Məhkəmə qərarları › İş №2(045)-18/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-18/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-18/2025 08.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X4 hüquqi varisi X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin naturadan ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən paylı mülkiyyət kimi qeydə alınmış həyətyanı torpaq sahəsinin ½ hisssəsinin ona və ½ hissəsinin cavabdehə naturadan bölünərək ayrılıb verilməsi, ayrılmış torpaq sahəsinin arasında onun vəsaiti hesabına hasar çəkilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X9 qardaşıdır. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilmiş əmlakın daşınmaz reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 may 2023-cü il olan Çıxarışdan görünür ki, Goranboy şəhəri, X11 küçəsi 1 saylı ünvanda yerləşən 0.12 ha həyətynı torpaq sahəsi paylı mülkiyyət kimi onun və cavabdehin adına qeydiyyata alınmışdır. Təqdim etdiyi Çıxarışdan görünür ki, həmin torpaq sahəsinin ½ hissəsi onun, ½ hissəsi isə cavabdehin mülkiyyətinə verilmişdir. Bugün o istəyir ki, cavabdehlə paylı mülkiyyətində olan həmin torpaq sahəsindən ona düşən pay naturadan ayrılsın ki, torpaqdan özü istifadə etsin, çünki torpaq sahəsi paylı mülkiyyətində olduğundan cavabdeh onu öz torpaq payından istədiyi kimi istifadə etməyə imkan vermir. Deyir ki, torpaq sahəsinin hamsı onundur. Cavabdeh torpaq sahəsinin ½ hissəsinin onun mülkiyyətində olmasını qəbul etmir, ona problem yaradır. Cavabdeh paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsindən onun istifadə etməyinə könüllü razı olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbi ondan ibarətdir ki, paylı mülkiyyətdə olan 0.12 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi naturada bölünərək ayrılsın, onun istifadəsinə və mülkiyyətinə verilsin. Ancaq bundan sonra o, öz torpağından istifadə edə bilər. Cavabdeh isə buna könüllü razı deyildir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən mütəxəssis rəyinə əlavə olunmuş ikinci bölgü sxemə uyğun, yəni təkcə iddiaçının bələdiyyə torpağı ilə həmsərhədliyi gözlənilməklə payın naturada bölünməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 hüquqi varisi X10 iddia tələbini qismən qəbul edərək bildirdi ki, Goranboy şəhəri, X11 küçəsi 1 nömrəli ünvanda yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə olunmuş birinci bölgü sxemə uyğun, yəni hər iki tərəfin bələdiyyə torpağı ilə həmsərhədliyi gözlənilməklə bölünməsini istəyir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X1 bildirdi ki, Goranboy şəhəri, X11 küçəsi 1 nömrəli ünvanda yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində tərəflərin payının naturada tikinti altında olan torpaq sahəsi birgə mülkiyyətlərində saxlamaqla küçə və meydana çıxışı nəzərə alaraq bölünməsi rəyə əlavə olunmuş həm birinci, həm də ikinci bölgü sxemə uyğun olaraq mümkündür. Verilən suala cavab olaraq bildirdi ki, hansı bölgünün daha ağlabatan və ədalətli olmasını müəyyən etmək məsələsi məhkəmənin səlahiyyətinə aid olduğu üçün bu barədə heç nə deyə bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı (½ hissədə) və X4 (½ hissədə) xüsusi mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/8928 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Goranboy şəhər X11 küçəsi 1 nömrəli ünvanda yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində ½ hissədə İddiaçı payının naturada tikinti altında olan torpaq sahəsi birgə mülkiyyətlərində saxlamaqla küçə və meydana çıxışı nəzərə alaraq bölünməsi mümkündür və bölgü sxemi rəyə əlavə edilmiş, Goranboy şəhər X11 küçəsi 1 nömrəli ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin bazar qiyməti 18000 (on səkkiz min) manat olduğu müəyyən edilmişdir. Bazar dəyərinə təsir edən parametrlər və bazar trendi nəzərə alınaraq müvafiq qiymətləndirmə metodu əsasında daşınmaz əmlakın qiymətləndirilməsi həyata keçirildiyi müəyyən edilmişdir. Qiymətləndirmənin aparılması zamanı daşınmaz əmlakın dövlət kadastrı və reyestri məlumatlarından, rəsmi dövriyyədən keçmiş və alğı-satqı predmeti olmuş daşınmaz əmlakların bazar (əqd) məlumatlarından, həmçinin digər mənbələrdən əldə edilmiş daşınmaz əmlak bazarını xarakterizə edən operativ məlumatlardan istifadə edilmişdir. Aparılmış ekspert tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 443033 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə “kardiogen şok, miokardın kəskin infarktı” səbəbindən ölmüşdür; “Elektron notariat” avtomatlaşdırılmış X2 görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 qanuni üzrə vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətindədir. Hazırda iddiaçı paylı mülkiyyətində olan həmin torpaq sahəsini payına uyğun naturada bölünməsini tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticəsinə dair tərtib edilmiş ekspert rəyində mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsində ½ hissədə İddiaçı payının naturada tikinti altında olan torpaq sahəsi birgə mülkiyyətlərində saxlamaqla küçə və meydana çıxışı nəzərə alaraq bölünməsi göstərilmiş və verilmiş rəyə uyğun bölgü sxemi çəkilərək, rəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin( bundan sonra - Mülki Məcəllə): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.2 və 215.2-ci maddələrinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir; 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçının tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd olunan qanunvericilik normalarının təhlili əsasında belə qənaətə gəlmək olar ki, müvafiq işlərə baxılarkən ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi məsələsi, ilk növbədə, araşdırılmalı və belə bölgü mümkün olduğu halda mülkiyyətçinin hüquqlarının qorunması və təmin edilməsi baxımından əmlak qanunun tələblərinə uyğun olaraq müəyyən edilmiş nisbətlərdə paylara bölünməlidir. Hazırkı iş üzrə tərəflər bərabər paylı mülkiyyət hüququna xitam verilməsi növünə dair razılığa gəlmədiklərindən, tərəflərin pay nisbətləri hüquq müəyyənedici sənəd əsasında müəyyən edildiyindən və əmlakın texniki cəhətdən bölgüsü mümkün olduğundan, həmçinin bu, qanuna və işin hallarına uyğun olduğundan torpaq sahəsi məhkəmənin qərarı ilə fiziki bölünməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ədalətlilik və ağlabatanlıq prinsipi baxımdan naturada bölgü iş materiallarında olan mütəxəssis rəyinə əlavə edilmiş birinci bölgü sxemə uyğun, yəni hər iki tərəfin bələdiyyə torpağı ilə həmsərhədliyi gözlənilməklə aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflərin bərabər paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏKR PHŞ 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-4809/24 saylı mütəxəssis rəyinə əlavə olunmuş birinci bölgü sxemə uyğun, yəni hər iki tərəfin bələdiyyə torpağı ilə həmsərhədliyi gözlənilməklə və Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı və cavabdeh X7 ½ hissədə naturada bölünərək verilməli, eyni zamanda iddiaçıya verilmiş torpaq sahəsi ilə cavabdehə verilmiş torpaq sahəsi arasında hasarın iddiaçının vəsaiti hesabına çəkilməsinə maneçilik törədilməsi cavabdehə qadağan edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan – 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh X4 hüquqi varisi X3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X8: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) tutulmalıdır. Qeyd olanlara əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin bərabər paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏKR PHŞ 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-4809/24 saylı mütəxəssis rəyinə əlavə olunmuş birinci bölgü sxemə uyğun, yəni hər iki tərəfin bələdiyyə torpağı ilə həmsərhədliyi gözlənilməklə və Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı və cavabdeh X7 ½ hissədə naturada bölünərək verilsin, eyni zamanda iddiaçıya verilmiş torpaq sahəsi ilə cavabdehə verilmiş torpaq sahəsi arasında hasarın iddiaçının vəsaiti hesabına çəkilməsinə maneçilik törədilməsi cavabdehə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan – 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh X4 hüquqi varisi X3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X8: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar