Məhkəmə qərarları › İş №2(045)-28/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-28/2024

23.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-28/2024 23.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkiм Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən və onun xüsusi mülkiyyətinə olan 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,02 ha hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim etdiyi JN:0034, KOD50900108 saylı Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli 39 saylı qərarı ilə onun şəxsi mülkiyyətinə verilmişdir. Təqdim etdiyi Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, onun mülkiyyətinə verilmiş 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,24 ha olmaqla iki müxtəlif yerlərdə verilmişdir. O, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş və edir. Lakin, bu günlərdə bilmişdir ki, mülkiyyətində olan və yolun sol tərəfində yerləşən 0.24 ha torpaq sahəsinin baş tərəfi cavabdeh tərəfindən zəbt edilmişdir. Bunu aydınlaşdırmaq üçün, 2022-ci ilin dekabr ayında 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək torpağının naturadan yerində ölçülüb ona verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadadstırı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubunun və tərtib olunmuş Aktın surətindən görünür ki, mülkiyyətində olan 0.24ha torpaq sahəsi elektron məlumat bazasında 0.02 ha əskikdir, yəni 0.22 ha-dır. Məhkəməyə təqdim etdiyi Dövlət Aktının təsdiqlənmiş surətindən də görünür ki, mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları arasındakı nöqtələr və məsafələrlə Dövlət Aktında tərtib edilmiş plan, cizgidə aydın göstərilmişdir. Lakin, buna baxmayaraq cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin böyük bir hissəsini zəbt edərək həmin hissədən onun sərbəst istifadə etməyinə icazə vermir, orada tikinti tikmişdir. O, dəfələrlə cavabdehdən xahiş etsə də ki, onlar burada qonşudur, onlara yaraşmaz torpaq üstə birbiri ilə mübahisə etmək, torpağını özünə qaytar. Lakin, cavabdeh onunla razılaşmır, deyir ki, bu torpaq sahəsi onundur, ona deyir ki, “get hara deyirsən de, nə bilirsən elə” Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olur. Təqdim etdiyi sənədlərdən görünür ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin, cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsindən isdifadə etməyinə imkan vermir. İndi tələbi ondan ibarətdir ki, onun mülkiyyətində olan, Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin 0.02 ha hisəssindən cavadeh çıxarılsın və torpaq sahəsi özünə qaytarılsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun istifadəsində olan torpaq sahəsi kənd bələdiyyəsi tərəfindən ona satılmış və hazırda onun qanuni istifadəsindədir, o, heç kimin torpağını zəbt etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: JN-0034, KOD 50900108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 39 saylı qərarına əsasən 0.48 hektar torpaq sahəsi Goranboy rayon Nadirkənd kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********95-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Nadirkənd kəndində yerləşən 00.3 ha sənayə, nəqliyyat, rabitə, müdafiıə və digər təyinatlı torpaq sahəsi Cavabdeh (tam) xüsusi mülkiyyətinə verilmişdir; Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 3-16-16/1-10/6764 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı tərəfindən istifadə etdiyi torpaq sahəsinin koordinatları təyin edilərək TEKUİS-lə müqaisələndirildi məlum oldu ki iddiaçı TEKUİS məlumat bazasında "Torpağa mülkiyyət hüququna dair" JN-0034 saylı aktı ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin koordinatlarına uyğun istifadə etmədiyi göstərilmişdir. Rəyə faktiki vəziyyəti əks etdirən sxem əlavə olunduğu göstərilmişdir, cavabdeh X3 ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarına uyğun naturadan istifadə etmədiyi göstərilmişdir. Sənəd üzrə mülkiyyətinə 0.03 ha nəzərdə tutulsada faktiki 0.0977 ha torpaq sahəsindən istifadə etdiyi göstərilmişdir. TEKUİS məlumat bazasına əsasən cavabdeh X2 hazırda istifadəsində olan sahəsi hər hansı hissədə JN-0034 KOD 50900108 "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiа təmin еdilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı Goranboy rayon Nadirkəndi kəndində yerlşən 0,48 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmədiyini, həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulduğunu, nəticədə torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradıldığını bildirmişdir. Buna görə də, cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 0.24 ha torpaq sahəsinin 0.02 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Аzərbаycаn Rеspublikаsı Torpaq Məcəlləsinin 84-cü mаddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tədqiq еdilmiş sübutlаrа əsаslаnаrаq və qаnunvеriciliyin yuхаrıdа göstərilən nоrmаlаrını rəhbər tutаrаq iddiа tələbi üzrə bеlə nəticəyə gəlir ki, Cavabdeh hazırda istifadəsində olan sahəsi hər hansı hissədə JN-0034, KOD 50900108 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Sözügedən hal Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/1- 10/6764 nömrəli, 29 avqust 2024-cü il tаriхli rəyləri ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır; 107-ci mаddəsinə əsаsən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115-ci mаddəsinə əsаsən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar