Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-96/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehin zəbt etdiyi torpaq üzərində tikilmiş olduğu barı, həmçinin iki bayır qapısı və eləcədə həyətlərini ayıran barının üzərinə tikilməklə kərpicdən artırılmış hissəsinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, cavabdehlər tərəfindən Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 10-cu dalanda ümumi istifadədə olan torpaq sahəsi üzərində qanunsuz tikilmiş barı, həmçinin iki bayır qapısının (darvaza) cavabdehlərin hesabına sökülməsi, eləcə də Cavabdeh1 ilə onun həyətlərini ayıran barının üzərinə sonradan tikilməklə kərpicdən artırılmış hissəsinin Cavabdeh1 hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 10-cu dalan, ev 1də yaşayır. Həmin mənzil cavabdehlərə məxsus mənzillə qonşuluqda yerləşdiyi üçün onların giriş-çıxışı eyni dalana açılır. Cavabdehlər özlərinə məxsus olmayan, dalanın torpaq sahəsini 6.60 metr zəbt edib həmin zəbt olunmuş ərazidə barı hörmüş, zəbt torpağı iki hissəyə bölməklə iki çıxış qapısı qoymuşlar. Nəticədə isə onun mənzilindən istifadəsinə məhdudiyyətlər yaranmışdır. Belə ki, hazırda ona məxsus mənzilin bayır qapısı birbaşa olaraq həyətyanı sahəyə deyil, mənzilin içərisinə (aynabəndə) açılır. Lakin əslində evin planı üzrə bayır qapısı onun həyətyanı sahəsinə, yəni qonşu tərəfindən zəbt edilmiş yola açılmalıdır. Həmin hissə cavabdehlər tərəfindən zəbt edildiyinə görə o, ora çıxış qapısı qoya bilmir. Bundan başqa mənzilinə gələn su və konalizasiya xətti həmin zəbt olunmuş hissədən keçir. Şəhər ərazisində su və konalizasiya xəttlərinin yenidən çəkilməsi ilə bağlı işlər görüldüyündən o, həmin xətləri təzələmək istəyir, bununla bağlı cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər ona icazə verməmiş, ona suyu və kanalizasiya xəttini onun həyətindən (əslində zəbt olunmuş torpaq) deyil, kənardan çəkməyini bildirmişlər. Cavabdehlər onun mülkiyyətinə qanunsuz müdaxilə edir və mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırırlar. Bundan başqa ondan icazə almadan Cavabdeh1 həyəti ilə onun həyətini ayıran barı onun tərəfindən bu ilin aprel ayında üzəri kərpiclə artırılaraq hörülmüş, həmin əlavə hörgü evindən həyətinə doğru tikilmiş talvara birləşdirilmiş və nəticədə həyətinə düşən günəş şüasının qarşısını almışdır. O, məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə və polisə müraciət etmiş, Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsindən gələn nümayəndə həmin yerə baxış keçirmiş və həqiqətən də cavabdeh tərəfindən yola aid torpağın zəbt edilməsi müəyyən olunmaqla Cavabdeh1 qeyd olunan tikililərin sökülməsini tələb etmişdir. Cavabdeh1 bütün bunlara məhəl qoymamış və nəticədə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, ekspertin rəyi ilə razı deyildir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçının izahatındakı xüsusatları təstiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, hasarın 2,20 sm-dən yuxarı hissəsinin sökülməsinə razıdır, lakin darvazanın sökülərək geri çəkilməsinə razı deyildir. Çünki onun və digər cavabdehlərin darvazaları 30 ildən artıqdır ki, həmin yedə olmuşdur. Onlar dalanın ərazisini zəbt etməmişlər, həmin ərazi onların texniki pasportlarında da qeyd edilmişdir. Sonda iddianın qismən təmin olunmasını xahiş etmişlər. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək, darvazanın sökülüb, geri çəkilməsinə razı olmadığını bildirmişdir. Onların darvazası əvvəldən həmin yerdə olmuş, onların sənədlərində də bu göstərilmişdir. O, ekspert rəyi ilə razıdır. Sonda barının və darvazanın sökülməsinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək, darvazanın sökülüb, geri çəkilməsinə razı olmadığını bildirmiş, Cavabdeh3 izahatındakı xüsusatları təsdiq etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər cavabdehlər məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək onların darvazasının və barının sökülüb geri çəkilməsinə razı olmamış, həmin darvazanın 30 ildən çoxdur həmin yerdə olduğunu, dalanı zəbt etmədiklərini bildirmişdir. Məhkəmə iclasında ekspert Elmar Səidov verdiyi rəylə bağlı bildirmişdir ki, cavabdehlərə məxsus ünvandakı 2 ədəd bayır darvazası və dalanda yerləşən mübahisəli torpaq sahəsi cavabdehlərin texniki pasport məlumatlarında göstərilmişdir. Həmçinin həmin darvazaların yerləşdiyi torpaq sahəsi cavabdehlərə məxsus texniki pasportun məlumatlarına uyğundur. Əlavə olaraq bildirdi ki, iddiaçının texnik pasportunda sonuncunn həyətyani sahəsindən dalana tərəf giriş-çıxış qapısının olduğu göstərilmişdir. İş materiallarında olan: - Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1969-cu il tarixdə ölmüş X1 mülkiyyətində olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 10-cu dalan , 1 № li evin vərəsələri gəlini X6, nəvəsi İddiaçı, nəvəsi X7, nəvəsi X8 hesab olunurlar. - Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov 10-cu dalanda yerləşən, sahəsi 20.3 kvm 1 saylı evin ¼ hissəsi X2, ¼ hissəsi İddiaçı, ¼ hissəsi X3 və ¼ hissəsi X4 adına qeydə alınmışdır. - RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi 10-cu dalan, ev 2 paylı mülkiyyət hüququ üzrə 2/6 payı Cavabdeh1, 2/6 payı Cavabdeh2, 1/6 payı Cavabdeh3 və 1/6 payı Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçıla Cavabdeh1 torpaq sahələrini ayıran mübahisəli hasara yerli baxış keçirilən zaman ekspert Elmar Səidov bildirmişdir ki, həmin hasarın Cavabdeh1 həyətinə baxan tərəfinin hündürlüyü 2.20 metrə qədər, dalana baxan tərəfinin isə hündürlüyü 2.20 metrdən çoxdur. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Çünki Cavabdeh1 İddiaçı ilə həyətlərini ayıran hasarın dalana baxan tərəfinin hündürlüyünü 2.20 metrdən yuxarı artırarkən qoşusu, İddiaçı razılıq almamışdır. Həmçinin Cavabdeh1 həmin hissədə iddianı qəbul edərək artırılmış hissənin sökülməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir(71.1). Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər(71.2). Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə hesab edir ki, İddiaçıla Cavabdeh1 həyətlərini ayıran hasarın dalana baxan tərəfinin 2 metr 20 santimetrdən yuxarı kkərpicdən artırılmış hissəsi Cavabdeh1 hesabına sökülməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki iddiaçı iddia ərizəsində cavabdehlər tərəfindən ümumi istifadədə olan dalanın zəbt edilərək barı çəkildiyini və 2 ədəd darvaza qoyulduğunu, buna görə də həyətyani sahəsindən giriş-çıxış qapısı aça bilmədiyini, onun mülkiyyətinə qanunsuz müdaxilə olunduğunu və mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Lakin iş üzrə təyin olunmuş ekspert rəyindən məlum olur ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan dalan zəbt edilməmiş, həmin torpaq sahəsi cavabdehlərin texniki pasportlarında göstərilmişdir. Həmçinin ekspert məhkəmə iclasında iddiaçının texniki pasportunda həyətyani torpaq sahəsində giriş-çıxış qapısının mövcud olmadığını bildirmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin x xxxxxxxx 2019-cu il tarixli, 2(044)-2469/2019 saylı qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti–texniki ekspertizasının x xxx 2020-ci il tarixli, 24315 saylı ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 10-cu dalan, ev 2 ünvanındakı 2 ədəd bayır darvazası İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 10-cu dalan, 1 saylı evdən istifadə etməsinə və giriş-çıxışına maneçilik törətmədiyi müəyyən olunur. Həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 153/2020 saylı qərardadına əsasən təyin olunmuş əlavə məhkəmə tikinti–texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 10/1373 saylı ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən İddiaçı ünvan 2 ünvanındakı 2 ədəd bayır darvazası, cavabdehlər tərəfindən ümumi istifadədə olan dalanda yerləşən mübahisəli torpaq sahəsi cavabdehin texniki pasportunun məlumatlarında göstərildiyi müəyyən edilir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən İddiaçı Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi. 10-cu dalan, ev 2 ünvanındakı 2 ədəd bayır darvazasının yerləşdiyi torpaq sahəsi, cavabdehə məxsus texniki pasportun məlumatlarına uyğun gəldiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 117 və 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 10 manat məbləğində pul vəsaitinin 3 manat məbləğində hissəsi Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı, məhkəmə – tikinti-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 həyətlərini ayıran hasarın dalana baxan tərəfinin 2 metr 20 santimetrdən yuxarı kərpicdən artırılmış hissəsi Cavabdeh1 hesabına sökülsün. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 3 (üç) manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Məhkəmə – tikinti-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-96/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-96/2021
22.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver