Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1113/2023 04.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, onun xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Goranboy rayonu, Xınalı kəndində yerləşən Cavabdeh adına olan fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 mart 2011-ci il tarixdə ailə qurub evlənmiş, el adəti üzrə toy olmuş, nikah isə xx.xx.2019-cu il tarixdə Gəncə "Asan Xidmət" Mərkəzinin Qeydiyyat şöbəsində qeyd edilmişdir. O, gəlin kimi cavabdehin valideynlərinə məxsus olan və Goranboy rayonunun Xınalı kəndində yerləşən evlərinə köçmüş orada yaşamış, sonradan onlar cavabdehin adına Xınalı kəndində Bələdiyyənin xx.xx.2014-cü il tarixli, 5 nömrəli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi alaraq birgə 1 otaqlı yaşayış evi tikdirmiş və 2014-cü ildən tikdikləri evdə yaşamağa başlamışlar. Cavabdehlə yaşadığı müddətdə xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki uşağı olmuşdur. Hal-hazırda cavabdeh həmin evdə yaşayır. Ona məxsus bütün əmlaklar həmin evdədir. Cavabdehlə münasibəti pis olmuş, cavabdeh evinə, ailəsinə, uşaqlarına baxmamış, sosial müavinət pulunu alıb özü üçün xərcləmiş, həmçinin birgə əldə etdikləri, tikdirdikləri evi satmaq istəmiş, sonuncunun bu hərəkətlərinə o, irad etdikdə, onu döymüş, söymüş, təhqir etmiş, dəfələrlə polis şöbəsinə düşmüş, xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə ona bıçaqla hədə-qorxu gəlmiş ki, evin satılmasına razılıq versin, lakin o, razılıq verməmiş və 102 xidmətə şikayət etmişdir. O, cavabdehin bu hərəkətlərinin nəticəsindən qorxub məcbur olub valideynlərinin evinə getmişdir. Hal-hazırda müvəqqəti olaraq valideynlərinin evində yaşayır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-182/2023 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında Gəncə "Asan Xidmət" mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2019-cü il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 552 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X4 isə anası X1 yanında saxlanılması qət edilmişdir. Cavabdeh 2014-cü ildən yaşadığı evə qanunsuz və əsassız olaraq onları buraxmır, onu və oğlunu onlara məxsus ümumi birgə əmlakdan yaşayış evindən məhrum etmiş, həmin yaşayış evində xx.xx.2022-ci il tarixdən yaşamağa imkan verməmiş, onların mənzil hüququnu kobud şəkildə qanunsuz olaraq pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdehlə xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların həmin nikahından iki uşağı doğulmuşdur. Bundan sonra cavbdehlə arasında baş verən münaqişədən sonra ayrılaraq atası evinə getmişdir. Daha sonra cavabdehlə arasında bağlanmış nikahın pozulması barədə Goranboy rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından doğulmuş uşağın biri onun, digəri isə cavabdehin himayəsində qalmışdır. Hazırda o, yanında qalmış uşağı ilə birlikdə cavabdehin adına olan Goranboy rayonu Xınalı kəndində yerləşən evə köçürülmək istəyir. Cavabdehin buna razılığı olsa da, o, köçürülmənin məhkəmə qərarı ilə olmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçının evə köçürülməsinə etiraz etmir və bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 822238 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 28 dekabr 2011-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçı qızıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 831723 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 21 sentyabr 2016-cı ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçı qızıdır; Goranboy rayon Məhkəməsinin 2(045)-182/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 552 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X4 isə anası İddiaçı yanında saxlanılması qət edilmişdir; Goranboy Rayonu Xınalı Kənd Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli iclas protokolunun 5 nömrəli qərarından çıxarışdan görünür ki, Xınalı Bələdiyyəsinin alğı-satqı predmeti olan 1200 kv.m və ya 0,12 ha torpaq sahəsinin Xınalı kənd sakini Cavabdeh fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılması ilə ayrılması məqsədə uyğun hesab edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyati qurmuşlar, bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur. İddiaçı 2011-ci il tarixdə Cavabdeh məxsus Goranboy rayonu, Xınalı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb və etibarlı ailə münasibətlərində yaşamışlar. Sonradan tərəflər arasında münasibətlər kəskinləşmiş və iddiaçı birgə təsərrüfatda idarə etdiyi mübahisəli evi tərk etməyə məcbur qalmışdır. Goranboy rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah qeydi pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X4 isə anası İddiaçı yanında saxlanılmışdır. Hazırda cavabdeh İddiaçı uşağı ilə birlikdə həmin evə köçərək yaşamasına etiraz etmir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladı xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə cavabdehin sahibliyində olan Goranboy rayonu, Xınalı kəndində yerləşən yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladı xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə cavabdehin sahibliyində olan Goranboy rayonu, Xınalı kəndində yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1113/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1113/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver