Məhkəmə qərarları › İş №2(044)-876/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-876/2021

10.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-876/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Gəncə şəhəri 4 saylı orta məktəbə qarşı «işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 4 saylı orta məktəbə qarşı «işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 4 saylı orta məktəbdə müəllim vəzifəsinə işə bərpa edilməsinə və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərmişdir ki, o, Gəncə şəhəri 4 saylı orta məktəbin direktorunun xx xxxxxx 2003-cü il tarixli 49 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin “V” bəndi ilə işdən azad edilmişdir. Həmin əmri ədalətsiz və qanunsuz hesab edir. Həmin zaman məktəbin direktoru olmuş Əkrəm Əskərov onun tələblərinə iyğun işləməli olduğunu bildirmişdir. Həmçinin hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi birtərəfli bağlanmışdır. Belə ki, həmin əmək müqaviləsi müddətli müqavilələr üçün bağlanan müqavilələrə xas xarakterə malik olmuşdur. Lakin onun müəllimlik peşəsi müvəqqəti xarakter daşımır. Onun işdən azad edilməsinin digər bir səbəbi isə onun vətənpərvər insan olması olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, 4 saylı orta məktəbin direktorudur. Məktəbin arxivində olan sənədlərə görə İddiaçı məktəbə xx xxxxxxx 2001-ci il tarixdən müddətli əmək müqaviləsi ilə hərbi rəhbər vəzifəsinə təyin edilmiş və ona 14 saat bədən tərbiyəsi dərsi aparmağa icazə verilmişdir. İddiaçı məktəbdə işlədiyi müddətdə əmək intizamını pozduğuna və müdriyyətin əmrini icra etmədiyinə görə ona dəfələrlə töhmət verilmiş, dəfələrlə edilmiş xəbərdarlıq və verilmiş töhmətlərdən nəticə çıxartmamış, ona yenə də şans verilməsinə baxmayaraq o, yenə də iş vaxtında iş yerini müntəzəm olaraq üzürsüz və icazəsiz tərk etmiş, iş vaxtından səmərəli istifadə etmədiyinə, əmək müqaviləsində nəzərdə tutulan iş rejimini pozduğuna görə o, xx xxxxxx 2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin “V” bəndi ilə işdən azad edilmişdir. Onun iddiası əsassızdır və məhkəmədən iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2001-ci il tarixli 53 nömrəli əmrdən görünür ki, ali pedaqoji təhsilli ehtiyatda olan kapitan İddiaçı xx xxxxxxx 2001-ci il tarixdən 4 nömrəli orta məktəbə hərbi rəhbər və gənclərin çağırışaqədərki hazırlıq müəllimi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2002-ci il tarixli 20 nömrəli əmrdən görünür ki, İddiaçı birinci dərsə geçikdiyinə və buna görə də bir neçə sinifdə dərs prosesini pozduğuna görə ona töhmət elan edilmiş və xəbərdarlıq edilmişdir ki, bu cür hallar yenidən təkrarlanarsa onunla növəti ildən əmək müqaviləsinə xitam veriləcəkdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2002-ci il tarixli 21 saylı əmrdən görünür ki, İddiaçı məktəb direktorunun “Azərbaycanlıların genosidi” adlı mövzuda şagirdlərlə söhbətlərin aparılmasının təşkil edilməsi barədə əmrini icra etməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2002-ci il tarixli 64 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək uzadılmış və növbəti dərs ilində verilən intizam tədbirlərindən nəticə çıxartmaq üçün şans verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2002-ci il tarixli P1 nömrəli əmrdən görünür ki, İddiaçı iş vaxtında iş yerini müntəzəm olaraq üzürsüz və icazəsiz tərk etdiyinə,iş vaxtından səmərəli istifadə etmədiyinə və beləliklə əmək müqaviləsində nəzərdə tutulan iş rejimini pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini əsas götürərək ona töhmət elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2003-cü il tarixli 49 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin “V” bəndi ilə müddətli əmək müqaviləsinin müddəti başa çatdığına görə xx xxxxxxxx 2003cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Beləliklə də, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarının və yuxarıda göstərilmiş materiallarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş müddətlər ötürülmüş, həmçinin irəli sürdüyü iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 4 saylı orta məktəbə qarşı «işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar