Məhkəmə qərarları › İş №2(044)-90/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-90/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-90/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və 13.03.2011-ci il təvəllüdlü X3, 19.08.2012-ci il təvəllüdlü X2, 12 yanvar 2014-cü il təvəllüdlü X4 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, mərhum əri X7 ilə nikah qeyd etdirmədən evlənmişlər. Birgə nikahdan 13.03.2011-ci il təvəllüdlü X10, 19.08.2012-ci il təvəllüdlü X6 və 12.01.2014-cü il təvəllüdlü X8 adlı uşaqlar doğulmuşdur. Onlar mərhum əri ilə birlikdə ünvan 1 ünvanında bir müddət yaşadıqdan sonra əri Rusiya Federasiyasının Krım Vilayətinin Sevastopol şəhərində bizneslə məşğul olduğundan onlar Rusiya Federasiyasına köçməyə qərar vermiş və bir müddət orada yaşamışlar. Uşaqları artıq müvafiq təhsil almaq yaşlarına çatdıqda Azərbaycana geri qayıdıb onların Azərbaycan Respublikasında təhsil almaları və yaşamalarına qərar vermişlər. Məhz bu səbəblə də, onun əri 2008-ci ildə atası X3 adına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 yerləşən 6 sot torpaq sahəsini almışdır. Bu zaman həmin 6 sot torpaq sahəsinin 1 sotunun pulunu Cavabdeh ödəmiş, digər 5 sot torpaq sahəsinin pulunu mərhum əri ödəyərək almışdır. Həmin 6 sot torpaq sahəsi ümumilikdə hamısı bir hasarın içərisində yerləşirdi. Ona görə də əri və Cavabdeh arasındakı razılaşmaya əsasən, Etibar özü və ailəsi üçün evi bir sotun içərisində, Məmməd isə 5 sotun içərisində tikdirdilər. Məmmədin tikdirdiyi evin tikintisində iddiaçının qardaşı Namiq də fəhlə kimi ona kömək etmişdir. Həmin evin tikintisi üçün lazım olan materialların alınması və.s işlərin görülməsi üçün Məmməd Rusiyadan tez-tez Azərbaycana pul göndərirdi ki, ev hazır olduqda onlar tez bir zamanda Azərbaycana qayıtsın və həmin evdə yaşasınlar. Məmməd tərəfindən evin bütün lazımlı əşyaları və avadanlıqları da alınmışdı. Ev tamamilə istifadəyə yararlı halda idi. Bütün qonşular və qohumlar dəqiq bilirdilər ki, eyni bir həyətin içərisində olan 5 sot torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı, mətbəxi, dəhlizi, eyvanı və sanitar qovşağı olan kürsəngili və altı zirzəmili (10x15 metr ölçülürdə tikilmiş) həmin evi onun mərhum əri Məmməd tikdirib və ona məxsusdur. Mübahisə predmeti olan həmin evin inşası bitdikdən sonra onlar tez-tez uşaqları ilə birlikdə Azərbaycana gəlirdi və hər dəfə gələndə tikdirdikləri öz evlərində yaşayırdılar. 25 yanvar 2019-cu ildə əri Məmməd vəfat etmişdir. O, uşaqları ilə birlikdə indiki mübahisə predmeti olan Bakı şəhəri Şabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 yerləşən fərdi yaşayış evinə yaşamaq üçün getdikdə isə evin və evlərindəki bütün əşyaların cavabdeh və onun ailəsi tərəfindən mənimsənildiyini görmüşdür. Cavabdeh onu uşaqları ilə birlikdə həmin ərazidən qovmuş, həmçinin evin bütün kilidlərini dəyişdirmişdir. Bu səbəbdən həmin evə köçüb yaşaya bilmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi tam əsassız olduğundan rədd edilməldir. Belə ki, İddiaçı öz iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə birlikdə ünvan 1 ünvanında yaşadıqdan sonra Rusiya Federasiyasına köçmüşlər. Orada bir müddət qaldıqdan sonra uşaqlarının təhsili üçün Azərbaycana qayıtmış və burada yaşamağa qərar vermişlər. İddiaya görə, 2008-ci ildə mübahisəli mənzili Məmmədov Məmməd və Məmmədov Məsim birlikdə tikmiş, 5 sot torpaq sahəsinin pulunu da Məmmədov Məmməd ödəmişdir. İddiaçı eyni zamanda, evdəki bütün əşyaların ona məxsus olduğunu və onlar tərəfindən mənimsənildiyini qeyd etmişdir. 25 yanvar 2019-cu il tarixdə Məmmədov Məmməd vəfat etdikdən sonra onların qalacaq evlərinin olmamasını bildirmişdir. Beləliklə də, özü və uşaqlarının mübahisəli fərdi yaşayış evinə köçürülməsini məhkəmədən tələb etmişdir. Mübahisəli ev - Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 yerləşən fərdi yaşayış evi 2008-ci ildə hazır olandan bu günə qədər, o və ailəsi həmin evdə yaşayır. “Azəriqaz” İB ilə bağlanmış 2010-cu il tarixli, 3935 saylı müqavilədən və "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, mübahisəli ünvanda işıq və qaz xətti Cavabdeh adına qeydə alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinin 14.08.2016-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Şabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 yerləşən torpaq sahəsinə görə Ramana bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və əmlak və torpaq sahəsinə görə vergi ödəyir. İddia ərizəsində də qeyd edildiyi kimi, X13 torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikmişdir. Eyni zamanda, İddiaçı qeyd etmişdir ki, həmin torpaq sahəsində müəyyən işlər aparılsa da, tamamilə hazır olub ərsəyə gələ bilməmiş və istifadəyə yararsız qalmışdır. Lakın bildirmək istəyir ki, həmin ev 2017-ci ildən tam şəkildə hazırdır və yaşayışa tamamilə yararlı vəziyyətdədir. Xüsusilə qeyd etmək lazımdır ki, İddiaçı və X5 rəsmi nikahı yoxdur. Onlar 2003-cü il tarixdə faktiki olaraq ailə qurmuş, birgə yaşayışlarından 13.03.2011-ci ildə X9, 19.08.2012-ci ildə X6 və 12.01.2014-cü ildə X8 adlı 3 uşaq anadan olmuşdur. Digər tərəfdən, mərhum X1 vətəndaşı olmuşdur. İddiaçı və Məmmədov Məmməd toy etdikdən sonra Rusiya Federasiyasının Krım vilayətinə köçmüşlər. Uşaqlar Rusiya Federasiyasında anadan olmuş və Rusiya Federasiyasının vətəndaşıdırlar. İddiaçı isə Tovuz rayonu, İbrahim Hacılı küçəsində qeydiyyatdadır. Mübahisəli ev daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da, etiraz ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, evin sahibi Cavabdehdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 25.09.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 Cavabdeh adına torpaq sahəsi və həmin torpaq sahəsi üzərində hər hansı tikilinin olub-olmamasına dair məlumat verilməsi ilə bağlı 2(044)-923/2020 saylı, 20.08.2020-ci il tarixli sorğuya cavab olaraq Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 hər hansı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair məlumat aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 inşa edilmiş mübahisəli tikili qanunsuz tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yaşayış binasından isifadə hüququ həm qüvvədə olan Mülki Məcəllə, Mənzil Məcəlləsi, həm də qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin hazırkı iddiada mübahisələndirilən yaşayış evi özbaşına tikili olduğu üçün, həmin evdən yaşayış hüququ həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Məhkəmə iddiaçının tələbi ilə əlaqədar onu qeyd edir ki, həmin qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı onun hüquqi statusu, həmçinin onların həmin ünvanda yaşaması, mərhum əri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, X12 5 sot torpaq sahəsinin alınaraq evin tikintisi və yaşayış üçün bütün lazımlı əşyalar və avadanlıqlarla təmin edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar