cı il tarixli sərəncamı mübahisələndirilməyərək, hazırda da qüvvədədir, bu səbəbdən də cavabdeh iddiaçıya münasibətdə həmin torpaq sahəsinin qanuni sahibi deyildir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Cavabdehin heç bir hüquqi əsas olmadan mübahisəli torpaq sahəsindən istifadə etməsi iddiaçının həmin torpaq sahəsinə dair sahiblik hüququnu pozduğundan və o Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 18.05.2016-cı il tarixli sərəncamından irəli gələn məsələləri həyata keçirə bilmədiyindən o cavabdehin həmçin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə torpaq sahəsinin rəsmi olaraq ona təhvil verilməsi ilə bağlı iddia tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 18.05.2016-cı il tarixli sərəncamından irəli gələn məsələləri həll etməmişdir. Belə ki, sərəncamından da məzmunundan göründüyü kimi torpaq sahəsi hələ iddiaçının adına rəsmiləşdirilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Buna baxmayaraq məhkəmə hesab edir ki, həmin torpaq sahəsi boşaldılmalıdır. Məhkəmə 200 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair də iddia tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi 28 may küçəsinin qərb tərəfində yerləşən 50,0 kv. m torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar