Məhkəmə qərarları › İş №2(045)-1675/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1675/2025

22.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1675/2025 22.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh Goranboy Rayonu X4 Orta Ümumtəhsil Məktəbin nümayəndəsi qismində direktor Cavabdeh iştirakı ilə, İddiaçı cаvаbdеh Goranboy rayon Qarasuçu kənd orta məktəbinə qаrşı “əmrin ləğvi və işə bərpa” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Təhsil İdarəsi Goranboy- Naftalan Rayonları üzrə Təhsil sektoru Goranboy Rayon Rayon X4 orta Məktəbinin 67 saylı xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi və onun işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı il tarixdən Goranboy Rayonu X4 orta məktəbində ibtidai sinif müəlliməsi təyin olunmuş və həmin tarixdən etibarən həmin məktəbin ibtidai sinif müəlliməsi kimi fəaliyyətini 07 iyul 2025-ci ilə qədər davam etdirmişdir. Nəzərə çatdırılır ki, o, müəllimə işlədiyi dövrdə öz metodik dərslərini qanunauyğun şəkildə nizam-intizamla keçmiş və heç bir intizam tədbiri almadan öz peşə fəaliyyətini davam etdirmişdir. Son dövrdə olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilən sertifikatlaşdırmada keçiriləcək sertifikasiyaya hazırlaşdığı dövrdə səhhətində yaranan ciddi problem səbəbindən 20 iyun 2025-ci il tarixində keçirilən sertifikasiya imtahanında iştirak edə bilməmişdir. Bunu sübut edən xəstəlik haqqında arayışdan da görünür ki, həmin vaxtı yəni 19 iyun - 05 iyul 2025-ci il tarixlərində kəskin ürək ağrısından əziyyət çəkdiyi üçün iştirak edə bilməmişdir. Bu haldan sonra, yəni 07 iyul 2025-ci ildə işə geri qayıtsa da, rəhbərlik tərəfindən işdən azad olunacağı bildirilmiş və 07 iyul 2025-ci il tarixdə qanunsuz olaraq işdən azad edilmişdir. Nəzərə çatdırılır ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan Rayonları üzrə Təhsil sektoru Goranboy Rayon X4 orta Məktəbinin 67 saylı xx.xx.2025-ci il tarixli əmri ilə onun səhhətilə bağlı sertifikasiyada iştirak qanunsuz olaraq “Sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş” və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bu əmri tamamilə qanunsuz hesab edir. Çünki onun razılığı olmadan və onun üzrlü səbəbdən, yəni səhhətində olan ciddi problem səbəbindən iştirak edə bilmədiyi üçün təkrar sertifikasiya hüququ əlindən alınmışdır. Bu hansı qanunvericiliyə sığan bir hərəkətdir ki, illərin metodisti işləmiş bir müəllimə olaraq səhhəti nəzərə alınmadan və rəhbərlik tərəfindən araşdırma aparılmadan qanunsuz əmr əsasında işdən azad edilmişdir. Ona növbəti sertifikasiya imtahanında iştirak etməyi üçün heç bir vaxt verilməmişdir. Odur ki, bu məsələnin həll olunması üçün Goranboy 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və cavabdeh tərəfin heç bir nümayəndəsi iştirak etməmiş və bu məsələ ilə bağlı heç bir aydınlıq gətirilməmişdir. Ona görə də, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu qanunsuzluğun məhkəmədə öz həllini tapacağına inanır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, onda yüksək təzyiq olduğuna görə imtahan həyəcanı ürəyində problemlər yaratmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Goranboy Rayonu X4 Orta Ümumtəhsil Məktəbin nümayəndəsi qismində direktor Cavabdeh məhkəməyə elektron qaydada təqdim etdiyi ərizəyə uyğun izahat verərək, iddia tələbinə etiraz etdiyini və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Abbas Səhhət” adına Xəstəxananın həkim-kardioloqu X1 izahatında bildirmişdir ki, İddiaçı “əmək funksiyasının icrasından azad edilməsi” barədə sənəd onun tərəfindən verilmişdir, qeyd olunan tarixlərdə xəstədə (iddiaçı) yüksək təzyiq olduğu üçün əmək funksiyasından azad olunmuşdur. Verilən suala cavab olaraq bildirdi ki, İddiaçı xəstəxanada stasionar müalicədə olmamış və özünün bildirdiyinə görə ürək xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayonu X4 Orta Ümumtəhsil Məktəbin tərəfindən verilmiş 67 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir; “Abbas Səhhət” adına Xəstəxana tərəfindən verilmiş elektron qaydada imzalanmış “əmək funksiyasının icrasından azad edilməsi” barədə sənəddən görünür ki, İddiaçı xx.xx.2025-xx.xx.2025, xx.xx.2025-xx.xx.2025, xx.xx.2025-xx.xx.2025 və xx.xx.2025xx.xx.2025-ci il tarixlərində əmək funksiyasının icrasından azad edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, hazırkı mübahisə fərdi əmək mübahisəsi ilə əlaqədar qaldırılmış iddiadır. İş üzrə İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilən sertifikatlaşdırmada keçiriləcək sertifikasiyaya hazırlaşdığı dövrdə səhhətində yaranan ciddi problem səbəbindən 20 iyun 2025-ci il tarixində keçirilən sertifikasiya imtahanında iştirak edə bilmədiyi üçün cavabdehin 67 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunmasını tələb edir. Cavabdeh məktəbin nümayəndəsi isə əmrin qanuna uyğun olduğunu əsas gətirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının: 1.5-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür; 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinin "b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir; 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2006-cı il tarixdən Goranboy Rayonu X4 Orta Ümumtəhsil Məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən xx.xx.2024-cü il tarixdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilmiş, məktəbin ibtidai sinif müəllimi olan iddiaçı həmin imtahanda iştirak etmişdir. İddiaçı həmin imtahanda ixtisas üzrə keçid balı olaraq müəyyən edilmiş 60 baldan 9 bal toplaya bilmişdir. Bundan sonra iddiaçıya 1 il vaxt verilməklə, o, vəzifəsinin icrasına davam etmişdir. 20 iyun 2025-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda işitrak etməmişdir. Nəticədə iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2025-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı bildirir ki, o, 2025-ci ilin iyun ayının 19-dan iyul ayının 5-dək kəskin ürək ağrısından əziyyət çəkdiyinə görə əmək funksiyalarının icrasından azad olunduğu üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edə bilməmişdir. Bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir və bununla bağlı bildirir ki, 2025cü ilin iyun ayının 19-dan iyul ayının 5-dək olan dövr ərzində əmək qabiliyyətsizliyi vərəqəsinin verilməsi üçün əsas olan ürək xəstəliyinin iddiaçıda olmasının sonuncunun xx.xx.2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırma imtahanında iştirakına mane olan hal kimi çıxış etməsi iş materialları ilə təsdiq olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halları aşkar edilməmiş və cavabdeh Əmək Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 67 nömrəli əmr qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur, buna görə də əmrin ləğv edilməsi barədə tələb və bu tələbə münasibətdə törəmə tələb olan işə bərpa tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimTaleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar