Məhkəmə qərarları › İş №2(044)-949/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-949/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-949/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «qeyri-yaşayış binasından istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «qeyri-yaşayış binasından istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə istifadə hüququnun tanınmasına və köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən inzibati bina əvvəllər Gəncə şəhəri Mədəniyyət və Turizm İdarəsinin balansında olmuşdur. Bina müvəqqəti istifadə üçün Gəncə X5 istifadəsinə verilmişdir. Həmin ünvanın həyətində ayrı-ayrı iki qeyri-yaşayış binası olmuşdur. Binanın birində cavabdehlər yaşamışlar. Digəri isə Dram Teatrın rəhbərliyi tərəfindən 2014-cü ildə əməkdar rəssam olmuş onun mərhum əri X1 yaradıcılıqla məşğul olması üçün emalatxana kimi istifadəsinə verilmişdir. Bunu X6 Teatrın rəhbərliyinin xx.xx.2015-ci il tarixli məktubu da sübut edir. Həmin vaxtdan o, həyat yoldaşı ilə birlikdə emalatxanada rəssamlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onlar fəaliyyətləri ilə əlaqədar bütün əşyalarını həmin emalatxanaya yığmışlar. Mərhum əri Musa İmamverdiyev xx.xx.2019-cu ildə vəfat etmişdir. Ondan sonra emalatxanadan qızı Yeganə ilə birlikdə istifadə etmişlər. Hazırda cavabdehlər binaların həyətinə dəmir darvaza qoyub onları qeyri-yaşayış sahəsinə buraxmırlar. Onların rəssamlıq fəaliyyəti ilə əlaqədar bütün əşyaları oradadır. Onları çıxarıb haradasa yerləşdirmək və ya işləri ilə məşğul olmaq üçün başqa yerləri yoxdur. İstifadələrində olan bina 3 otaqdan ibarətdir. O, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə istifadələrində olmuş qeyri-yaşayış binasının onlara icarəyə verilməsi üçün müraciət etmiş, lakin X4 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktub ilə həmin qeyri-yaşayış binasının İdarənin balansında olmadığı üçün icarəyə verilməsi səlahiyyətlərinin olmadığı bildirilmişdir. Binanın kimin balansında olduğunu öyrənmək üçün DƏDRX-in 3 saylı Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2020-ci il tarixli məktubla ünvan 1 ünvanda yerləşən əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi bildirilmişdir. Cavabdehlər də onlar kimi yaşadıqları binadan istifadə etmişlər. Onların ünvan 1 ünvana mülkiyyət hüquqları yoxdur. Cavabdehlərə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə yalnız yaşadıqları binaya istifadə hüququ verilmişdir. Cavabdehlərin onları qeyri-yaşayış sahəsinə buraxmamağa hüquqları yoxdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda iddia tələbini qəbul etmədiklərini bildirdilər. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Gəncə X5 xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında olan, müvəqqəti istifadə üçün Dram teatrın istifadəsinə verilmiş, ünvan 1 ünvanda yerləşən inzibati binada yaradıcı rəssam X1 yaradıcılıqla məşğul olması üçün emalatxana yeri ayrılması tapşırılmışdır. Emalatxana üçün ayrılmış otaqların qaz və işıqla təmin olunması üçün köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Gəncə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 053601 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində vəfat etmişdir. X4 İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi X4 İdarəsinin balansında olmadığı üçün həmin qeyriyaşayış sahəsindəki binanın icarəyə verilməsi Regional idarənin səlahiyyətində deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən inzibati binanın kimə məxsus olması barədə ətraflı arayışın və həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə xx.xx.2021-ci il tarixli, 2(044)-949/2021 saylı məktuba cavab olaraq 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən ünvan 1 ünvanında qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi, bu səbəbdən xx.xx.2021-ci il tarixli, 2(044)-949/2021 saylı məktubun icrasının təmin olunmasının tərəflərindən mümkün olmadığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Gəncə X5 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanı və torpaq sahəsi X6 Teatrın balansında deyil və teatra heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə iddiaçının «qeyri-yaşayış binasından istifadə hüququnun tanınması» tələbi ilə əlaqədar onu qeyd edir ki, həmin qeyd edilən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin onun hüquqi statusu ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «qeyri-yaşayış binasından istifadə hüququnun tanınması» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qeyri-yaşayış binasından istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar