Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1169/2025 14.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Mərkəzi xəstəxanın yanında yerləşən iddiaçının mülkiyyətində olan 0.0016 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində tikilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 18 iyul 2024-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Goranboy şəhəri Mərkəzi xəstəxanının yanında yerləşən sahibkarlıq məqsədilə verilmiş 0.0030 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq sahəsindən müəyyən səbəblərdən müvəqqəti olaraq istifadə edə bilməmişdir. Cavabdeh bundan istifadə edərək iddiaçının mülkiyyətində olan torpaq sahəsini qeyriqanuni zəbt edərək orada tikinti işləri apararaq obyekt tikmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan vermir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh torpaq sahəsinin sonuncuya məxsus olduğunu bildirir. Məsələyə aydınlıq gətirmək üçün iddiaçı 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin təşkilatdan mütəxəssis gələrək sənəd əsasında torpaq sahəsinin sərhədlərini müəyyən edərək iddiaçıya təhvil vermişdir. Bu barədə olan 07 may 2025-ci il tarixli Aktı məhkəməyə təqdim etmişdir. Odur ki, o, cavabdehlər tərəfindən zəbt edilmiş iddiaçının mülkiyyətində olan 0.0030 ha torpaq sahəsinin 0.0016 ha hissəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində tikilmiş qanunsuz obyekt cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması barədə məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Goranboy şəhəri Mərkəzi xəstəxanının yanında yerləşən sahibkarlıq məqsədilə verilmiş 0.0030 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh torpaq sahəsinin 0.0016 ha hissəsini zəbt edərək orada qanunsuz və özbaşına tikinti aparmışdır. Yekunda iddia tələbinin təmin ediməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 18 iyul 2024-cü il tarixli çıxarışdan görünür ki, Goranboy şəhəri Mərkəzi xəstəxananın yanında yerləşən 0.0030 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-46/2-5252/2025 nömrəli, 07 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Goranboy şəhəri Mərkəzi xəstəxananın yanında yerləşən 0.0030 ha torpaq sahəsinin kontur, koordinat və parametrləri **********25 reyestr nömrəli çıxarışla göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil edir, İddiaçı **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilmiş 30 kv.m torpaq sahəsinin 16 kv.m hissəsi ilə Cavabdeh tikdirdiyi tikili ilə üst-üstə düşür və İddiaçı **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilmiş 30 kv.m torpaq sahəsinin 16 kv.m hissəsi ilə Cavabdeh tikdirdiyi tikilisi, 8 kv.m digər şəxsin istifadə etdiyi çayxana tikilisi ilə, qalan 6 kv.m hissəsi isə boş torpaq sahəsinə düşür; Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiа təmin еdilməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışla Goranboy şəhəri Mərkəzi xəstəxananın yanında yerləşən 0.0030 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Lakin, hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən və üzərində yerləşən əmlak kompleksindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 0.0030 ha torpaq sahəsindən cavabdeh tərəfindən zəbt edilmiş 0.0016 ha torpaq sahəsindən çıxarılması, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsı Torpaq Məcəlləsinin: 84-cü mаddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Qeyd olunan maddi hüquq normasının müddəasının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları və mütəxəssis rəyi ilə müəyyən edilir ki, çıxarışla İddiaçı sənəd üzrə xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.0016 ha hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür və çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin halı koordinatları ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. Məhkəmə hesab edir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 81-ci mаddəsinə əsаsən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə, iddia təmin edilməli, İddiaçı **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 18 iyul 2024-cü il tarixli çıxarışla məxsus olan 0.0030 torpaq sahəsinin 0.0016 ha hissəsindən (07 oktyabr 2025-ci il tarixli, 3-21-3-46/2-5252/2025 saylı mütəxəssis rəyinə əlavə olunmuş sxemə uyğun olaraq) Cavabdeh çıxarılmalı, aparılmış qanunsuz tikili cavabdehin öz hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 18 iyul 2024-cü il tarixli çıxarışla məxsus olan 0.0030 ha torpaq sahəsinin 0.0016 ha hissəsindən (07 oktyabr 2025-ci il tarixli, 3-21-3-46/2-5252/2025 saylı mütəxəssis rəyinə əlavə olunmuş sxemə uyğun olaraq) Cavabdeh çıxarılsın, aparılmış qanunsuz tikili cavabdehin öz hesabına sökülsün və ərazi boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1169/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1169/2025
14.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver