Məhkəmə qərarları › İş №2(045)-1163/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1163/2025

24.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1163/2025 24.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 0,38 ha torpaq sahəsində olan tikinti sahələri nəzərə alınmadan ümumi torpaq sahəsinə bütün tikililərə dair hər birinin payları müəyyən olunmaqla (ayrılmaqla) hər biri arasında bərabər şəkildə bölünməsi (yerlərinin müəyyən edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 nömrəli qərarı ilə Goranboy rayonu Qarasüleymanlı kəndində 0,38 hektar torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağ mülkiyyətinə verilməsi ilə bağlı ailə başçısı olaraq babası X6 JN-050F, KOD 50901018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” sözügedən şəhadətnamədə ali başçı olaraq babası X3 adı, daha sonra, nənəsi X1, anası Rüstəmova (Yusibova) Səidə Musa qızının, bacısı Rüstəmova (Yusibova, Hacıyeva) Sevinc Musa (Sübhan) qızı, dayıları Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və onun, yəni Yusifov (Yusibov) Vüsal Sübhan oğlunun adlan qeyd edilmişdir. Həmin şəhadətnaməyə dair çıxarışın alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və sözügedən torpaq sahəsi üçün onların ümumibirgə mülkiyyət hüquqları tanınmaqla xx.xx.2024-cü il tarixli, **********72 reyestr nömrəli çıxarış verilmişdir. O, həmin topaq sahəsinə çıxarışı alsa da mülkiyyətindən istifadə edə bilmir, onların torpaq sahəsi üçün payları müəyyən olunmamış və bölünməmişdir. Bu halı onlar öz aralarında həll edə bilmir. Ona görə bu hal məhkəmə qaydasında həll edilməlidir. Buna görə də, o, məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Odur ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən ümumbirgə mülkiyyətində olan 0,38 hektar torpaq sahəsinə paylarının müəyyən olunmaqla (ayrılmaqla) hər biri arasında bərabər şəkildə bölünməsi (yerlərin müəyyən edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən və onların ümumbirgə mülkiyyətində olan 0,38 hektar torpaq sahəsinin paylara uyğun bölünməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən və onların ümumbirgə mülkiyyətində olan 0,38 hektar torpaq sahəsinin paylara uyğun bölünməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 0.38 ha torpaq sahəsi İddiaçı, X1, X3, X4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikası DİN-in PQMX-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh4 xx.xx.1988-ci il tarixdən Goranboy rayonu Qarasüleymanlı kəndində qeydiyyatdadır; Azərbaycan Respublikası DİN-in PQMX-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3 xx.xx.1990-cı il tarixdən Goranboy rayonu Qarasüleymanlı kəndində qeydiyyatdadır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-46/2-5087/2025 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********72 reyestr nömrəli Çıxarışla Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 0.38 ha torpaq sahəsinin (X7 2/1 hissə,X2 ½ hissə, X9 ½ hissə, X10 ½ hissə, X5 ½ hissə, Cavabdeh1 ½ hissə, Cavabdeh3 ½ hissə, Cavabdeh4 ½ hissə pay hüquqi üzrə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tikili altı torpaq sahələrinin ümumi birgə mülkiyyətlərində saxlamaqla kəndarası yola çıxışı təmin etməklə bölünməsi mümkündür. (sxem rəyə əlavə edilmişdir). Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 0.38 ha torpaq sahəsi İddiaçı, X2, X9, X11, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumbirgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı ümumbirgə mülkiyyətində olan həmin torpaq sahəsini paylarına uyğun naturada bölünməsini tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticəsinə dair tərtib edilmiş ekspert rəyində mübahisə predmeti olan Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsində hər birinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tikili altı torpaq sahələri ümumi birgə mülkiyyətlərində saxlamaqla kəndarası yola çıxışı təmin etməklə, hər birinin payı 0,0337 ha hissə olmaqla, naturada bölgüsünun mümkün olduğu göstərilmiş və verilmiş rəyə uyğun bölgü sxemi çəkilərək, rəyə əlavə edilmişdir. Məhkəmə iddiaçının torpaq sahəsinin üzərində olan tikintilərin (daşınmaz əmlak kimi dövlətin rəsmi reyestrində qeydə alınmayıb) nəzərə alınmadan altında olan torpaq sahələri də daxil olmaqla, naturada bölgüsünə münasibətdə qeyd edir ki, belə bölgünün aparılması texniki cəhətdən mümkün olmadığından iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin( bundan sonra - Mülki Məcəllə): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.2 və 215.2-ci maddələrinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir; 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçının tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd olunan qanunvericilik normalarının təhlili əsasında belə qənaətə gəlmək olar ki, müvafiq işlərə baxılarkən ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi məsələsi, ilk növbədə, araşdırılmalı və belə bölgü mümkün olduğu halda mülkiyyətçinin hüquqlarının qorunması və təmin edilməsi baxımından əmlak qanunun tələblərinə uyğun olaraq müəyyən edilmiş nisbətlərdə paylara bölünməlidir. Hazırkı iş üzrə tərəflər bərabər paylı mülkiyyət hüququna xitam verilməsi növünə dair razılığa gəlmədiklərindən, tərəflərin pay nisbətləri hüquq müəyyənedici sənəd əsasında müəyyən edildiyindən və əmlakın texniki cəhətdən bölgüsü mümkün olduğundan (həyətyanı torpaq sahəsinin tikili altı torpaq sahələri ümumi birgə mülkiyyətlərində saxlanılmaqla), həmçinin bu, qanuna və işin hallarına uyğun olduğundan torpaq sahəsi məhkəmənin qərarı ilə fiziki bölünməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ədalətlilik və ağlabatanlıq prinsipi baxımdan naturada bölgü iş materiallarında olan mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxemə uyğun bölünməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsində İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tikili altı torpaq sahələri ümumi birgə mülkiyyətlərində saxlanılmaqla, kəndarası yola çıxışı təmin etməklə, mütəxəssisin verdiyi bölgü sxemə uyğun olaraq hər birinin payı 0,0337 ha hissədə naturada bölünməlidir. Qeyd olanlara əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsində İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tikili altı torpaq sahələri ümumi birgə mülkiyyətlərində saxlanılmaqla, kəndarası yola çıxışı təmin etməklə, mütəxəssisin verdiyi bölgü sxemə uyğun olaraq hər birinin payı 0,0337 ha hissədə naturada bölünsün. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar