Məhkəmə qərarları › İş №2(044)-919/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-919/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-919/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 məxsus miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında bildirdi ki, Ərizəçi anası X5 24 dekabr 2020-ci ildə ölmüşdür. O, anasının ölümündən sonra mirası yeganə vərəsə kimi faktiki olaraq qəbul etmiş, əmlaka sahiblik etmiş və hal-hazırda da idarə etməkdə davam edir. Bu isə mülki qanunvericiliyə görə mirasın qəbulu hesab edilir. Lakin o, qanunla müəyyən olunmuş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə vermədiyi üçün Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisi tərəfindən ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Miras əmlaka dair hüquq müəyyənedici sənəd ala bilmədikləri üçün miras əmlakın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.12.2020-ci il tarixli AZ-İİ № 109945 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 24.12.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 08 yanvar 1996-cı il tarixli İİ-ЖГ № 410616 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08 yanvar 1996-cı il tarixdə ölmüşdür. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 və X6 nikahları 13.10.1967-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan 07.07.1972-ci il tarixli İ-ЖГ 357587 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 06.07.1972-ci ildə doğulmuş, atası X10, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 26.02.2002-ci il tarixli 8280 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanı X3 aiddir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinin 11.01.2022ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 01.01.1937-ci ildə Gəncə şəhərində anadan olmuş və 22.12.2020-ci il tarixdə vəfat etmiş X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 11.01.2022-ci ilədək yoxlama aparılmış və ərinin 15.12.1936-cı il təvəllüdlü X11 (08.01.1996-cı ildə vəfat edib), uşağının 06.07.1972-ci il təvəllüdlü X8 olduğu aşkar edilmişdir. Arayış “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar və vətəndaşın təqdim etdiyi sənədlər əsasında yazılmışdır. İş materiallarında olan Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinin 11.01.2022-ci il tarixli imtina məktubundan görünür ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X9 24 dekabr 2020-ci il tarixdə vəfat etmiş mərhum X2 miras əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Ona müddətin uzadılması və ya mirasın qəbul faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, bina 1, 39 saylı mənzilə dair Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 26.02.2002-ci il tarixli 8280 saylı qeydiyyat vəsiqəsi X2 adına tərtib edilmişdir. X5 24 dekabr 2020-ci ildə, X10 08.01.1996-cı ildə vəfat etmiş, onlar öldükdən sonra miras əmlakı Ərizəçi faktiki olaraq qəbul edib idarə etmişdir. Hal-hazırda miras əmlak ərizəçinin sahibliyində və istifadəsindədir. Ərizəçinin miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüququnun pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüququnu məhdudlaşdırır. Məhkəmə hesab edir ki, ərizəçi qanunla qorunan hüququnun həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüququnun tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, 24 dekabr 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 1-ci bina, mənzil 39 saylı miras evin Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 24 dekabr 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 saylı miras evin Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar