Məhkəmə qərarları › İş №2(045)-1795/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1795/2024

10.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1795/2024 10.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilərək müdafiəsi, edilən müdaxiləyə maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Heydər Əliyev küçəsində yerləşən 0.0029 ha torpaq sahəsindən və tikilidən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goraboy rayonu Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli, 12 saylı qərarına əsasən o Goranboy rayonu, Heydər Əliyev küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün 0.0029 ha torpaq sahəsi satılmış və mülkiyyət hüququna dair JN:372 nömrəli, KOD:50901004 olan şəhadətnaməyə əsasən torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqularının daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyatının aparılması barədə müraciət etsə də cavabdehin qanunsuz müdaxiləsi nəticəsində daşınmaz əmlakın dövlət reyestri orqanının əməkdaşları tərəfindən heç bir müayinə və ölçü işləri aparılması mümkün olmadı. Bununla bağlı tərəfindən həmçinin Goranboy rayon polis şöbəsinə müraciət etsə də Goranboy rayon polis şöbəsində araşdırma aparılaraq müvafiq məhkəməyə müraciət edilməsi ona bildirilmişdir. Hazırda cavabdehin maneəsi onun torpaq sahəsi üzərində də hüquqularının qeydiyyatının aparılmasından imtina edilməsi ilə bağlı hüquqularını həyata keçirə bilmədiyindən cavabdehin qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinində hazır ki, iddia ərizəsində irəli sürülməsini əsaslı hesab edir. Həmçinin qeyd etdiyi torpaq sahəsində tərəfindən də qeyri-yaşayış sahəsi inşa etdirilmişdir. Cavabdehin qanunsuz hərəkətlər ilə həmçinin qeyri-yaşayış sahəsi üzərində hüquqularının təmin edilməsini həyata keçirə bilmir. Qeyd olunan tikili üzərində onun gözlənilən mülkiyyət hüququ vardır ki, həmin hüququnda qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən icra edilməlidir ki, cavabdeh bu hüquqununda təmin edilməsinə maneə yaradır. Cavabdeh ona məxsus əmlakını boşaldmamasının səbəbi kimi həmin torpağın ona məxsus olduğunu göstərsə də onun iddiası heç bir əsasa söykənmir. Belə ki, cavabdehin hərəkətləri onun qanunlarla, o cümlədən Azərbaycan Respublikası Konstitussiyası ilə qorunan mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitussiyasının 29-cu maddəsinin tələbinə əsasən mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Bu baxımdan torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması və torpağından çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Goraboy rayonu Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli, 12 saylı qərarına əsasən ona Goranboy şəhəri, Heydər Əliyev küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün 0.0029 ha torpaq sahəsi satılmış və mülkiyyət hüququna dair JN:372 nömrəli, KOD:50901004 olan şəhadətnaməyə əsasən torpaq sahəsi ayrılmışdır. Həmçinin qeyd etdiyi torpaq sahəsində tərəfindən də qeyri-yaşayış sahəsi inşa etdirilmişdir. Cavabdehin qanunsuz hərəkətlər ilə qeyri-yaşayış sahəsi üzərində hüquqularının təmin edilməsini həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri, Heydər Əliyev küçəsində 0.0029 ha torpaq sahəsində iki ədəd qeyri-yaşayış binası yerləşir. Həmin tikililərdən yol hissədə olan tərəfindən 2018-ci ildə inşa olunub, arxa hissədəki isə 2020-ci ildə inşa edilib. Həmin tikililərın yerləşdiyi torpaq sahəsinə dair heç bir mülkiyyət sənədi yoxdur, altındakı torpaq sahəsi dövlətə məxsusdur. Həmin tikililərdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin ünvana vergi uçotuna düşərək sahibkar kimi həmin obyektdən istifadə edir, kassa qeydiyyatı da həmin ünvanadır. Hazırda həmin qeyri-yaşayış sahələrinə çıxarış alınması, istismara qəbul edilməsi üçün müvafiq dövlət qurumlarında proses gedir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: JN-0372, KOD 50901004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2005-ci il tarixli, 12 saylı qərarına əsasən 0.0029 hektar torpaq sahəsi Goranboy rayon Rəhimli kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir; Goranboy Rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-75/2-M- 178xx/xx/2024 nömrəli məktubundan görünür ki, İddiaçı məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir; Azərbaycan Respublikası Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 401 nömrəli, 29 avqust 2006-cı il tarixli qeyri-yaşayış binasının texniki pasportu İddiaçı adına tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.0029 ha torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı JN-0372, KOD 50901004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin üzərində İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış binası inşa edilmişdir. Hazırda mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış binası Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı cavabdehin ona məxsus 0.0029 ha torpaq sahəsindən və tikilidən çıxmasını tələb etsə də, cavabdeh həmin torpaq sahəsini könüllü şəkildə tərk etməkdən imtina etmişdir. Bununla da, İddiaçı həmin 0.0029 ha torpaq sahəsinə mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X1 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz; “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; İşin faktiki hallarına və yuxarıda göstərilən qanun normalarına istinad edən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0029 ha torpaq sahəsinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə İddiaçı 0.0029 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdlaxilə etməklə, onun mülkiyyət hüquqlarını pozur. Ona görə də, Cavabdeh qanunsuz istifadə etdiyi İddiaçı mülkiyyətində olan Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0029 ha torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılmaqla iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməlidir. Mülki Məcəllənin: 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir; 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir; 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir; 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər; 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, JN-0372, KOD 50901004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına və Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 401 nömrəli, 29 avqust 2006-cı il tarixli qeyri-yaşayış binasının texniki pasportuna əsasən İddiaçı mülkiyyətində olan Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0029 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyri-yaşayış binasından Cavabdeh çıxarılmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-0372, KOD 50901004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına və Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 401 nömrəli, 29 avqust 2006-cı il tarixli qeyri-yaşayış binasının texniki pasportuna əsasən İddiaçı mülkiyyətində olan Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0029 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyri-yaşayış binasından Cavabdeh çıxarılsınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar