Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-852/2021 23.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin obyektdən çıxarılması və icarə haqqı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin obyektdən çıxarılması və icarə haqqı» tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin icarə haqqına aid hissədə artırılmasına dair ərizə verərək cavabdehdən 39.000 manat icarə haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X3 ilə nikahda olduğu müddətdə ünvan 1 ünvanda daşınmaz əmlak almışdır. Həmin daşınmaz əmlak onun adına qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Ərinin razılığı olmadan Cavabdeh ilə öz aralarında danışıb razılığa gələrək yuxarıda qeyd edilən daşınmaz əmlakla bağlı xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Şəhərin əsas prospektində yerləşən və 223,0 kvm. sahəsi olan obyekti ayda 500 manat (qeyrirəsmi 4.000 manat) müqabilində icarəyə vermişdi. Cavabdeh vergidən yayınması üçün obyektin aylıq kirayə haqqını 4000 manat vermək barədə razılaşsa da icarə müqaviləsində 500 manat olmasını göstərmiş və bundan sonra isə müxtəlif bəhanələrlə 2 ay, hər ayı 500 manatdan olmaqla icarə haqqı ödəmiş və son 4 ayda isə ümumiyyətlə pul ödənişi etməmişdir. Bu isə onun ailəsində əri ilə aralarında narazılığa səbəb olmuşdur. Dəfələrlə icarə haqqının ödənilməsi və müqavilənin şərtlərinə əməl etmədiyi üçün obyekti boşaltmasını cavabdehdən tələb etsə də müxtəlif bəhanələrlə tələblərə əməl etməyərək, aralarında olan müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edilməsi ilə razılaşmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilmədiyindən, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakda payı olan şəxs olaraq ərinin razılığı olmadan cavabdehlə bağlanmış, notarial qaydada təsdiqlənməmiş və real həqiqəti əks etdirməyən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Həmçinin cavabdeh icarə haqqı kimi iki ay üçün hər ay 500 manat ödəniş etmişdir. Aşağıda sadalanan sənədlər məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir: İş materiallarında olan xx xxxx 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 223,0 kv.metrlik qeyri-yaşayış binası İddiaçı tərəfindən Cavabdeh aylıq 500 manat icarə haqqı ödənilmək şərtilə xx xxxx 2030-cu ilədək icarəyə verilmişdir; X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu, M.Abbas Abbaszadə küçəsi 36 A saylı 223,0 kv. metr ümumi sahəsi olan qeyriyaşayış binası xüsusi mülkiyyət növü kimi xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır; 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən vergi orqanına xx xxxx 2020-ci il tarixdən gəlirlərini əks etdirən hər hansı bəyannamə təqdim edilməmişdir; ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı adına 989 manat pul köçürməsi həyata keçirilmişdir; “xxxx”MMC X8 Filialının xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı adına 989 manat pul köçürməsi həyata keçirilmişdir. Lakin, xx.xx.2020-ci il tarixdə həmin pul köçürməsi Cavabdeh tərəfindən geri götürülmüşdür; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini icarə müqaviləsinin ləğvinə dair hissədə tam, qalan hissələrdə isə qismən qəbul edərək məhkəmədən 3511 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh izahatında əlavə olaraq göstərdi ki, iddiaçı müqavilənin ləğvi üçün ona müraciət etmişdir.O, isə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlarla tətbiq edilmiş məhdudiyyətlərin ona da təsir etdiyini nəzərə alaraq ona bir möhlət verilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanılmış icarə müqaviləsi ləğv edilməli, Cavabdeh istifadəsində olan Gəncə şəhəri Nizami rayonu, M.Abbas Abbaszadə küçəsi 36 A saylı 223,0 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış binası boşaldılmalı və ödənilməmiş 4500 manat icarə haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında xx xxxx 2020-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında ünvan 2 ünvanında yerləşən 223,0 kv.metrlik qeyri-yaşayış binası İddiaçı tərəfindən Cavabdeh aylıq 500 manat icarə haqqı ödənilmək şərtilə xx xxxx 2030-cu ilədək icarəyə verilmişdir. Cavabdeh iddia tələbinin ləğvinə dair hissəsini qəbul etsə də, məhkəmə iddia tələbinin həmin hissəsinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, iddiaçı icarə müqaviləsinin şərtlərinə riaəyət edərək qeyri-yaşayış sahəsini istifadəyə yararlı halda cavabdehin müvəqqəti istifadəsinə vermiş, cavabdeh həmin əmlakı qəbul etmiş və bununla icarəyə verən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini icra etmişdir. İcarəçi isə müqavilə üzrə şərtlərə uyğun olaraq icarə haqqını ödəməyi öz üzərinə götürmüşdür. Belə ki, icarə haqqı müqaviləyə əsasən hər ay üçün 500 manat məbləğində müəyyənləşdirilmişdir. İcarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı, əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə münasibətləri, bir qayda olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-in 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqavilənin əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İcarə müqaviləsinin 6.1-ci bəndində tərəflər razılığa gəlmişlər ki, mübahisə və fikir ayrılıqları imkan daxilində tərəflərin danışıqları ilə həll olunacaq.Mübahisələrin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, mübahisə məhkəmədə həll oluna bilər. Cavabdehin məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilir ki, mübahisə ilə bağlı tərəflər arasında danışıqlar olmuş, cavabdeh iddiaçıdan möhlət istəmiş, iddiaçı möhlət verməkdən imtina etmişdir. Göründüyü kimi iddiaçı Gəncə şəhərinin mərkəzində 223,0 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış binasını xx xxxx 2020-ci ildə icarəyə versə də bu müddət ərzində cavabdeh tərəfindən cəmi 1000 manat məbləğində pulun ödənilməsi ilə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum edilmişdir. Məhkəmə cavabdehin bu hərəkətlərini əhəmiyyətli pozuntu kimi qəbul edir. Cavabdehin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlarla tətbiq edilmiş məhdudiyyətlərin onun da gəlirlərinə pis təsir etməsi ilə bağlı dəlillərinə münasibətdə onu qeyd edir ki, cavabdeh yaranmış şəraitlə bağlı iddiaçıya qarşı müqavilənin dəyişdirilməsi tələbi ilə çıxış etməmiş və yaxud da belə tələblə çıxış etsə də, o bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən Məcəllənin 425.2-ci maddəsinə əsasən isə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdeh məhkəməyə 989 manat məbləğində iki aylıq icarə haqqının iddiaçıya poçt vasitəsilə göndərilməsini təsdiq edən qəbz təqdim etsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 989 manat məbləğində pul göndərişi sonradan onun özü tərəfindən geri götürülmüşdür. Bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya münasibətdə öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. Beləliklə məhkəmə bu qınaətə gəlir ki,tərəflər arasında bağlanılmış icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə icarə haqqının aylıq 4000 manat müqabilində şərtləşdirildiyinə dair dəlillərini əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında icarə haqqının aylıq 4000 manat məbləğində ödənilməsinə dair müqavilə bağlanılmamışdır. Odur ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. İddiaçı qeyri-yayayış sahəsinin 4000 manata icarəyə verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında aylıq 500 manat olmaqla icarə müqaviləsi bağlanılmış, cavabdeh tərəfindən 11 ay ərzində 1000 manat məbləğində icarə haqqı ödənilsə də, qalan 9 aylıq icarə haqqı ödənilməmişdir. Məhkəmə bu qənaətə gəlir ki, 9 ay üzrə ödənilməmiş icarə haqqı hesablanaraq cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin ləğv edildiyi qənaətinə gəlindiyindən cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 223,0 kv.metrlik qeyri-yaşayış binasından çıxarılsın Ödənilməmiş 4500 manat icarə haqqı və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-852/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-852/2021
23.04.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver