Məhkəmə qərarları › İş №2(045)-24/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-24/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-24/2023 23.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “otaqların müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy rayon, Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində olan 2 otaqlı, 1 aynabəndli evin girişində sağ tərəf otağın cavabdehə verilməklə digər qapının açılması və onun sol tərəfdəki olan otağı tərəfdən qapının bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun rəhmətə getmiş əri Rəfi Bədəlovun digər arvaddan olan oğludur. Goranboy Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli qətnaməsi ilə cavabdehin Goranboy rayon, Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində olan evə köçürülməsi qət edilmiş və evə köçürülmüşdür. Cavabdeh sonradan həmin evdə onun və qızının yaşamasına maneçilik törətdiyindən məhkəmədə iddia qaldırmış və Goranboy Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(045)-1038/2021 nömrəli qətnaməsinə əsasən onlar Goranboy rayon, Cinli Boluslu kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsində olan ünvana köçürülmüşlər. Lakin, birgə yaşayışları qeyri-mümkündür. Qeyd olunan ev 2 otaqdan, 1 aynabənddən ibarətdir. İlk öncə mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh razılaşmamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Goranboy rayon, Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində olan 2 otaqlı, 1 aynabəndli evin girişində sağ tərəf otağın və aynabəndin yarısının cavabdehə verilməklə digər qapının açılması (qapının açılması və aynabəndin bölünməsi xərclərini öz üzərinə götürməklə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, Goranboy rayonu, Cinli Boluslu kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsi onun, əri X7 və qızı İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evinin hüquq müəyyənedici sənədi yoxdur. Ev əri tərəfindən tikilmiş, cavabdehin evin tikilməsində heç bir rolu olmamışdır. Evin giriş qapısı aynabəndə açılır. O, qızı və qızının uşaqları ilə birlikdə sol tərəfdə yerləşən otaqda, cavabdeh isə ailə üzvləri ilə birlikdə sağ tərəfdə yerləşən otaqda yaşayır. Hazırda evdən istifadə edilməsində cavabdeh ona maneçilik törədir. O, cavabdehi görmək istəmir. Cavabdeh səs-küy salır, axşam evə gec gəlir, döşəmə üzərində bərk yeriyir. Cavabdehin ayaq səsləri və digər hərəkətləri ona təsir edir. Evdə rahat yaşamaq üçün aynabəndin bölünərək yarısının cavabdehə verilməsini, cavabdehin yaşadığı otağa həyətdən qapının açılmasını, yəni giriş-çıxışın ayrılmasını istəyir. İddia təmin edilərsə bütün xərcləri də özü çəkməyə hazırdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddia tələbini qəbul etmir. Mübahisəli fərdi yaşayış evinin hüquq müəyyənedici sənədi yoxdur. Ev atası tərəfindən tikilmiş, iddiaçının evin tikilməsində heç bir rolu olmamışdır. O, ailə üzvləri ilə birlikdə sağ tərəfdə yerləşən otaqda yaşayır. Hazırda evdən istifadə edilməsində iddiaçıya heç bir maneçilik törətmir. İddia təmin ediləcəyi halda çəkiləcək xərcləri ödəməyə onun imkanı yoxdur. Xərclər iddiaçı tərəfindən çəkiləcəyi halda belə iddianın təmin edilməsinə razı deyil. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qasım İsmayılov rayonu Cinli Boluslu kənd soveti tərəfindən verilmiş İV-ЖГ seriyalı, 478161 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X8 arasında nikah 08 mart 1989-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Bədəlova” soyadı verilmişdir; JN – 212 F, KOD 50910018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarı ilə 0.37 ha torpaq sahəsi X7, İddiaçı və X2 mülkiyyətinə verilmişdir; Goranboy Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(045)-414/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh Goranboy rayonunun Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir; Goranboy Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(045)-1038/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı və X1 (azyaşlı uşaqları X3 və X4 ilə birlikdə) Goranboy rayonu Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən evə köçürülmələri və İddiaçı və X1 (azyaşlı uşaqları X3 və X4 ilə birlikdə) həmin evdə yaşamalarına cavabdeh X9 tərəfindən edilən maneələrə son qoyulması, iddia tələbinin X5 evə köçürülməsinə dair hissədə rədd edilməsi qət edilmişdir; Goranboy rayon İcra Hakimiyyəti başçısının Memarlıq və Tikinti Şöbəsinin 27 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı yaşadığı ev standartlara uyğun olmadığı üçün mövcud vəziyyətdə evin hazırki giriş qapısına mane olmadan 2-ci giriş qapısının açılması mümkün deyildir; Fərdi yaşayış evinin fotoşəkillərindən görünür ki, fərdi yaşayış evinin giriş qapısı aynabəndə açılır, aynabəndin sağ tərəfində bir yaşayış otağı, sol tərəfində isə bir yaşayış otağı yerləşir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023cü il tarixli, 10/7871 nömrəli ekspert rəyindən görünür ki, Goranboy rayonu, Cinli Boluslu kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsində mövcud olan fərdi yaşayış evinin otaqlarının pəncərə boşluqlarının alt hissəsinin sökülərək giriş-çıxış qapısının açılması mümkün ola bilər. Eyni zamanda qeyd olunur ki, cavabdehin istifadəsində olan yaşayış otağının pəncərə boşluğunun alt hissəsinin sökülərək giriş-çıxış qapısının açılması mümkün ola bilər. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, Goranboy rayonu, Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı, 1 aynabəndli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh iddiaçının ölmüş əri X7 digər arvaddan olan oğludur. Tərəflər arasında bir-birinə qarşı evə köçürülmə barədə iddia tələbləri üzrə məhkəmə prosesləri olmuşdur. Goranboy Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(045)-414/2011 nömrəli qətnaməsi ilə Cavabdeh mübahisəli evə köçürülməsi qət edilmişdir. Həmçinin Goranboy Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(045)-1038/2021 nömrəli qətnaməsi ilə İddiaçı və X1 (azyaşlı uşaqları ilə birlikdə) evə köçürülmələri və onların həmin evdə yaşamalarına X9 tərəfindən edilən maneələrə son qoyulması qət edilmişdir. İddiaçı cavabdehə qarşı yenidən hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən olunması ilə bağlıdır və mübahisə aşağıdakı hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır; 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır; 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 8.0-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir; 8.0.3-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarındandır. 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür; 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir; 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 30 noyabr 2004-cü il tarixli Qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, “mülkiyyət” anlaşıyı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvercilikdə formal təsnifatından asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, fərdi yaşayış evi qanunsuz tikilidir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı tərəflərin sahibliyində olan həmin tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Mübahisəli ev fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması iddiaçıya hazırki tələblə çıxış etməyə mane deyildir. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Göründüyü kimi mülki qanunvericilik hüquqi fakt olaraq özbaşına tikilinin mövcudluğunu qəbul edir, lakin müəyyən istisnalarla ona mülkiyyət hüququnun, habelə sərəncam hüququnun yaranmadığını nəzərdə tutur. Bu tikililəri mülki qanunvericilikdə nəzərdə tutulmuş yaşayış sahəsi və ya mənzil qanunvericiliyinin mənasına görə mənzil kimi qiymətləndirmək mümkün olmasa da qanunvericilik artıq mövcud olan belə tikililər məhkəmə qərarı əsasında sökülməyənədək onlardan yaşayış yeri kimi istifadəni qadağan edən birbaşa normalar da müəyyən etmir. Bu baxımdan dövlətin və maraqlı şəxslərin etirazı olmadan belə tikililərdən uzun illər ərzində yaşayış yeri kimi istifadə edən şəxslər belə faktiki istifadədən irəli gələn bəzi hüquqlara malik olur və vəzifələr daşıyırlar. Sözsüz ki, bu hüquqlar mülki qanunvericilikdə müəyyən edilmiş yaşayış sahəsindən istifadə hüququ və mənzil qanunvericiliyində müəyyən edilmiş mənzildən istifadə etmək hüquqlarına bərabər tutula və istinad olunan qanunvericilik sahələrində müəyyən edilmiş təminatlar bu hüquqlara eyni qaydada şamil oluna bilməz. Lakin, özbaşına tikilidən yaşayış yeri kimi faktiki istifadə edən şəxslər mülkiyyət hüququnun əldə edilməsi, tikiliyə sərəncam vermək hüquqları istisna olmaqla mülki və mənzil qanunvericiliyinin ümumi prinsiplərindən irəli gələn və ya həmin qanunlarla tənzimlənən – şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasından müdafiə olunmaq, pozulmuş hüquqların bərpasını tələb etmək, qanunvericiliyə zidd olmayan müqavilə şərtləri əsasında öz davranışlarını (qarşılıqlı münasibətlərini), birgə yaşayış qaydalarını tənzimləmək, qonşuluq hüquqlarından irəli gələn və sair hüquqların təmin olunmasını və ya vəzifələrin icrasını tələb etmək imkanına malik olmalıdırlar. Bu baxımdan özbaşına tikilidə yaşayan şəxslərin oxşar tələblərinə yalnız tikilinin özbaşına olması əsası ilə baxılmaması və ya təmin olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuş mənzil, 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları, mülki və mənzil qanunvericiliyinin prinsip və məqsədləri baxımından yolverilməzdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da yaşadığı bu evdə həmin şərtlər daxilində yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddianın təmin edilməməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə ki, əvvəla qanuni qüvvəyə minmiş qətnamələrlə tərəflər həmin fərdi yaşayış evinə köçürülmüşlər. Digər tərəfdən tərəflərin məhkəmədə verdikləri izahatlardan görünür ki, mübahisəli fərdi yaşayış evi iddiaçı və cavabdeh tərəfindən deyil, iddiaçının əri və cavabdehin atası mərhum X10 tərəfindən inşa edilmiş və ev ona məxsus olmuşdur. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olsa da, fərdi yaşayış evi xüsusi mülkiyyətdə deyildir. Həmin fərdi yaşayış evi tərəflərin ümumi istifadəsindədir, lakin evdən istifadə qaydası müəyyən edilməmiş və ev üzərində hüquqlar dövlət qeydiyyatından keçməmişdir. Belə olan halda hər iki tərəf ev üzərində bərabər hüquqlara malikdir, bir tərəfin digər tərəfə nisbətdə evə üstünlük hüququ mövcud deyildir. Qeyd olunmalıdır ki, bu gün ölkədə faktiki mövcud olan özbaşına tikililərdə yaşayan şəxslərin həmin tikililərdən yaşayış yeri kimi istifadə etməsi məhz sadalanan hüquq və vəzifələr əsasında həyata keçirilir, məhkəmələrdə həmin tikililərdən çıxarma, onlara köçürmə, belə tikililərdə yaşayan şəxslərin hüquqlarının qorunması ilə bağlı çoxsaylı digər mübahisələrə baxılır. Baxılan iş üzrə mübahisəli tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı mübahisə olunmayan haldır. Məhkəmə qeyd edir ki, Goranboy Rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli, 2(045)- 414/2011 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh Goranboy rayonu, Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Göründüyü kimi tərəflər arasında evdən istifadə ilə bağlı mübahisə yarandığı üçün qanuni qüvvəyə minmiş qətnamə ilə cavabdeh həmin evə köçürülmüşdür və qətnamə icra olunaraq cavabdeh həmin vaxtdan indiyədək həmin evdə yaşamaqdadır. Bütün bunlar iddiaçının iddia tələbinin bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığını göstərir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hazırkı iş üzrə tərəflərin Goranboy rayonu, Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri, hazırda tərəflərin həmin evdə yaşaması kimi işin qeyd edilən faktiki halları iddia tələbinin əsaslı olduğunu göstərir. Bundan əlavə, məhkəmə iclaslarında iştirak edən proses iştirakçılarının izahatları ilə də həmin qətnamənin icra edilərək tərəflərin həmin evə köçürüldüyü, hazırda da orada yaşadığı, evin hələ də heç kimin mülkiyyətində olmadığı müəyyən edilmişdir. Başqa sözlə, indiki halda iddiaçının həmin ev üzərində olan istifadə hüququnun pozulması da müəyyən olunur. İddiaçı birgə yaşayışın qeyri-mümkün olduğuna istinad edərək fərdi yaşayış evinin girişində olan sağ tərəf otağın və aynabəndin yarısının cavabdehə verilməklə digər qapının açılmasını (qapının açılması və aynabəndin bölünməsi xərclərini öz üzərinə götürməklə) xahiş edir. Cavabdeh isə iddiaya etiraz edir. Nəzərə alınmalıdır ki, iddia tələbində iddiaçı cavabdehlə evin ayrı-ayrı otaqlarından istifadə olunması ilə bağlı qaydaların müəyyən olunmasını xahiş etmişdir. Bu tələb mübahisəli tikiliyə mülkiyyət və ya əmlak hüquqlarının tanınması ilə bağlı deyil, üçüncü şəxslər və dövlət orqanları qarşısında hüquq və vəzifələr yaratmır və bu baxımdan Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikililərlə bağlı müəyyən edilmiş qadağaları pozmur. Eyni zamanda iddiaçı öz tələbində cavabdehin üzərinə hər hansı əlavə özbaşına tikinti işlərinin aparılması vəzifəsinin də qoyulmasını tələb etmir. Beləliklə, iddiaçının iddia tələbi cavabdehlə birlikdə faktiki yaşadığı özbaşına tikilidə onların davranış qaydalarının müəyyən olunmasına yönəlmişdir. Mübahisəli tikiliyə iddiaçının da hüquqlarının olması işin halları və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduğu halda və həmin hüquqlara xitam verilmədiyi halda fərdi yaşayış evinə hüquq müəyyənedici sənədin olmaması həmin şəxsin müvafiq yaşayış sahəsinə dair hüquqlarını həyata keçirməyə mane olmur və iddiaçının subyektiv hüququ işin halları və yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamələrlə də müəyyən olunur. Məhkəmə qətnamələri ilə evə köçürülmüş şəxslərin birgə yaşayışı mümkün olmadığından iddiaçı bir evdə yaşamağın daha münasib variantının tapılması məqsədi ilə yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı yalnız aynabəndin iki hissəyə bölünməsini və cavabdehlə girişlərinin ayrılmasını tələb etmişdir ki, bu da mümkündür və hər hansı hüquq normasına zidd deyildir. Yalnız bu halda tərəflərin hüquqlarına əsaslı müdaxilə etmədən iddiaçının mənzildən istifadə hüququnun həyata keçirilməsinə şərait yaradıla bilər. Hazırkı iddianın mahiyyəti evdən istifadə qaydasının müəyyən edilməsi ilə bağlıdır. Qeyd edilən ev tərəflərin istifadəsində olsa da, onların mülkiyyətində deyil və həmin ev üzərində onların payları müəyyən edilməmişdir. Fərdi yaşayış evi 2 otaq, 1 aynabənddən ibarətdir. Aynabənd ümumi istifadədə olmaqla, sol tərəf otaq iddiaçının, sağ tərəf otaq isə cavabdehin istifadəsindədir. Tərəflərin istifadəsində olan fərdi yaşayış evi faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir. Yəni otaqların biri iddiaçının, digəri isə cavabdehin istifadəsindədir. Yalnız aynabənd ümumi istifadədə olmaqla hazırda evin otaqları faktiki olaraq təcrid şəkildə bölünməklə istifadə edilməkdədir. Tərəflərin mübahisəli fərdi yaşayış evindən mövcud qaydada istifadə etməsi həmin fərdi yaşayış evinin onlara düşən hissəsindən rahat şəkildə istifadə etmələrinə tam imkan verir. Məhkəmə baxışı zamanı mübahisə predmeti olan fərdi yaşayış evinin fotoşəkillərinə baxış keçirilərkən fərdi yaşayış evinin giriş qapısının aynabəndə açılması, aynabəndin sağ tərəfində bir yaşayış otağının, sol tərəfində isə bir yaşayış otağının yerləşməsi, iddiaçının qızı və uşaqları ilə birlikdə sol otaqdan, cavabdehin isə ailə üzvləri ilə birlikdə sağ otaqdan istifadə etməsi müəyyən edilmişdir. Yəni, iddiaçı cavabdehlə bərabər hüquq və vəzifələrə malikdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehin onun evdən istifadəsinə imkan verməməsi və onunla arasında digər problemlərin yaranmaması ilə əlaqədar evin girişində sağ tərəf otağın və aynabəndin yarısının cavabdehə verilməklə digər qapının açılaraq faktiki mənzilin bölünməsini xahiş etmişdir ki, həmin tələbin tam təmin edilməsi qanunvericiliyin tələblərinə zidd deyildir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə bağlı qeyd edir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 53-cü maddəsi). Göründüyü kimi iddianın əsasını seçmək iddiaçının müstəsna hüququdur. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Eyni zamanda iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Baxılan iş üzrə iddiaçı məhkəmə baxışının gedişində iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Goranboy rayonu, Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı, 1 aynabəndli fərdi yaşayış evi ilə bağlı tərəflərin istifadə qaydaları müəyyən edilməli, fərdi yaşayış evinin aynabəndi bərabər 2 hissəyə bölünməli, həmin fərdi yaşayış evində sağ tərəfdə olan otaq Cavabdeh istifadəsində saxlanılmalı və həmin otağın pəncərə boşluqlarından birinin alt hissəsi sökülərək giriş-çıxış qapısı açılmalı, aynabəndin bölünməsi və otağa giriş-çıxış qapısının açılması ilə bağlı xərclər İddiaçı həvalə edilməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy rayonu, Cinli Boluslu kəndində 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı, 1 aynabəndli fərdi yaşayış evi ilə bağlı tərəflərin istifadə qaydaları müəyyən edilsin. Fərdi yaşayış evinin aynabəndi bərabər 2 hissəyə bölünsün. Həmin fərdi yaşayış evində sağ tərəfdə olan otaq Cavabdeh istifadəsində saxlanılsın və həmin otağın pəncərə boşluqlarından birinin alt hissəsi sökülərək giriş-çıxış qapısı açılsın. Aynabəndin bölünməsi və otağa giriş-çıxış qapısının açılması ilə bağlı xərclər İddiaçı həvalə edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar