Məhkəmə qərarları › İş №2(045)-1785/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1785/2024

22.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1785/2024 22.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 107 nömrəli əmri ləğv edilərək müəllim kimi işinə bərpa edilməklə və arada itirilən ayların əmək haqqımın hesablanaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 33 ildir ki, Goranboy rayon Peşə Məktəbində işləmişdir. Lakin,xx.xx.2024 cü ildə məktəbin direktoru vəzifəsindən azad edilmiş və dediyi dərs saatları üçün əvəzedici direktor olan cavabdeh onunla əmək müqaviləsi bağlamış sonra da demişdir ki, bu müvəqqəti əmək müqaviləsidir. O, direktora izah etmək istəmişdir ki, o direktor işləyə işləyə dərs də demişdir. O, vəzifədən azad edilmiş lakin, müəllim kimi işdən yox. Bundan sonra direktor hansı səbəbdən ona dərs saatının verməməsini və digər hallar barədə heç bir rəsmi cavab verməmişdir. O da MPM-nin 85.1- ci maddəsində özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər, deyildiyi kimi o da hakimdən xahiş edir ki, cavabdeh olan Cavabdeh hazırkı direktorundan sorğular edilərək cavablar alınsın ki, onu hansı əmrlə işdən azad edib, niyə azad edib səbəb nədir. Hesab edir ki, işinə bərpa edilməlidir. İşinə bərpa edilməyi üçün Goranboy rayon mediasiyaya müracət etmişdir, lakin göründüyü kimi, cavabdeh mediasiyaya gəlməkdən rəsmi imtina etmişdir. Bu barədə medator xanım Məmmədova Aygün xx.xx.2024-ci il tarixdə rəsmi arayış vermişdir. Hesab edir ki, işdən əsassız azad edilməyi barədə mənə məlum olmayan əmr ləğv edilməli, işinə bərpa edilməli barədə qərar qəbul-edilməsi zərurəti yaranmışdır. O, da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayon xəstəxanasında müalicə olunduğu üçün təyin edin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirib qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, 1990-cı il tarixdən Goranboy rayon Peşə Məktəbinin Xocalı filialının müdri vəzifəsində işləmişdir. Daha sonra Xocalı filialı Goranboy rayon Peşə Məktəbinə birləşdirilmiş və 2022-ci ildən həmin məktəbin direktoru olmuşdur. Bundan sonra o, direktor vəzifəsindən qanunsuz azad edilmişdir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin olunmuşdur. O, direktor vəzifəsindən azad olunan zaman, həmin məktəbin müəllimi kimi fəaliyyətinə davam etmişdir. Buna baxmayaraq, Goranboy rayon Peşə Məktəbinin direktoru Azər Rüstəmov onunla 3 aylıq müddətinə müddətli əmək müqaviləsi bağlamışdır. Halbuki, o, 30 ildir ki, sözügedən məktəbdə müxtəlif vəzifələrdə işlədiyini bildirmişdir. Bundan başqa onun işdən azad olunma ilə bağlı nə əmrin surəti, nə də ki, müqavilənin müddətinin başa çatdığı ona bildirilməmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 bildirmişdir ki, iddiaçı Abışov X1 rayon Peşə Məktəbinin Xocalı filialının müdri vəzifəsində işləmişdir. Daha sonra Xocalı filialı Goranboy rayon Peşə Məktəbinə birləşdirilmiş və 2022-ci ildən həmin məktəbin direktoru olmuşdur. Bundan sonra iddiaçı direktor vəzifəsindən azad edilmişdir və müəllim vəzifəsinə keçirilmişdir. Bununla da sonuncu ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti başa çatdıqda tərəfindən İddiaçı işlədiyi müəllim vəzifəsindən azad edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, İddiaçı əmrin surəti rəsmi qaydada təqdim edilməmiş, həmçinin iddiaçı müqavilənin bitməsinə azı bir həftə qalmış qabaqcadan yazılı formada xəbərdar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbinin 107 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, Cavabdeh Xocalı filialının “avtomobillərin təmiri çilingəri” qrupunun ixtisas fənn müəllimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir; Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 aprel 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən direktor X3 ilə işçi Abışov X1 Peşə Məktəbi (Xocalı filalına) 3 ay müddətinə işə qəbul edilmişdir. İşçinin maaşının 795 manat olduğu razılaşdırılmışdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 1990-cı ildən Goranboy rayon Peşə Məktəbinin Xocalı filialının müdri vəzifəsində işləmişdir. 2022ci ilin dekabr ayından Goranboy rayon Peşə Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Bundan sonra İddiaçı direktor vəzifəsindən azad edilmiş və Goranboy rayon Peşə Məktəbinin Xocalı filialının “avtomobillərin təmiri çilingəri” qrupunun ixtisas fənn müəllimi kimi fəaliyyətinə davam etmişdir. Buna dair iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 107 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “b” bəndində əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək mqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı onunla müddətli müqavilənin bağlanmasının qanunazidd olduğuna istinad edərək, əmrin ləğv edilməsini, məcburi iş buraxmaya görə əmək haqqının ödənəilməsini məhkəmədən xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Azərbaycan Respublikası Əmək Məcəlləsidir (bundan sonra – Əmək Məcəlləsi). Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı işdə əmək müqaviləsinin xitamına dair əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin "b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəllənin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Bu hallardan biri də (“f” bəndi) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasıdır. Qeyd edilənlər baxımından nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Çünki qeyd olunduğu kimi Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı sonuncu müqavilə bağlanmazdan əvvəl müəssisədə 30 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə əvvəl bağlanmış müqavilə müddətsiz olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Yəni, qanunvericiliyin tələbinə görə müddətli əmək müqaviləsinə xitam verilməsi üçün müqavilənin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri bununla bağlı digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etdiyi təqdirdə, əmək müqaviləsi xitam edilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tərəflərdən heç biri müqavilənin bitməsinə azı bir həftə qalmış bununla bağlı digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etməmişdir. Buna görə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur. Bununla da, cavabdeh əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik etməklə əmək qanunvericiliyinin yuxarıda sadalanan tələbini pozmuşdur. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyildir. MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbinin xx.xx.2024-cü il tarixli, 107 saylı əmri qanuni hesab edilə bilməz, bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki işinə bərpa edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il il tarixli, 107 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən iddia tələbi məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbinin xx.xx.2024-cü il tarixli, 107 nömrəli Əmri ləğv edilsin və İddiaçı əvvəlki işinə bərpa edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbi tərəfindən İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimTaleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar