Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1057/2023 26.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X7, X8 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi (notarius Nidayət Rzayev) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (X7, X8 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi (notarius Nidayət Rzayev) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X5 miras qalmış hər bir daşınmaz və daşınar əmlaklara münasibətdə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğludur. Onların arasında vərəsəlik işi ilə bağlı ciddi mübahisə vardır. Belə ki, onun həyat yoldaşı, o cümlədən cavabdehin atası X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, mərhum ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş və birgə nikahdan üç övladı vardır: X7 - xx.xx.1983-cü il təvəllüdlü, X8 - xx.xx.1984-cü il təvəllüdlü və Cavabdeh xx.xx.1988-ci il təvəllüdlü. Həyat yoldaşı vəfat etdikdən sonra ondan miras qalmış daşınmaz və daşınar əmlakları o və yuxarıda adları göstərilən vərəsələr qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul etmişlər. Lakin cavabdeh miras qoyanın ölümündən əvvəl mirasa lap daha çox çatmaq üçün miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneələr törətmiş və mirasın açıldığı vaxtdan miras kütləsinin vərəsələr arasında qarşılıqlı razılaşma əsasında bölünməsi ilə bağlı problemlər yaratmış, o cümlədən, miras qoyanın sağlığında və hazırda özünün ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən hərəkətlər etmişdir. Mərhumdan miras qalmış əmlakların bölüşdürülməsi ilə bağlı vərəsələrin arasında mübahisə olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyi barədə 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin notariusu Nidayət Rzayev tərəfindən xx.xx.2023-cü il tarixdə vərəsə (üçüncü şəxs) X3 593 nömrəli məktub verilmişdir. Onu da xüsusi olaraq qeyd etmək istəyir ki, istər mərhumun adına olan hər bir daşınmaz və daşınar əmlak və onun adına olan hər bir daşınmaz və daşınar əmlak onların birgə nikah müddətində əldə etdiyi əmlaklar olduğundan hər bir əmlakın ½ hissəsi mirasın kütləsinə daxil edilməlidir. Mərhum həyat yoldaşından aşağıda göstərilən əmlaklar miras qalmışdır:
1. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi (xx.xx.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə);
2. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının ½ hissəsi (xx.xx.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə);
3. Goranboy rayonu 16-cı kvartalda yerləşən 0.0290 ha sahibkarlıq torpağının ½ hissəsi;
4. Goranboy rayonu Rəhimli kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi;
5. Goranboy rayonu Veyisli kəndində yerləşən 4.23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi (Goranboy rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 05 avqust tarixli 27 nömrəli qərarı ilə verilmişdir, “torpağa mülkiyyət hüququna dair” JN 626 saylı 50923018 kodlu dövlət aktına əsasən ümumi birgə mülkiyyət hüququ təsbit edilmişdir);
6. Goranboy rayonu Rəhimli kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsinin 1/5 hissəsi (Goranboy rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 05 avqust tarixli 27 nömrəli qərarı ilə verilmişdir, “torpağın mülkiyyətə verilməsinə dair” JN 205 F saylı ********* kodlu şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququ təsbit edilmişdir);
7. Goranboy rayonu Rəhimli kəndində yerləşən 0.0029 hektar sahibkarlıq məqsədilə torpaq sahəsinin ½ hissəsi (Goranboy Rayon Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 12 nömrəli qərarı ilə ona satılmaqla mülkiyyət hüququ JN 372 saylı 50901004 kodlu "torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən onun adına sənədləşdirilmişdir);
8. 100000 (bir yüz min) ABŞ dolları pul vəsaiti (cavabdeh tərəfindən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə olmaqla götürülmüşdür);
9. 60000 (altmış min) evro pul vəsaiti (cavabdeh tərəfindən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə olmaqla götürülmüşdür). 100000 ABŞ dolları məbləğində pul vəsaiti və 60000 evro məbləğində pul vəsaiti cavabdeh tərəfindən götürülməklə miras qoyan şəxsin son iradəsini yerinə yetirməyə imkan verilməmişdir. Cavabdeh atasının ölümünü bildiyi üçün həmin vəsaitlərə bütövlükdə sahib olmaq istəmişdir. Miras qoyanın ölümündən sonra cavabdehə çoxsaylı müraciətlər edərək, həmin pul vəsaitlərinin yarı hissəsinin, yəni 50 %-nin ona məxsus olmasını, eyni zamanda digər 50 % hissənin isə mirasın kütləsinə daxil olduğunu cavabdehə izah etmişdir. Cavabdeh isə onun haqlı iradlarına qarşı öz silahı ilə onu öldürmək istəmiş və o, təsadüfdən sağ qalmış, eyni zamanda ana olduğu üçün cavabdehdən şikayət etməmişdir. O, və mərhum həyat yoldaşı yuxarıda sadalanan hər bir əmlakı alınlarının təri və halal zəhmətlə qazanmışlar. Cavabdehin miras əmlaklara münasibətdə özünü ləyaqətsiz vərəsə kimi aparması və ailə içində ləyaqətsiz vərəsə kimi tanınması ona əsas vermişdir ki, hazırkı iddia tələbini irəli sürsün. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd edilən “cavabdeh iddiaçının haqlı iradlarına qarşı öz silahı ilə onu öldürmək istəmiş və iddiaçı təsadüfdən sağ qalmış, eyni zamanda ana olduğu üçün cavabdehdən şikayət etməmişdir” cümləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda da tərəflərin arasında vərəsəlik işi ilə bağlı ciddi mübahisə vardır. Miras qalmış əmlaka və qiymətli kağızlara atasının ölümündən sonra cavabdeh sahiblik edir. İddiaçı ərindən miras qalmış əmlakdan onlara çatası payların bölünməsini tələb etsə də cavabdeh buna məhəl qoymamış və miras əmlakı qaytarmamışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddia ərizəsindən aydın olur ki, tərəflər arasındakı mübahisənin səbəbi cavabdehin iddiaçı və 3-cü şəxslərə münasibətdə miras əmlakın bölgüsü ilə razılaşmamasıdır. İddiaçı tərəf bunu aşkar surətdə iddia ərizəsində bildirmişdir. Miras əmlakdakı paylara münasibətdə vərəsələrdən hər hansı birinin mübahisə etməsi, daha çox pay istəməsi və ya bölgü ilə razılaşmaması miras payın bölgüsünün məhkəmə qaydasında tələb edilməsi üçün tərəflərə hüquq verir. Başqa sözlə, vərəsəliklə bağlı mübahisələr, yəni miras payın bölgüsü ilə razılaşmamaq, həmin mübahisəni yaradan vərəsənin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas deyildir. Göründüyü kimi hazırkı iddia tələbi yalnız cavabdehin iddiaçıya miras əmlak üzərində sərəncam hüququ verən hərəkətlərlə razı olmaması, yəni miras əmlakdakı pay bölgüsünə etiraz etməsi əsası ilə qaldırılmışdır. Cavabdeh tərəfindən mərhum atasına münasibətdə atasının sağlığında heç bir cinayət və ya əxlaqsız hərəkət törədilməmiş, onun son iradə ifadəsində və ya vəsiyyətnamədə edilmiş son iradə ifadəsinə maneə yaradılmamışdır. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X3 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə (notarius Nidayət Rzayev) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qasım-İsmayılov rayonu, Çalaberti kənd sovetliyi tərəfindən verilmiş İİ-ЖГ seriyalı 448654 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə İddiaçı arasında nikah xx.xx.1982-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 nömrə ilə qeyd edilmişdir; Qasım-İsmayılov rayonu, Çalaberti kənd sovetliyi tərəfindən verilmiş İX-ЖГ seriyalı 313861 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1983-cü il tarixdə Qasım-İsmayılov rayonu, Rəhimli kəndində doğulmuş, atası X10, anası İddiaçıdır; Qasım-İsmayılov rayonu, Çalaberti kənd sovetliyi tərəfindən verilmiş İX-ЖГ seriyalı 485315 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1984-cü il tarixdə Qasım-İsmayılov rayonu, Rəhimli kəndində doğulmuş, atası X10, anası İddiaçıdır; JN-205F, KOD 50923028 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 27 saylı qərarına əsasən 0.15 hektar torpaq sahəsi Goranboy rayon Rəhimli kənd sakinləri X9, İddiaçı, X1, X2, Cavabdeh mülkiyyətinə verilmişdir; JN-626, KOD 50923018 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 27 saylı qərarına əsasən 4.23 hektar torpaq sahəsi Goranboy rayon Veyisli kənd sakinləri X9, İddiaçı, X1, X2, Cavabdeh mülkiyyətinə verilmişdir; JN-0372, KOD 50901004 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 12 saylı qərarına əsasən 0.0029 hektar torpaq sahəsi Goranboy rayon Rəhimli kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 145025 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə “ağciyər-ürək çatışmazlığı, COVİD-19” səbəbindən ölmüşdür; Goranboy RİHB-nin Rəhimli KİƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 60 nömrəli arayışdan görünür ki, Goranboy rayonunun Rəhimli kəndində yaşamış və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri: arvadı - İddiaçı, qızı - X7, oğlu - X8, oğlu - Cavabdehdur; Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi Elşad Məmmədovun rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:38 dəqiqədə RPŞ-nin növbətçi hissəsinə Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil olmuş (2********) (sair cinayət) məlumatda göstərilmişdir ki, Goranboy rayonu Rəhimli kənd sakini İddiaçı ***-***-**-** nömrəli telefonla zəng vuraraq yaşadığı ünvanda oğlu Cavabdeh ov silahı ilə atəş açaraq onu qorxutması və aralarında münaqişə olmasını bildirmişdir. Məlumatı Goranboy RPŞ-nin məsul növbətçisi (növbətçi köməkçisi), polis leytenantı Elşad Məmmədov qəbul etmişdir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X15 tərəfindən Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilmişdir; 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, miras qoyan X9 qanun üzrə vərəsələri arasında miras əmlaklara dair mübahisə olduğundan mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 7 saylı Bərdə Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, X9 adına ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsilə, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsilə və Goranboy rayonu 16-cı kvartalda 0.0290 ha sahibkarlıq torpağı xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 adına Goranboy rayonu Rəhimli kəndində yerləşən fərdi yaşayış evi 71 saylı qeydiyyat vəsiqəsilə Goranboy rayonu DTİ və MHQ idarəsi tərəfindən qeydə alınmışdır. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh ana və oğuldurlar. İddiaçının əri və cavabdehin atası X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumdan miras qalmış əmlaklarla bağlı tərəflər arasında mübahisə vardır. Hazırda iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə oğulun atanın ləyaqətsiz vərəsəsi hesab edilməsi ilə bağlı ana ilə oğul arasında yaranmış mübahisədir və tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 62-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin; 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir; 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarı: Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir; Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1137-ci maddəsi təşkil edir. Qeyd olunan maddi hüquq normasının mənasına görə, hər hansı şəxsin ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir. Həmçinin, həmin maddə miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Qeyd olunmalıdır ki, ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Hazırkı halda miras əmlaklarla bağlı vəsiyyətnamə mövcud olmadığından iddia tələbinə qeyd edilən maddənin “miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş şəxs” hissəsi üzrə hüquqi qiymət verilməlidir. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar aşağıdakılardır:
1. Onların arasında vərəsəlik işi ilə bağlı mübahisə olması;
2. Cavabdehin miras qoyanın ölümündən əvvəl mirasa lap daha çox çatmaq üçün miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneələr törətməsi;
3. Cavabdehin miras qoyanın sağlığında və hazırda ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən hərəkətlər etməsi;
4. Cavabdeh tərəfindən 100000 ABŞ dolları və 60000 evro məbləğində pul vəsaitinin götürülməklə miras qoyan şəxsin son iradəsini yerinə yetirməyə imkan verilməməsi;
5. Cavabdehin miras əmlaklara münasibətdə özünü ləyaqətsiz vərəsə kimi aparması;
6. Cavabdehin ailə içində ləyaqətsiz vərəsə kimi tanınması. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələbin əsası olaraq göstərilən hallar ləyaqətsiz vərəsə hesab edilmə üçün əsas sayıla bilməz. Belə ki, qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilmənin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə cavabdehin əməllərində həmin şərtlərə uyğun hallar müəyyən edilməmişdir. İddiaçının tələbinin əsasını təşkil edən göstərilən hallar cavabdeh tərəfindən miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törədilməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı iddia tələbinin dəlilləri kimi “cavabdehin miras qoyanın ölümündən əvvəl mirasa lap daha çox çatmaq üçün miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneələr törətməsi”, “cavabdehin miras qoyanın sağlığında və hazırda ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən hərəkətlər etməsi”, “cavabdehin miras əmlaklara münasibətdə özünü ləyaqətsiz vərəsə kimi aparması” hallarını göstərsə də həmin hərəkətlərin nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Həmçinin, “cavabdehin miras qoyanın sağlığında və hazırda ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən hərəkətlər etməsi” dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tələbinin həmin dəlili üzrə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən hərəkətlərin miras qoyanın sağlığında və hazırda edildiyini qeyd etmişdir. Həmin hərəkətlərin “hazırda” edilməsi miras qoyanın ölümündən sonra edilməsi deməkdir. Lakin, nəzərə alınmalıdır ki, ləyaqətsiz vərəsə hesab olunmaya əsas ola biləcək hər hansı bir hərəkət son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törədilməklə miras qoyana qarşı onun sağlığında edilməlidir. “Cavabdehin miras əmlaklara münasibətdə özünü ləyaqətsiz vərəsə kimi aparması” dəlili ilə bağlı qeyd olunmalıdır ki, ləyaqətsiz vərəsə hesab olunma üçün əsas ola biləcək hərəkət “miras əmlaka” münasibətdə deyil “miras qoyana” münasibətdə “miras qoyanın özünə qarşı” edilmiş olmalıdır. “Cavabdeh tərəfindən 100000 ABŞ dolları və 60000 evro məbləğində pul vəsaitinin götürülməklə miras qoyan şəxsin son iradəsini yerinə yetirməyə imkan verilməməsi” dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddia ərizəsində həmin pul vəsaitləri miras əmlak kimi göstərilmişdir. Miras əmlakın vərəsələrdən hər hansı birində olması həmin şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün qanuni əsas deyildir. Lakin, bu hal digər vərəsələrin miras əmlakdan öz paylarının tələb olunması hüququnu istisna etmir. “Cavabdehin ailə içində ləyaqətsiz vərəsə kimi tanınması” dəlili ilə bağlı qeyd olunmalıdır ki, cavabdehin ailə içində ləyaqətsiz vərəsə kimi tanınması və ya ailə üzvlərinin ona qarşı hər hansı bir başqa münasibət bəsləməsi fərdlər arasında olan şəxsi münasibətlərin təzahürüdür. “Tərəflər arasında vərəsəlik işi ilə bağlı mübahisə olması” isə işin mübahisəsiz halıdır. Lakin bu hal cavabdehin məhkəmə qaydasında ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında tam olaraq öz təsdiqini tapmamışdır. Həmin hallar sübut olunsa belə qanunvericilikdə göstərilən şərtlərlə uzlaşmadığından qeyd edilənlər iddianın təmin olunmasına, yəni cavabdehin ləyaqətsiz vərəsə hesab olunmasına əsas vermir. Məhkəmə iclasında sübut kimi təqdim edilmiş CD disk dinlənilmiş və məlum olmuşdur ki, səs yazıları iddiaçı və övladları arasında olan danışıqdan ibarətdir. Həmin şəxslər arasında daşınmaz əmlaklar və pul vəsaiti ilə bağlı mübahisə mövcuddur. Səs yazısında cavabdehin miras qoyan barəsində miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi müəyyən olunmur. Səs yazısında olan mübahisənin dəlilləri hazırkı iddia tələbinin mahiyyəti üzrə həll edilməsi üçün əhəmiyyət kəsb etmədiyindən məhkəmə həmin dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Odur ki, qeydə alınmış səs yazısı da cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını təşkil edən qeyd olunan normadan görünür ki, mülki qanunvericilik ləyaqətsiz vərəsə hesab olunması tələb olunan şəxsin özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsini həmin vərəsənin qanunsuz hərəkətlərinin nəticəsi kimi nəzərdə tutmuşdur, yəni, ləyaqətsiz vərəsənin özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi nəticəsinə gəlinməsi üçün lazımdır ki, ləyaqətsiz vərəsə birincisi miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş olsun və ikincisi, onun bu maneəni törətməsi məhkəmə tərəfindən təsdiq edilmiş olsun. Qanunverici miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməni də izah edərək bunun cinayət və ya əxlaqsız hərəkətlərdən ibarət olmasını qeyd edir. Odur ki, Mülki Məcəllənin 1137-ci maddəsinin mahiyyətinə görə əgər şəxs miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə, yəni cinayət və ya əxlaqsız hərəkət törətməmişsə, onun ləyaqətsiz vərəsə sayılmasından söhbət gedə bilməz. Belə olan halda ləyaqətsiz vərəsə hesab olunması tələb olunan şəxsin özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməyə cəhd etməsi də ləyaqətsiz vərəsə sayılmanın əsası kimi çıxış edə bilməz, çünki, Mülki Məcəllənin 1137-ci maddəsinin mənasına görə “miras payının artmasına kömək göstərmə” miras qoyanın son iradəsinə qarşı cinayət və ya əxlaqsız hərəkətin nəticəsi olmalıdır. Əgər belə hərəkət yoxdursa, şəxsin özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməyə cəhd etməsi sübut olunsa belə, ləyaqətsiz vərəsə sayılmanın əsası deyildir. İş materiallarından görünür ki, cavabdehin, yəni ləyaqətsiz vərəsə hesab olunması tələb olunan Cavabdeh mərhum miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə yaratmaq üçün ona qarşı cinayət törətməsini təsdiq edən məhkəmə hökmü və ya əxlaqsız hərəkət törətməsini təsdiq edən məhkəmə qərarı və yaxud hər hansı sübut yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, araşdırma zamanı buna əsas ola biləcək, Mülki Məcəllənin 1137-ci maddəsinin tələbləri baxımından cavabdehin ləyaqətsiz vərəsə olmasını təsdiq edəcək qanunvericilikdə müəyyən edilmiş əsaslarla bağlı sübut təqdim edə bilməmiş, həmin əsaslar iş materiallarında aşkar edilməmiş və məhkəmə iclasında da müəyyən edilməmiş, eyni zamanda iddia tələbinə əlavə edilmiş sənədlər və iddianın əsası kimi göstərilən hallar isə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas yaratmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilən halları qeyd edilən maddi hüquq normasının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna edir. Odur ki, iddiaçının iddia tələbində qeyd etdiklərinin heç bir qanuni əsası yoxdur. İddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi yolverilməz olmaqla iddianın təmin edilməsi onun Azərbaycan Respublikası Konstitusiyası ilə təminatına konstitusion zəmanət verilmiş vərəsəlik hüququnun, yəni vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnun pozulmasına səbəb olar. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (X7, X8 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi (notarius Nidayət Rzayev) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı (X7, X8 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi (notarius Nidayət Rzayev) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Taleh Mustafayev