Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1520/2025 26.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Hafiz Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, və nümayəndəsi vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyət hüququ əsasında ona və onun ailəsinə məxsus olan Goranboy rayonu Xanqərvənd kəndində yerləşən, kənd təsərrüfatlı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2.74 ha torpaq sahəsinin ona aid olan 0.548 ha hissəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin ona qaytarılması və ona vurulmuş maddi ziyana görə 3000 manat kompensasiyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53cü maddəsinə əsasən İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyət hüququ əsasında ona və onun ailəsinə məxsus olan Goranboy rayon Xanqərvənd kəndində yerləşən, kənd təsərrüfatlı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2.74 ha torpaq sahəsinin ona aid olan 0.548 ha hissəsindən və atasından miras qalmış 0.13 ha hissəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin ona qaytarılması və ona vurulmuş maddi ziyana görə 3500 (üç min beş yüz) manat kompensasiyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizədə tələblərini onunla əsaslandırmışlar ki, o, Goranboy rayonu Xanqərvənd kəndində yerləşən və ümumi mülkiyyətdə olan 2.74 ha torpaq sahəsinin hüququ sahiblərindən biridir. Bu torpaq sahəsi onun atası X3 adına çıxarışla rəsmiləşdirilmiş və ümumi mülkiyyət hüququ ilə beş nəfərin adına qeydə alınmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, torpaq sahəsinin ona məxsus olan hissəsinə qanunsuz olaraq günəbaxan bitkisi əkmişdir. O, cavabdehə bu torpaq ümumi mülkiyyətdə olan torpaq sahəsi olmasına baxmayaraq ona məxsus olan hissədə narazı olduğunu bildirsə də, cavabdeh onun mövqeyinə məhəl qoymamışdır. O, bu barədə Goranboy rayon Polis Şöbəsinə müraciət etmiş və onun tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Goranboy rayonu Xanqərvənd kəndində yerləşən və ümumi mülkiyyətdə olan 2.74 ha torpaq sahəsinin hüququ sahiblərindən biri iddiaçıdır. Cavabdeh torpaq sahəsinin ona aid hissəssində qanunsuz olaraq günəbaxan bitkisi əkmişdir. Bununla bağlı iddiaçı Cavabdeh dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncu onun sözlərinə məhəl qoymamışdır. Bunun nəticəsində ona 3500 manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı paylı mülkiyyətində Goranboy rayonu Xanqərvənd kəndində yerləşən torpaq sahəsi 28 ildir onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin istifadəsi ilə bağlı İddiaçı ilə razılaşması olmuşdur. Lakin, sonradan iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadəsini ona qadağan etmiş və oda buna əməl etmişdir. Hazırda o mübahisəli torpaq sahəsindən istifadə etmir. Maddi ziyanla bağlı qeyd edir ki, o İddiaçı maddi ziyan vurmamışdır. Belə ki, həmin torpaq sahəsi iddiaçının razılığı ilə onun istifadəsində olduğu üçün əkib becərmiş və əldə olunan qazanc hesabına icarə haqqı ödəmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə Goranboy rayonun Xanqərvənd kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır. JN-217, KOD 50900158 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 2,74 hektar torpaq sahəsi Goranboy rayon Xanqərvənd kənd sakinləri X3, X4, İddiaçı, X5, X8 mülkiyyətinə verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan ki, Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 2.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 (tam) xüsusi mülkiyyətinə verilmişdir; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 443034 saylı, 23 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X1 rayonun Təhlə kəndində 12 noyabr 2024-cü il tarixdə ölmüşdür. Bu barədə qeyd kitabının 26 noyabr 2024-cü il tarixli, 623 səhifəsində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında Goranboy rayon Təhlə kənd sakini X9 barəsində məhkəmədə mülki iddia vermək hüququ vardır; 06 avqust 2025-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Goranboy rayon Xanqərvənd kəndində qeydiyyatda olan qızı İddiaçıdır və o miras əmlakdan ¼ hissədə pay almalıdır; Cavabdehun 13 avqust 2025-ci il tarixdə Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbinə Camalovaya vermiş olduğu izahatından görünür ki, sözügedən torpaq sahəsindən o, günəbaxan tumu əkmişdir. Onun yığımını edib tələbkara da haqqını vermək istədiyini, yığımdan sonra həmin torpaq sahəsindən istifadə etməyəcəyini bildirmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan ki, Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 2.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı (tam) xüsusi mülkiyyətinə verilmişdir; “Pasha Pay” tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin qismən etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiа təmin еdilməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışla Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 2.74 ha kənd təsərrüfstı təyinatlı torpaq sahəsi ümumbirgə İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Bundan başqa 06 avqust 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə də İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X2 Goranboy rayon Xanqərvənd kəndində yerləşən torpaq sahəsindən ¼ hissədə pay almışdır. Lakin, hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 2.74 ha torpaq sahəsinin 0.548 ha və 0.13 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X9 iddianı qəbul edərək iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Аzərbаycаn Rеspublikаsı Torpaq Məcəlləsinin 84-cü mаddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməli, İddiaçı **********00 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışla mexsus olan 2.74 ha torpaq sahəsininin 0.678 ha hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. MM-in: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada konkret iddia üzrə hazırki mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir; Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ona məhz 3500 manat məbləğində maddi ziyan vurması, bu məbləğdə ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulması, sözügedən ziyanla həmin qanunazidd hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehin göstərilən məbləğdə maddi ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə iddiaçının öz tələbini əsaslandırdığı halların mövcud olub-olmamasını yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən qeyd edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iddia ilə bağlı qeyd edir ki, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquqpozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülkihüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: 1.Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır. 2.Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququ pozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülkihüquq pozuntusunun yaranması üçün dörd şərtin mövcud olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaçıya 3500 manat maddi ziyanın vurulması, bu ziyanın Cavabdeh hansısa qanunazidd hərəkətləri nəticəsində yaranması və həmin ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin həmin 3500 manat ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya vurulmuş 3500 manat zərərin əvəzinin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə, iddia qismən təmin edilməli, İddiaçı **********00 reyestr nömrəli çıxarışla mexsus olan 2.74 ha torpaq sahəsininin 0.678 hissəsindən cavabdeh X11 çıxarılmalı və həmin torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı **********00 reyestr nömrəli çıxarışla mexsus olan 2.74 ha torpaq sahəsininin 0.678 hissəsindən cavabdeh X11 çıxarılmalı və həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X17