Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-28/2025 18.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və orada tikilmiş tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan zəbt edilmiş Dəliməmmədli şəhərində yerləşən 0,05 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması və orada tikilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsini anası 2008-ci ildə alğı-satqı ilə almışdır. Bildirir ki, 2023-cü ilin sentyabr ayında bu torpaq sahəsinin anası ona bağışlamışdır. Bu yaxınlarda o, Goranboy rayonunda olan 7 saylı Bərdə Ərazi idarəsinin nümayəndəsinin yanına getmiş, ona bildirilb ki, cavabdeh ona məxsus torpağın 0,05 hissəsini zəbt edib. Orada özünə ev tikmişdir. Ona görə də, məhkəmə qaydası ilə cavabdeh ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılmalı və orada olan tikinti cavabdehin hesabına sökülməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Nümayəndəsi və vəkili X1 ərizə ilə məhkəməyə müraciət edib, iddiaçı və özünün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini əsas gətirərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmədiyini və ekspertizanın rəyi ilə razı olduğunu bildirdi. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 cavabdehin izahatına uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Torpağın alğı-satısına dair xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh JN: 1322A kod 50902004 saylı, xx.xx.2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və Bərdə rayon ərazi idarəsindən verilmiş xx.xx.2008-ci il tarixli 6793 №-li arayışa əsasən ona məxsus olan Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsini X4 2000 (iki min) manat qarşılığında satmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam olaraq İddiaçı xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2025-ci il tarixli, 10/9744 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh hazırda istifadəsində olan tikili xx.xx.2023-cü il tarixli, ********** npmrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda”da göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı qeyd etdiyi ona məxsus torpaq sahəsinin 0,05 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilərək orada tikilisinin yerləşdiyini iddia edir. Cavabdeh isə iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarət olmalıdır ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və buna dair dövlət aktı və dövlət aktının əsasında çıxarış verilmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinin 0,05 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz sahiblik və istifadə etməsi, orada ona məxsus tikilinin yerləşməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu hal həmçinin, verilmiş məhkəmə mühəndis-texniki ekspertizanın rəyi ilə də müəyyən və təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə ekspert rəyinin qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən, ekspert rəyini təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq və toplanmış digər sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində hər hansı qanunsuz sahibliyi və istifadəsi müəyyən olunmadığı üçün iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia rədd edilməli, ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı aid edilməli və həmin vəsait ondan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı aid edilsin və həmin vəsait ondan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-28/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-28/2025
18.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver