Məhkəmə qərarları › İş №2(045)-2138/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2138/2023

01.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2138/2023 01.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə qarşı “işə bərpa və əmrin etibarsız hesab edilməsinə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin drektorunun onun barəsində qəbul etdiyi 18 sentyabr 2023-cii il tarixli, 95 saylı əmrin etibarsız hesab edilməsi və onun Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə, əvvəlki işinə bərpa olunmağı və bununla əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyi gündən həmin vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə görə çatası əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 1 dekabr 1962-ci ildə Azərbaycan Respublikasında doğulmuş, hal-hazırda Goranboy rayonu Əlirzalı kəndində yaşayır. Səməd Ağamalıoğu adına X5 bitirib. Bu barədə olan diplomun surətini məhkəməyə təqdim edir. Müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2002-ci il tarixdən Mirələm Həsənov adına Goranboy rayonu, Əlirzalı kənd tam orta məktəbində kargüzar vəzifəsində işləyir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, vaxtında işinə getmiş və iş saatlarında üzərinə düşən vəzifəsini yerinə yetirmişdir. 31 iyul 2023-cü ildə məzuniyyəti bitdiyi üçün işə qayıtmışdır. 1 sentyabr 2023-cü il tarixdə səhər saatlarında işdə olarkən məktəbin direktoru Cavabdeh ona yaxınlaşaraq bildirib ki, “sənlə işləmək istəmirəm, sən işinin öhdəsindən gəlmirsən”. Ona görə də tələb edib ki, ərizəni yazsın və işdən azad olunsun. O etiraz etmiş və həmin gündən hər gün işə gələrkən ona deyib ki, “niyə gəlirsən işə, demədimmi ki, sənlə işləmək istəmirəm ərizəni yazasan”. 08 sentyabr 2023-cü il tarixdə də yenə həmin sözləri ona demiş və sonra isə təsərrüfat müdürü X2 evinə göndərərək onun vasitəsi ilə ona işə gəlməməyini, onunla işləmək istəmədiyini bir daha bidirmişdir. Bundan sonra barəsində xx.xx.2023-cü il tarixli 95 saylı aşağıdakı məzmunda əmr verilmişdir. “X3 - məktəbin katibəsi onunla bağlanan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilsin” əsas: AR Əmək Məcəlləsinin 70 (c) maddəsi. Məktəbin drektoru: imza var. möhür var. Cavabdeh”. O, həmin əmri qanunsuz və ədalətsiz hesab etdiyindən Goranboy Rayon Məhkəməsinə işə bərpa olunmasına dair iddia ərizəsi ilə müraciət edir. Cavabdehin verdiyi əmrdə onun AR Əmək Məcəlləsinin 70 (c) bəndi ilə azad olunması göstərilmişdir. Lakin əmək funksiyasını yerinə yetirmədiyinin nədən ibarət olduğu əsaslandırılmamışdır. Cavabdeh könüllü olaraq əmri ləğv etmir, onu əvvəlki işinə bərpa etmir, məcburi iş buraxmaya görə əmək haqqını ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, o, peşəkarlıq səviyyəsinin və tutduğu vəzifəyə uyğun olub-olmamasının yoxlanılması məqsədi ilə attestasiyadan keçirilməyib. Hazırda öz vəzifəsinin öhdəsindən gəlir və kompyuterdə yazı yazmağı bacarsa da, direktor ona heç vaxt kargüzarlığa dair iş həvalə etməyibdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin nümayəndəsi Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, iddiaçının peşəkarlıq səviyyəsinin və tutduğu vəzifəyə uyğun olub-olmamasının yoxlanılması məqsədi ilə attestasiyadan keçirilməyib və bu məqsədlə hər hansı komissiya da yaradılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş Pedaqoji şuranın iclasında İddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə xitam verilməsinin məqsədəuyğunluğuna dair qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayonu M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbin xx.xx.2002-ci il tarixli 16 saylı əmrinin çıxarışından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən məktəbin xadiməliyindən azad edilərək məktəbə katibə təyin edilmişdir; Səməd Ağamalıoğu adına X6 tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, PB seriyalı 036081 nömrəli diplomun surətindən görünür ki, İddiaçı “zoomühəndis” ixtisası verilmişdir; xx.xx.2002-ci il tarixli, ******* nömrəli, notarial qaydada təsdiq olunmuş əmək kitabçasının sonuncu qeydindən görünür ki, İddiaçı - məktəbin katibəsi onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş, əsas Az.Res. Əmək Məcəlləsinin 70 (c) bəndi; Goranboy rayonu, Əlirzalı kənd tam orta məktəbi tərəfindən verilmiş aktlardan görünür ki, məktəbin katibəsi X4 müxtəlif vaxtlarda üzürsüz səbəbdən işdə olmamışdır; Goranboy-Naftalan Təhsil Sektoru M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbin xx.xx.2023-cü il tarixli pedoqoji şura iclasının çıxarışından görünür ki, məktəbin kargüzarı İddiaçı Hüseyin qızı ilə bağlanmış olan Əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir; Goranboy-Naftalan Təhsil Sektoru M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbin 82 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186 (b) bəndində əsasən sonuncu xəbərdarlıq şiddətli töhmət elan edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə 95 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Goranboy şəhəri üzrə Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbində katibə vəzifəsində işləyən X4 ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 “c” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir; Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Goranboy rayonu M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbi arasında xx.xx.2002-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış və sözügedən məktəbdə katibə vəzifəsi həvalə edilmişdir. Goranboy rayonu M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 95 nömrəli əmri ilə İddiaçı – məktəbin kargüzarı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi əsasında xitam edilməsinin əsası kimi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi çıxış edir. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə istinad edilsə də, məhkəmədə tədqiq edilmiş iş materialları və tərəflərin izahatı əsasında müəyyən olunur ki, işçinin ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə qanunvericinin tələbinə əsasən attestasiya keçirilməmiş və bu barədə səlahiyyətli orqan (attestasiya komissiyası) tərəfindən müvafiq qərar qəbul edilməmişdir (cavabdeh tərəfindən buna dair sübut təqdim edilməmişdir). İşəgötürən yalnız əmək müqaviləsinə xitam verərkən iddiaçı barəsində məktəb kollektivi tərəfindən qəbul edilmiş müvafiq aktlara və məktəbin pedaqoji şurasının xx.xx.2023-cü il tarixli iclasının qərarına əsaslanmaqla kifayətlənmişdir. Qeyd edilən hal isə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinin tələbinin pozuntusu hesab edilir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyildir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Sözügedən Məcəllə əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, işçi qismində çıxış edən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericinin tələbləri pozulduğuna görə, yəni iddiaçı barəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi halı öz təsdiqini tapmadığından iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Bu səbəbdən Goranboy rayonu M.Həsənov adına Əlirzalı kənd tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 95 saylı əmri etibarsız hesab edilməli və İddiaçı əvvəlki işinə bərpa olunmalıdır. Belə olan halda iddiaçı əvvəlki işinə bərpa olunduğundan, məcburi iş buraxmaya görə iddiaçıya əvvəlki işinə bərpa olunacağı günədək əmək haqqı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Goranboy rayonu Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbinin 95 nömrəli, xx.xx.2023-cü il tarixli əmri etibarsız hesab edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə bərpa edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy rayonu Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbin 95 nömrəli, xx.xx.2023-cü il tarixli əmri etibarsız hesab edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar