Məhkəmə qərarları › İş №2(045)-235/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-235/2024

30.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-235/2024 30.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (iddiaçı tərəfində X8, X9, X15, X10, X5 və cavabdeh tərəfində X16, X17, X11 və X22 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Gürzallar kəndində yerləşən ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 10.83 ha torpaq sahəsinin 2.5 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2004-cü il tarixli, 11 saylı qərarı ilə Goranboy rayonu Gürzallar kənd sakinləri X19, X8, İddiaçı, X12, X15, X10, X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 10.83 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 15 noyabr 2004-cü il tarixli, JN : 0021, KOD 50900078 "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı tərtib edilmiş və onlara təqdim edilmişdir. Torpaq mülkiyyətçisi kimi o Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən öz adına 2.50 hektar torpaq sahəsinə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il Çıxarış almışdır. Cavabdehlə onların torpaq sahəsi yan-yana yerləşir. Cavabdeh onlara məxsus 2.50 ha torpaq sahəsinə daxil olmuş, özbaşına tutmuş, onların mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneə törətmişdir. Dəfələrlə cavabdehə onların torpaq sahəsindən çıxmasını bildirsək də bu nəticəsiz qalmışdır. Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu və həmin torpaq sahəsini boşaltmayacağını bildirir. Məhkəmə Goranboy rayonu Gürzallar kəndində yerləşən bu torpaq sahələrinin kontur, koordinat və parametrləri, ərazinin kompleks yerquruluşu layihəsi və Dövlət Aktlarında göstərilən torpaq sahəsinin plan və ölçüsü əsasında ekspertiza təyin edərsə qeyd etdikləri öz təsdiqini tapar. Mülkiyyətçilərdən X19 xx.xx.2013-cü il tarixdə ölmüşdür (Ölüm haqqında şəhadətnamə AZ-İ seriyalı, 592763 №-li). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyək izahatında göstərdi ki, Goranboy rayonu Gürzallar kəndində yerləşən ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.87 ha torpaq sahəsi vardır. O, 25 ilə yaxındır ki, həmin torpaq sahəsindən istifadə edir. Hesab edir ki, mübahisəli torpaq sahəsi onundur və o, qanuni əsaslarla özünə məxsus torpaq sahəsindən istifadə edir. Ekspertiza onun iştirakı olmadan keçirildiyi üçün verilmiş rəy ilə razı olmadığını bildirərək, məhkəmədən təkrar ekspertizanın keçirilməsini və ya iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslər X8, X9, X15, X10, X5, X17, X16, X11 və X18 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs (cavabdeh tərəfində) X16 izahatında göstərmişdir ki, Cavabdeh onun əridir. Goranboy rayon Aqrar İslahat Komissiyası tərəfindən Goranboy rayonu Gürzallar kəndində yerləşən ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.87 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi uzun illərdir oların istifadəsindədir. Hazırkı iddia tələbi əassasızdır və rədd edilməsini istəyir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: JN-0021, KOD 50900078 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2004-cü il tarixli, 11 saylı qərarına əsasən 10,83 hektar torpaq sahəsi Goranboy rayon Gürzallar kənd sakinləri X19, X8, İddiaçı, X9, X15, X10 və X2 mülkiyyətinə verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Gürzallar kəndində yerləşən 2,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı (ümumi birgə) xüsusi mülkiyyətinə verilmişdir; Goranboy rayon Gürzallar kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 592763 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.2013-cü il tarixdə “kardiogen şok, miokardın kəskin infarktı” səbəbindən ölmüşdür; Goranboy rayon Məhkəməsinin 2(045)-329/2010 nömrəli, 26 oktyabr 2010-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; JN-0022, KOD 50900078 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2004-cü il tarixli, 11 saylı qərarına əsasən 7,87 hektar torpaq sahəsi Goranboy rayon Gürzallar kənd sakinləri Cavabdeh, X16, X17, X11 və X13 mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/5173 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, torpağa mülkiyyət hüququna dair” JN-0022 saylı dövlət aktı ilə Cavabdeh 3.35 ha mülkiyyətinə verilsə də, hal-hazırda 6.95 ha torpaq sahəsindən istifadə etdiyi, X7 X14 əsasən isə Cavabdeh 2.97 ha torpaq sahəsi ayrıldığı və Cavabdeh hazırda istifadəsində olan Goranboy rayonu Gürzallar kəndində yerləşən torpaq sahəsinin kontur, koordinat və parametrləri “Torpağa mülkiyyət hüququna dair” JN-0021 dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və bütünlüklə Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2004-cü il tarixli, 11 saylı qərarına əsasən 10,83 hektar torpaq sahəsi Goranboy rayon Gürzallar kənd sakinləri X19, X8, İddiaçı, X9, X15, X10 və X2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına 2.50 hektar torpaq sahəsinə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il çıxarış verilmişdir. Eyni zamanda Goranboy rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2004-cü il tarixli, 11 saylı qərarına əsasən 7,87 hektar torpaq sahəsi Goranboy rayon Gürzallar kənd sakinləri Cavabdeh, X16, X17, X11 və X13 mülkiyyətinə verilmişdir. Lakin hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailəsinə məxsus 10.38 ha torpaq sahəsinin 2.5 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən çıxarılma tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və buna dair dövlət aktı ilə birlikdə çıxarış verilmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinin 2.5 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də, cavabdehin sahibliyi qanunsuzdur və iddiaçı cavabdehə qarşı tələbində haqlıdır. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyildir. Cavabdeh qeyd olunan ərazidən istifadə edir, yəni həmin torpaq sahəsi üzərində əkin-biçin işləri aparır və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçın mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə, iddia təmin edilməli, cavabdeh X20 JN-0021, KOD 50900078 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, İddiaçı və ailə üzvləri X19, X8, X9, X15, X10 və X2 mülkiyyətinə verilmiş Goranboy rayonu Gürzallar kəndində yerləşən 10.83 ha torpaq sahəsinin onun tərəfindən zəbt edilmiş 2,5 ha hissəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçıya geri qaytarılmalı, həmçinin ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait cavabdeh X6 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X20 JN-0021, KOD 50900078 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən İddiaçı və ailə üzvləri X19, X8, X9, X15, X10 və X2 mülkiyyətinə verilmiş Goranboy rayonu Gürzallar kəndində yerləşən 10.83 ha torpaq sahəsinin onun tərəfindən zəbt edilmiş 2,5 ha hissəsindən çıxarılsın və torpaq sahəsi iddiaçıya geri qaytarılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat vəsait cavabdeh X6 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar