Məhkəmə qərarları › İş №2(044)-881/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-881/2021

11.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-881/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X2 1912-ci il tarixdə İsrail dövlətində anadan olması faktının təsdiq edilməsinə və doğumun qeydiyyatının aparılmaqla doğum şəhadətnaməsinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə “tələbin dəqiqləşdirilməsi”nə dair ərizə ünvanlayaraq, nənəsi X2 1912-ci il tarixdə Gəncə şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X1, anası isə X6r. Ana babası X12, nənəsi isə Bağırova (Quliyeva) Qızxanım Aslan qızıdır. Nənəsi Bağırova (Quliyeva) Qızxanım Aslan qızı 1912ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Ərizəyə əlavə etdiyi Daşkəsən rayon İcra Hakimiyyəti Dövlət Arxivindən aldığı arxiv arayışından məlum olur ki, mərhum nənəsi Bağırova Qızxanım 1948-1950-ci illərdə Daşkəsən rayonunun Bayan kəndində yaşamışdır. Sonradan isə nənəsi və babası Gəncə şəhərinə gəlmişlər və orada yaşamaqla 01 avqust 1962-ci il tarixdə vəfat etmişdir. Hazırda nənəsi X2 doğum yerinin və qeydinin aparılmaması ucbatından ərizəçi İsrail dövlətinin vətəndaşlığını əldə etməkdən məhrum olmuşdur. İş materiallarında olan sənədlərdən də göründüyü kimi ərizəçinin doğum haqqında şəhadətnaməsini maraqlı şəxs olan Qeydiyyat orqanından əldə etməsi mümkün deyil. Qeyd etdiklərinə əsasən nənəsi X2 1912-ci il tarixdə Gəncə şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X13 məhkəmə iclasında ərizəsini müdafiə edərək, məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Daşkəsən Rayon Dövlət Arxivinin 03.07.2018-ci il tarixli, 19 saylı arxiv arayışından görünür ki, vətəndaş X7 1912-ci il təvəllüdlü, milliyəti-yəhudi, 1948-1950-ci illərdə Daşkəsən rayon Bayan kəndində yaşamış və həmin tarixlərdə Bayan kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X10 11.07.2018-ci il tarixli, 314/5 saylı arxiv arayışından görünür ki, 01.04.1935-ci il təvəllüdlü Tamilla Əliyevanın atası X17, anası X3r. İş materiallarında olan 08.08.1962-ci il tarixli, 120643 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 avqust 1962-ci ildə Kirovabad (Gəncə) şəhərində vəfat etmişdir. İş materiallarında olan 08.10.2012-ci il tarixli, Gəncə şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X11 07.10.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 27.06.1960-cı il tarixli, Şamxor Rayon Zaks Bürosu tərəfindən verilmiş “evlənmək haqqında şəhadətnamədən” görünür ki, X12 ilə X8 1925-ci il tarixdə evlənmişlər. İş materiallarında olan 14 iyun 1975-ci il tarixli, Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 birgə nikahlarından xx.xx.1959-cu il tarixdə Ərizəçi anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə X2 1912-ci ildə Gəncə şəhərində doğulması faktının müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-311, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. X2 1912-ci ildə Gəncə şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar