Məhkəmə qərarları › İş №2(045)-2007/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2007/2024

26.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2007/2024 26.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktor əvəzi Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktor əvəzi Cavabdeh qarşı "işə bərpa" tələbinə dair iddiası üzrə mülki işə Goranboy şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktor əvəzi Cavabdeh qarşı "işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktorunun onun barəsində qəbul etdiyi əmrin etibarsız hesab edilməsi və onun Goranboy rayonu Səfikürd tam orta məktəbinə əvvəlki laborant vəzifəsinə işə bərpa olunması, əmək müqaviləsinə xitam verildiyi gündən vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə çatası əmək haqqının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı xx.xx.2002-ci ildən Goranboy rayonu, Balakürd kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. xx.xx.2004-cü ildən Goranboy rayonu Səfikürd tam orta məktəbində müəllim, xx.xx.2017-ci ildən həmin məktəbdə laborant vəzifəsində işləmişdir. xx.xx.2024-cü ildə 71 saylı əmrlə ona qabaqcadan heç bir xəbərdarlıq edilmədən məktəbin direktoru Cavabdeh tərəfindən qərəzli olaraq məktəbdə sinif komplektlərinin azalması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı o Əmək Müfəttişliyinə müraciət etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən də onun işdən çıxarılması zamanı qanunsuzluqlara yoil verildiyi qeyd edilmişdir. Bu səbəbdən də Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktoru vəzifəsini icra edən Cavabdeh 08 oktyabr 2024-cü il tarixli 71 əmrinin ləğv edilməsini, onun Goranboy rayonu Səfikürd tam orta məktəbinə əvvəlki laborant vəzifəsinə işə bərpa olunması, əmək müqaviləsinə xitam verildiyi gündən vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə çatası əmək haqqının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktoru vəzifəsini icra edən Cavabdeh izahatında bildirdi ki, məktəbdə sinif komplektlərinin azalması ilə əlaqədar 08 oktyabr 2024-cü il tarixli 71 əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 08 oktyabr 2024-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktəbdə olan digər işçinin şəhid ailəsi üzvü olması və işçdə saxlanmaqda ünstünlük hüquqnunun olması nəzərə alınaraq məktəbin laborantı - İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O əmək müqaviləsinə xitam verərkən həmkarlar ittifaqı komitəsinin razılığını almamışdır. Məhkəmə tərəflərin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Quliyeva X1 rayonu Səfikürd tam orta məktəbində laborant vəzifəsində çalışmış, Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktoru vəzifəsini icra edən Cavabdeh 08 oktyabr 2024-cü il tarixli 71 əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 08 oktyabr 2024-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə məktəbdə sinif komplektlərinin azalması ilə əlaqədar xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Elə ki, iş materiallarında olan məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktoru vəzifəsini icra edən Cavabdeh 08 oktyabr 2024-cü il tarixli 71 əmrindən çıxarışdan görünür ki, məktəbin laborantı - İddiaçı sinif komplektlərinin azalması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 08 oktyabr 2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin 04 dekabr 2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə riayət edilməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələbləri pozularaq məktəbin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən tərəfindən rəsmi xəbərdar edilmədən həmin maddənin 4-cü hissəsinin tələbi pozularaq xəbərdarlıq müddəti əvəzinə müavinətin ödənilməsi üçün işçinin razılığı alınmadan və işçiyə müavinət hesablanmadan xx.xx.2024-cü ildə 71 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aşkar olunmuş pozuntularaq görə məktəbin direktoru Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nəmrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar verilmişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Goranboy 1 saylı mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi qanunvercilik Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsini imperativ norma kimi nəzərdə tutumuşdur. Lakin Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktoru vəzifəsini icra edən Cavabdeh tərəfindən işçi qabaqcadan xəbərdar edilmədən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan 08 oktyabr 2024-cü il tarixli 71 əmrlə məktəbin laborantı - İddiaçı sinif komplektlərinin azalması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 08 oktyabr 2024-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktoru vəzifəsini icra edən Cavabdeh 08 oktyabr 2024-cü il tarixli 71 nömrəli əmri ləğv olunmaqla, İddiaçı məktəbin laborantı vəzifəsinə işə bərpa olunmalı və 08 oktyabr 2024-cü il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumundan azad edilmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən cavabdeh büdcə təşkilatı olmaqla dövlət rüsumundan azad edilmişlər siyahısında olduğundan dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissədə bu hal nəzərə alınmalıdır. Həmçinin İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddia ərizəsində tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy rayonu Səfikürd tam orta məktəbinin direktoru vəzifəsini icra edən Cavabdeh 08 oktyabr 2024-cü il tarixli 71 nömrəli əmri ləğv olunmaqla, İddiaçı məktəbin laborantı vəzifəsinə işə bərpa olunsun və 08 oktyabr 2024-cü il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar