Məhkəmə qərarları › İş №2(045)-16/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-16/2025

30.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-16/2025 30.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətçisi olduğu Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o alğı-satqı müqaviləsi əsasında olduğu Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsini Cavabdeh almışdır. Həmin torpaq sahəsi onun adına 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Publik Hüquqi şəxsində qeydiyyata alınmışdır. Aldığı torpaq sahəsində cavabdeh sex işlətmişdir. Cavabdehdən dəfələrlə mülkiyyətçisi olduğu Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən çıxmasını xahiş etsə də cavabdeh onun torpaq sahəsindən çıxmır. Cavabdeh onun torpaq sahəsindən qanunsuz olaraq sahiblik və istifadə edir. Buna görə də Cavabdeh mülkiyyətçisi olduğu Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, məhkəməyə təqdim etdiyi diskdə olan görüntülərdə cavabdeh sexdə işçiləri işlədir, ekspertizanın nümayəndələrinin gələcəyini eşitdikdə sexi tərk edir. Onun mülkiyyət hüququ pozulur, mülkiyyətindən sərbəst istifadə edə bilmir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Goranboy rayonu Sarovlu kəndində yerləşən 0,0108 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2024-cü il tarixli 3-16-16/2-10/7794 saylı ekspert rəyindən görünür ki, Goranboy rayonu Sarovlu kəndində İddiaçı mülkiyyətində torpaq sahəsinin kontur, koordinat və parametrləri xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil etdiyi müəyyən edilir. İddiaçı mülkiyyətində olan Goranboy rayonu Sarovlu kəndində yerləşən torpaq sahəsi üzərində maşınların təmir sexləri olduğu müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı DƏDRX-nin 7 saylı ərazi İdarəsinin hesabına mütəxəssis rəyi üçün 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu Sarovlu kəndində yerləşən 0,0108 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2024-cü il tarixli 3-16-16/2-10/7794 saylı ekspert rəyindən görünür ki, Goranboy rayonu Sarovlu kəndində İddiaçı mülkiyyətində torpaq sahəsinin kontur, koordinat və parametrləri xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil etdiyi müəyyən edilir. İddiaçı mülkiyyətində olan Goranboy rayonu Sarovlu kəndində yerləşən torpaq sahəısi üzərində maşınların təmir sexləri olduğu müəyyən edilir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları, ekspert və mütəxəssis rəyi, eləcə də iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş rüsum cavabdehdən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Göründüyü kimi, Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən İddiaçı mülkiyyətindədir, həmin torpaq sahəsinin üzərində yerləşən tikililərdə başqa hər hansı şəxsin fəaliyyəti İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətçisi olduğu Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə 95 manat mütəxəssis xərci və 100 manat dövlət rüsumu Cavabdeh tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat pul İddiaçı özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar